Səsdən yatmaq olmur...- Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
648 | 2024-11-27 10:09

Hamı yaxşı bilir ki, bir balaca səs olan kimi yaşlı insanlar çox narahat olurlar. Heç gecə saatlarında səs olanda  cavanlar da  rahatlıq tapmırlar.

Bəs onda yaşlı insanlar hay- küy olan yerdə, eybəcər musiqilər səslənən məqamda necə  yata bilərlər?!

Bu yaxınlarda  mənə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi dostum Valeh müəllim zəng eləmişdi.Mətləbə  keçməmişdən öncə onu deyim ki, Valeh müəllim gözəl ziyalıdır və qəzetimizin daimi oxucusudur.  

" Ədalət" in elə bir sayı yoxdur ki, alıb, onu oxumasın. Və oxuyandan sonra da  öz dəyərli fikirlərini söylər. Nə xoşuna gəldi, nə xoşuna gəlmədi, düşüncələrini mənimlə bölüşür. İndi keçək əsas mətləbə, yeni Valeh müəllimin zənginə! Salam verib, hal- əhval tutandan sonra dostumuz  və qardaşımız dedi ki, Faiq müəllim, mən  " Malakan bağının" yanında, Rəsul Rza küçəsindəki binada yaşayıram. Amma Allah and olsun ki, avtomobillərin maqintofonundan  gələn səsdən nə gündüz nə geçə rahat yata bilmirik.

Bu, bir gün , bir həftə, bir ay olsa,bir təhər dözmək olar. Amma maşınlardakı  səs gücləndiricilərdən  gələn səs az qala qulağımızı deşə.Bax, yenə həmin avtomobillər gəldi. Yəqin telefonda eşidirsən? " Bəli, eşidirəm dedim. Və gələn səs musiqi səsi idi, amma çox ucadan gəlirdi."  Valeh müəllim yenə sözünə davam edərək dedi ki, hər günümüz bax belədir.

Kimə də müraciət edirik heç bir tədbir görən yoxdur.Sanki həmin adamlardan qanun keşikçiləri qorxur...  Düşündüm ki, yazıq Valeh müəllim və həmin binanın sakinləri bu musiqi səs- küyündə  gecələr necə rahat yata bilirlər. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə avtomobillərdə səs gücləndiricilərdən  istifadə edən sürücülər  cərimə edilirlər.

Həmin ərazidə  xidmət aparan Post- Patrul  Xidmətinin və  Çevik Polis Alayının əməkdaşları bu qanunsuzluğun qarşısını almağa borcludur. Və inanırıq ki, tezliklə səs gücləndiricilərdən  istifadə edərək göstərdiyimiz ünvanda sakinlərin rahatlığını pozan  intizamsız və özündən razı sürücülər inzibati məsuliyyətə cəlb ediləcək və insanların  rahatlığı təmin ediləcək!..

TƏQVİM / ARXİV