adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Suriyada növbəti təxribat hazırlanır

RÜSTƏM HACIYEV
29732 | 2018-08-29 16:05
Dünya KİV-ləri hazırda Rusiya Müdafiə Nazirliyinin Suriyanın İdlib əyalətində hazırlanan kimyəvi hücum təxribatı ilə bağlı bəyanatını müzakirə etməkdədi. 

General Aleksey Tşiqanov bildirib ki, əldə etdikləri məlumatlara əsasən Sarakip şəhərində hazırlanan təxribat planının həyata keçirilməsi ilə əlaqədar zəhərli maddələrlə dolu iki yük maşını Afs yaşayış məntəqəsindən bu istiqamətə göndərilib. Bununla bağlı Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Caafari silahlılar tərəfindən kimyəvi təxribatlar hazırlanması ilə bağlı əldə etdikləri sənədləri Təhlükəsizlik Şurasının iclasına təqdim edib. ABŞ Qərargah rəislərinin Birləşmiş Komitəsinin rəisi general Cozef Danford isə bəyan edib ki, Vaşinqton Suriyanın kimyəvi silah tətbiqinə cavab verəcək. İndi müzakirə olunan məsələ kimyəvi silahdan istifadə etməkdə hansı dövlət daha çox maraqlıdır? Ssenarilər o qədər primitivləşib ki, artıq hegemon dövlətlər onun tətbiqinin nəticələrinin fərqinə varmırlar. Əsas məsələ istətiklərinin həyata keçməsidi. Bu ssenarilər uzun illər öncə Vyetnamda da, Əfqanıstanda da, İraqda da, Livandada belə olub. Bu gün Suriyada da belə davam etməkdədi.



Rusiya KİV-ləri dövlət rəsmilərinə istinadən bu təxribatın ABŞ tərəfindən ssenariləşdirildiyini iddia edir. Hətta bununla bağlı guya əldə etdikləri məlumatlara görə, kimyəvi silahdan zəhərlənmələrin görüntülərinin yayılması üçün «teatr tamaşasında» iştirak edəcək adamlar da artıq bu məntəqəyə göndərilib. ABŞ isə öz növbəsində kimyəvi silah təxribatının Rusiya tərəfindən hazırlanmasını iddia edir. Əslində hazırda Suriyada nisbi sakitliyin yaranması hər iki dövlətin maraqları dairəsində deyil. Hər iki dövlət, hətta guya kənardan müşahidə etdiyini göstərən üçüncü dövlət, İsrailin xüsusi xidmət orqanları tərəfindən də belə bir ssenarinin hazırlanması mümkün variantlardan sayıla bilər.

ABŞ-ın belə bir ssenari hazırlamasında marağı ortadadı. Suriyada vəziyyəti gərginləşdirməklə Rusiyaya qarşı növbəti iqtisadi sanksiyalarını gücləndirmək niyyəti, ikincisi isə NATO üzvü olan tərəfdaşı Türkiyənin hazırda Rusiya ilə sıx əməkdaşlığına qarşı da yönələ bilər. Rusiya tərəfinin də belə bir ssenarinin hazırlanmasında maraqları var. Əvvəla, kimyəvi silah təxribatından istifadə edərək özünün bu bölgədə varlığına bəraət qazanmaq, ikincisi isə Birləşmiş Ştatları kimyəvi silahdan istifadə etməklə kütləvi insan qırğınına səbəb olmaqda günahlandıra bilər.

Bildiyiniz kimi, İsrailin də bu bölgədə öz maraqları var, heç bir halda Türkiyənin bu bölgədə aparıcı dövlətə çevrilməsini istəmir və onun da MOSSAD kimi dünyada tanınmış xüsusi xidmət orqanı var. Onlar da öz maraqları naminə belə bir ssenari hazırlayıb əldə etdikləri «məxfi sənədləri» Rusiya tərəfə ötürə bilər. Məqsəd isə Rusiya və ABŞ arasında vəziyyəti daha da gərginləşdirmək və yenə də istiləşən Türkiyə-Rusiya əlaqələrini zəiflətmək istəyi ola bilər. Çünki Suriyada vəziyyətin gərginləşməsi ən çox bu ölkə ilə böyük sərhədlərə malik Türkiyəni narahat etməyə bilməz. Bilirlər ki,sərhədlərindəki gərginlik Türkiyəni təhlükəsizlik baxımından hadisələrə aktiv müdaxilə etmək məcburiyyətində qoyacaq ki, bud a Onun NATO müttəfiqi ABŞ-I qıcıqlandıracaq.

Göründüyü kimi, hazırlanan kimyəvi silah təxribatınin ssenarisi hər üç dövlətin tərəfindən hazırlanması mümkündü. Suriya xalqının isə bütün bunların qarşısının alınması baxımından çıxış yolu görünmür. BMT-yə şikayətləri də baxılmamış qalacaq, Nəticədə yenə də çanax Suriya xalqının başında çatlayacaq.

Rüstəm HACIYEV

TƏQVİM / ARXİV