Turan ordusu, yaxud romantik ideyaların reallıqla TOQQUŞMASI – Səxavət Məmməd yazır

322 | 2025-04-17 09:29

Azərbaycan cəmiyyətinin ən böyük problemlərindən biri hissi davranmaq, düşünməkdir. Əslində, bunun günahkarlarından biri də pafos və populizmlə cəmiyyətin beyninə yeridilmiş reallaşması mümkün olmayan ideyalardır. Uzun illərdir ki, Azərbaycan cəmiyyətinin beyninə Turan birliyi, hətta Turan ordusu yeridilir. Qulağa xoş gələn bu ideyanın reallaşması o qədər də asan deyil. Türk Dövlətləri Təşkilatının tez-tez görüşməsi cəmiyyətə elə təqdim edilirdi ki, insanların gözünün qarşısında Çingiz xan, Attila, Əmir Teymur canlanırdı. At, qılınc, vətən, millət, Sakarya. Hətta ortaq türk əlifbası isə bəzilərini başdan çıxarırdı.

Turan ordusu ideyasının mümkünsüz olduğunu dilə gətirəndə, bir çoxları buna ağız əyirdi, hətta türk düşməni deyənlər də ortaya çıxmışdı. Gəlin, reallıqlara baxaq: nüvə silahı, atom bombası olmayan bir ordu birliyi təhlükəsizlik çətiri yarada bilər? Qətiyyən! Bundan əlavə, Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan, Özbəkistan və Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, yəni, Rusiyanın çətiri altındadırlar. Türkiyə isə NATO-nun. Türkmənistanla Azərbaycan isə heç bir hərbi təşkilatda təmsil olunmur. Turan ordusunun yaranması üçün hərbi təşkilat üzvləri təşkilatlardan çıxmalı və birlik yaratmalıdırlar. NATO dağılmayana qədər Türkiyə NATO-dan çıxar? İnandırıcı deyil. Hətta NATO dağılsa və Türkiyə seçim qarşısında qalsa, Türk Dövlətləri Təşkilatını seçər, yoxsa Avropa İttifaqının, yaxud ABŞ-nin quracağı bir təşkilatı? Əminliklə deyə bilərəm ki, bu Türk Dövlətləri Təşkilatı olmayacaq. Ən azı nüvə silahı yoxdur…

Bir neçə ildir belə bir təbliğat aparılır, hətta hər ilin əvvəlində proqnoz edilirdi ki, Türk Dövlətləri Təşkilatı Şimali Kipr Türk Cümhuriyyətini ilin sonunda tanıyacaq. Əvəzində Türk dövlətləri – Özbəkistan, Qazaxıstan və Türkmənistan yunan Kiprində səfirlik açdı. Təbii ki, bu Türkiyədə və Azərbaycanda ciddi müzakirələrə səbəb olub. Prosesin Özbəkistanın Səmərqənd şəhərində keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya sammitindən sonra baş tutması yunan Kipri ilə bağlı qərarın niyə verilməsini ortaya çıxarır. Avropa İttifaqı qlobal aləmdə siyasi baxımdan cılız olsa da, iqtisadi baxımdan çox böyük gücdür. Yunan Kiprini tanıyan ölkələr iqtisadi dividentləri göz önünə alaraq bu addımı atıb desək, yanılmarıq. Sual yaranır: Türkiyə Avropa İttifaqının qoyduğu sərmayəni Mərkəzi Asiyaya qoya bilər? Qətiyyən! Türkiyənin o cür iqtisadi potensialı yoxdur. Bundan əlavə, Mərkəzi Asiya ölkələri Türkiyə ilə yaxınlıqda o qədər də maraqlı deyildilər. Hətta bu mövzunu özbək və qazax jurnalistlərlə müzakirə edən zaman belə bir fikir səsləndirirdilər: “Bizdə qorxurlar ki, qollarını versələr, boyunları gedər”. Bir şeyi də nəzərə almaq lazımdır ki, nə qədər o ölkələr türk kökənli olsalar da, ən azı son 200 ildir Rusiyanın təsir dairəsindədirlər. Sözügedən ölkələrin rəhbərləri nomenklaturadan çıxıblar. Misal üçün Qazaxıstanda əhalinin say tərkibinə görə ikinci sırada ruslar gəlir.

Mərkəzi Asiya ölkələrinin Türk Dövlətləri Təşkilatına baxışı da fərqlidir. Xüsusilə lider baxımından. Ən azından bunu Mərkəzi Asiya ölkələri hiss etdirir. Zamanı gələndə bunun səbəblərini də yazacağam.

Türkiyədə bəzi jurnalistlər və ekspertlər Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini tanımalıdır, niyə tanımır deyə fikirlər səsləndirir. Bunu Azərbaycanda da səsləndirənlər çoxdur. Bir suala cavab tapmaqda fayda var. Qarabağ problemi həll olub? Bəli, Azərbaycan ərazi bütövlüyünü həll edib, sərhədlərinə çıxıb. Ancaq hələ də Ermənistanla sülh müqaviləsi imzalamayıb və Qarabağ problemini qabartmaq istəyən, Qarabağdan köçən ermənilərin geri qaytarılmasını tələb edən qüvvələr var. Hesab edirəm ki, Ermənistanla sülh müqaviləsi imzalamadan Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini tanıması real görünmür. Xaric siyasətdə suyu üfürə-üfürə içən rəsmi Bakının belə bir risk alacağı inandırıcı deyil.

Azərbaycanın əsas strateji hədəflərindən biri Naxçıvanla quru əlaqəni təmin etmək olmalıdır.

Türk Dövlətləri Təşkilatına ağır yük yükləmək indiki mərhələdə doğru deyil. Çünki bu təşkilat istənilən halda kənar güclər tərəfindən istənilən anda manipulyasiyaya açıqdır. Rusiyanın tərkibindəki türk xalqlarını, İranda yaşayan türklərin sayını nəzərə alsaq, kənar təzyiqin olacağı açıqdır. Bundan başqa, Çinin Mərkəzi Asiyadakı gücünü nəzərə alsaq, prosesi təxmin etmək o qədər çətin olmaz. Türk Dövlətləri Təşkilatı mədəni, ticari, nəqliyyat baxımından uğurlu ola bilər. Ancaq sözügedən təşkilatın siyasi, hərbi, hətta iqtisadi güc kimi formalaşması üfüqdə görünmür. Çünki Avropa İttifaqı və Çin sərmayəsinə alternativ sərmayə ortaya qoymaq gücü türk dövlətlərinin heç birində yoxdur. Acı da olsa, reallıq bundan ibarətdir.

TƏQVİM / ARXİV