"Göz yaşını yuyan yağış" - Vüqar Abbasovdan HEKAYƏ

VÜQAR ABBASOV
4725 | 2023-09-03 17:55

Darıxırdı. Yox, darıxmaq sözü burda az qalır: canı, dəli olmaq dərəcəsində, sıxılırdı.  Belə olanda nə o kimsəni danışdırar, nə kimsə ona bir söz deyərdi.

Gözü qarşısındakı kompyuterdə olsa da, fikri orda deyildi; fərqli-fərqli saytlara daxil olur, amma heç birində bir neçə saniyə belə dayanmırdı. Nəhayət səhifələrin birində dayandı, məşhur adamların deyimləri idi. Oxumağa başladı: Tolstoy: “Gözəl olan sevimli deyil, sevimli olan gözəldir,”  Markus Porkius Kato: “Axmaqlar ağıllılardan çox az şey öyrənərlər. Amma ağıllılar axmaqlardan çox şey öyrənərlər”,  Balzak  “Yaxşılığınıza inanılmasını istəyirsinizsə, ondan heç bəhs etməyin”...

 Ç. Çaplin “Yağışda gəzməyi sevirəm, çünki onda heç kim göz yaşlarımı görümr”.  Daha oxuya bilmədi. Çox darıxırdı, belə vaxtlarında nəsə etməyə, oxumağa həvəsi olmurdu. Az qalırdı hönkürsün, amma həyat yoldaşının, övladlarının yanında bunu heç vaxt etməmişdi, yenə də etmək istəmirdi. Kompyuterin qapağını örtüb ayağa durdu. Qapıya tərəf getdi, qapını açıb bayıra çıxmaq istədi. “Hara gedirsən? Yağış yağır.” – deyə həyat yoldaşı arxadan səsləndi. Cavab vermədi. Qapını örtüb bayıra çıxdı. Küçə ilə getməyə başladı. Bir anın içində suyun içində oldu. Möhkəm yağış yağırdı... 

Vüqar Abbasov. Niderland. 
3-09-2023

 

 

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV