adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Üç şeir barəsində əl boyda yazı - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
481 | 2021-12-20 15:39

Məktub Əsəd Qaraqaplana ünvanlanıb

 

Arxada qalan, yəni ötən şənbə günü paytaxtda keçirilən kitab yarmarkasına baş çəkdim. Təbii ki, bu kitab yarmarkası daha çox kitab Bayramıdır. Və mən də həmin kitab bayramında həmkarlarıma, dostlarıma, Azərbaycanın dəyərli söz adamlarına, eləcə də yalnız imzalarda tanıdığım gənc şair və yazıçılara burda rast gələcəyimi öncədən bilirdim. Elə əslində məni ora çəkən səbəblərdən biri də bu «tanışolma» istəyi idi. Mən də istəyimə əl uzadıb getdim kitab bayramına...

Saat 11-i yenicə keçmişdi. Amma artıq kitabsevərlərin buraya axını hiss olunurdu. Elə girişin sağ tərəfindəki ilk cərgədə Kəramət Böyükçöllə qarşılaşdım. Həmişəki səmimiyyətlə görüşüb hal-əhval tutduq. Onunla yanaşı piştaxtada Əsəd Qaraqaplan öz kitablarını düzmüşdü. Çox da dərindən tanımasam da, Əsəd bəyin də imzasını hər zaman izlədiyimdən məmnunluq hissilə görüşdüm onunla da. Elə ilk kitabları da onlardan götürdüm. Sonra gəzib-dolaşdım piştaxtaların arasında. Burada qarşılaşdığım Rasim Qaraca və Azad Yaşarla da könüldən gələn isti bir söhbət etdik. Onların «qonşuları» mərhum yazıçımız Rafiq Tağının qardaşı ilə də hal-əhval tutduq. Kitab hədiyyələrimi götürdüm onlardan. Bu sərgidə, bu bayramda qarşılaşdığım dəyərli və həm də doğma imzalar arasında Gülər Eldar qızı ilə də bir araya gəldik. Hətta fürsətdən istifadə edib onunla şəkil də çəkdirdik və...

Mən kitab bayramından qayıdanda elə avtobusdaca götürdüyüm kitablardan birini çantamdan çıxartdım. Bu Əsəd Qaraqaplanın «Ah Deliriya...» şeirlər kitabı idi. Müəllifin avtoqrafla bağışladığı bu kitabı elə avtobusdaca oxumağa başladım. Özü də adda-budda şəkildə. Yəni, şeirləri seçmədən, axtarmadan. İlk şeir «İçimiz kirlənincə üstümüz kirlənməli» oldu. Öncə şeirin adı çəkdi məni. Sonra başladım oxumağa. Şeirin ruhu tutdu əlimdən və hiss etdim ki, bu şeirdəki təkcə mənzərə, ifadə tərzi təqdimat deyil, həm də gənc şairin oxucunu düşündürmək üslubu çox fərqlidi. Bir az da açıqlasam, yəni şeirin birinci misralarını oxuyandan sonra özün də hiss etmədən o axara düşüb gedirsən. Adətən mən hər hansı bir yazını oxuyanda ilk cümlə, ilk misra məni tutmursa, vərəqi çevirirəm. Amma burada mən şeirin başlanğıcından sonuna qədər şairə yol-yoldaşı oldum. Onun:

 

söyün, lənətləyin məni

nə desəniz haqqınız var

məncə, hər kəs bir az sərsəri olmalı

bir az sərxoş, bir az çılğın, bir az dəli

içimiz kirlənincə üstümüz kirlənməli...

 

...artıq bir kərə olsun

məni dinləmək zorunda olduğunuzu bilirəm

bilirəm ki, bütün həyatım zəhrimar

bütün sevdiklərimsə sevgimdən çox kiçikdir

bu da mənim sizə ən böyük hədiyyəm

ən böyük tənhalığımdır

ən böyük tanrılığım...

 

- şeirinin bir parçasını sizə təqdim etdim. Bu şeirin bütün ovqatı mənə görə şairin özü-özü ilə əlbəyaxa olması, dartışmasıdı. Bu «özü-özü ilə» dartışma həm də çevrəsiylə, yaxınlarıyla bir əsəb savaşı, bir az da ərklə ittiham etmək səviyyəsinə yüksəlir. Bütün bunların da səbəbi şairin içərisində olduğu auranın ona yaşatdıqlarıdı. O dayandığı meydanda görüb müşahidə etdikləri ilə yanaşı yaşadıqlarının da süzgəcinə çevrilir. Sonda bu hökmü verir. Bəyan edir ki, içimiz kirlənincə üstümüz kirlənməli!

Kitabda oxuduğum növbəti şeir «Sonuncu sevgi» şeiri adlanır. Bu şeirin ovqatında da gənc həmkarımın təkcə hissləri, duyğuları, yaşamı deyil, həm də onun oxucuya bugünkü durumunu təqdim etmək istəyi hakimdir. Əsəd Qaraqaplan (mənim gəldiyim qənaətə görə – Ə.M.) bu şeirində etiraf üzərində gerçəyi ittiham etmək kimi ortaya qoyur. Oxucuya deyir ki:

 

bir qadın da sevmədik, ayrılaq, şeir yazaq.

bir qızla evlənmədik, çəkilək, xoşbəxt olaq.

bir evimiz olmadı kirayələrdən uzaq

bir oğul böyütmədik, əsgərə yola salaq...

 

...bizi də böyütməyə gücü çatmaz şəhərin

nə şəhərlər var bizim uşaq xəyalımızda...

bu böyük gecələrin açılmayan səhəri

bizi kim anlayacaq, bizi – bu halımızda...

 

Mən bu şeirin də bir parçasını ona görə ayrıca şəkildə təqdim edirəm ki, bütöv şeirin vücudu son anda bir varlığa çevrilir. Yəni əzalar ayrı-ayrılıqda birləşməyə doğru yol gəlir. Şairin öz ətrafına, yəni bizlərə ərki də, iradı da və sonda özünün bu ərklə, bu iradla barışması da bax, həmin şeirin

bütövləşməsinə, oxucu yaddaşına köçməsi gətirib çıxarır. Çünki Əsəd bu şeirində şair olmaqla yanaşı, həm də həmsöhbət olur...

Avtobusda yol gələ-gələ «Kişi hönkürtüsü»nü də oxudum. Öncə yadıma «Kişilər ağlamaz» deyimi düşdü. Elə həmin o deyimin təsiri altında şeiri oxumağa başladım. Bir az ünvanlı yazılmış bu şeirdə mənə görə Şəhriyar istinad nöqtəsidi. Yəni, həmsöhbətdi. Əsəd üzünü ona tutub kişi hönkürtüsünün çalarlarını incələyir və deyir ki:

 

kişi bütün ağrıları

canına yığdığı zaman hönkürür...

 

ilk dəfə nənəm öləndə

atamın hönkürdüyünü görmüşdüm

sonra atam intihar etməmişdən

bir gün qabaq hönkürmüşdü...

 

Bu şeirin hər bəndini (tam səmimi deyəcəm – Ə.M.) təkrar-təkrar oxudum. Və şeirin sonuncu misralarına gəlib çatanda Əsədin həm ədəbi priyomu, həm də bu şeiri öz ruhundan qoparıb bizə təqdim etməsini az qala alqışlarla qarşıladım. Çünki kişi hönkürtüsü dünyada həqiqətən ölümə və bir də ən dəhşətli, ən sarsıltılı, ən ağrılı anlara üsyandır. Mən həyatımda bu üsyanda iştirakçı olmuşam...

Elə yol boyu oxuduğum bu üç şeirin təsiri ilə gənc həmkarımın şeirləri ilə bağlı ürəyimdən gəlib keçənləri bilgisayara köçürtdüm. Onun necə qarşılayacağını bilməsəm də, amma mən bu şeirlərə görə ona təşəkkür edirəm.

TƏQVİM / ARXİV