adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Şuşa turu yaxud mənəviyyatımıza vurulan zərbə -Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
1928 | 2023-03-08 12:26

Əvvəllər Dənizkənarı Milli Parkında Hərbi Qənimətlər Parkı vardı - 2021 -ci il 12 apreldə açılışı oldu. (İndi bilmirəm var ya yoxdu... heç maraqlanmadım da, getmədim də. Varlığı-yoxluğu artıq məni maraqlandırmır). 

 Bilirsiniz yəqin ,Ermənistan ordusuna məxsus Rusiya istehsallı ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənirdi  orda.

 Məlum,  o qənimətləri qanını qaşığa qoyan , canını heçə sayan Azərbaycan xalqının cəsur  oğulları tarixdə görünməmiş igidlik,  qəhrəmanlıqları sayəsində gətirmişdilər. Eşidəndə 30 il yanan ürəyimə su səpilmişdi! Gündə 40 dəfə deyirdim ki, Qazilərim yaralarınıza qurban olum, şəhidlərim torpağınıza , cavan , nakam canınıza, ruhunuza qurban olum... 
Döyüş bölgəsindən dönəndən sonra planlaşdırırdım ki, o parka gedim, reportaj hazırlayım. Qəlbimdə qürur, gözlərimdə sevinc... Erməniləri dəli eliyən o park  məni elə xoşbəxt edirdi kii... 

2 gün sonra məlum oldu ki, ziyarət pulludur, biletin qiyməti də cəmi 2 manatdır. İrad bildirə bilərsiniz ki, "nə böyük puldur ki, buna danışırsan?" Bəli böyük pul deyil, amma ürəyimizdəki qüruru, gözümüzdəki sevinci qırmaq üçün kifayət edəcək məbləğdi. 

 Bu xalq neftə, qaza, ikraya, balığa,  işığa, suya, bütün təbii sərvətlərə artıqlaması ilə pul ödəyir. Vergi də verir.
 Azərbaycanın bu başından, o başına qədər hansı köşəsində bir yay günü altına döşək qoyub oturub dincəlmək istəyirsən, bir dəstə qoçu başının üstünü kəsdirir, pul istəyir... adi  çəmənliyi deyirəm eee, adi çəmənlik. 

Yadıma düşdü . Vətən müharibəsindən əvvəlki illər idi.Toğanada  pulsuz  yer tapmadıq ki, oturaq. Həyat yoldaşım  qoçunun birinə dedi ki,  mənim bu torpaq üçün döyüşmüşəm qanım tökülüb, 2 gün "morq"da qalmışam, indi şikəstəm, mənim heç haqqım çatmır ki, bu çayın kənarında ailəmlə elə o torpağın üstündə oturum? Qoçu bir az mehribancasına dedi ki, qardaş biz də yuxarı "haqq-hesab veririk də, sən də bizi başa düş də".   O quruca torpağı üstündə oturmaq üçün də o vaxt 2 manat ödədik! Dedilər, samovar istəyirsinizsə, 2 manat ödəyin onu da təşkil edək(((
 
Aydındı, bütün təbii sərvətlər  hamısı sizindir, sizin olsun!

Amma nolardı ki, heç olmasa, mənəvi sərvətlərimizə əl uzatmayaydınız? Şuşaya "turpaket" nədir?Oğullarını Şuşa üçün qurban vermiş, şikəstliyini qəbul etmiş  Azərbaycan xalqına  2 günlük tur üçün  215 manat, 3 günlük  üçün  370 manat pul qoparmaq hansı düşmənçiliyin təzahürüdür? Bu kimin ağıllı məsləhəti" ilədir?  

Bilmirəm kim necə düşünür, amma məncə, bu ürəyi Şuşanı görmək eşqi ilə çarpan  bir azərbaycanlıya  söyüşdən başqa bir şey deyil... Söyüşü qəbul edənlərə də içi özüm qarışıq ayıb olsun...

TƏQVİM / ARXİV