adalet.az header logo
  • Bakı 18°C

Uca dağlar

FAİQ QİSMƏTOĞLU
15738 | 2022-01-13 12:22

Böyük ziyalı, böyük alim, sabiq millət vəkili, BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru, professor Şamil Qurbanovun anım günüdür

 

...Biz onlara həmişə qeyri-adi insanlar kimi baxardıq. Çünki onlar adi adam deyildilər, adi insan deyildilər. Onların dünya boyda ürəkləri var idi və onlar insandan çox mələyə bənzəyirdilər. Və bu mələyə bənzəyən böyük ziyalılar, böyük alimlər, böyük insanlar Azərbaycan Dövlət Universitetinin (BDU) çox nüfuzlu müəllimləri idi. Onlar bizə mühazirə deyəndə milçək uçsaydı, səsi eşidilərdi. Belə ki, auditoriyada olan bütün tələbələr nəzərlərini bu böyük müəllimlərin mühazirələrinə yetirirdilər. Bəxtiyar Vahabzadənin, Qulu Xəlilovun, Şamil Qurbanovun, Pənah Xəlilovun, Firudin Hüseynovun, Şirməmməd Hüseynovun... mühazirələri bizim üçün Məkkə, Mədinə qədər müqəddəs idi. Onlar mühazirə oxuyanda biz özümüzü göyün yeddinci qatında hiss edərdik. Biz hiss edərdik ki, ürəyimiz, qəlbimiz, bu böyük ziyalıların oxuduğu mühazirə nəticəsində işıqla, nurla dolub...

 

...Bax, bu günün özündə də o böyük ziyalıların oxuduqları mühazirələr qulağımızda səslənir. Artıq o mühazirələr bir tarixə, bir yaddaşa, bir keçmişə çevrilsə də, amma biz tələbələr üçün bal kimi şirindir və içimizdə həmişə o işığı, o nuru hiss eləyirik. O müəllimlər bizə həyatı, yaşayışı, mübarizəni və mücadiləni öyrətdilər. Ona görə də əbədi olaraq adlarını çəkdiyim bu professorların hər biri bizim yaddaşımızda və ürəyimizdə iz qoyublar...

 

Biz düşünürük ki, müəllimlərimizi nə qədər tez-tez yada salsaq, xatırlasaq, ürəyimiz də bir o qədər sakitləşər və onların ruhu qarşısında öz borcumuzu yerinə yetirmiş olarıq. Və həm də biz onları yada salmaqla onların ruhu da dincəlir...

 

Bizim yadımızda qalan elə böyük kişilərdən biri də böyük ziyalı, böyük alim, BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru, professor Şamil Qurbanovdur. O Şamil Qurbanov ki, bal kimi şirin mühazirələri ilə həmişə tələbələrini təəccübləndirərdi və onları sevindirərdi. O, təkcə bizi təəccübləndirmirdi, həm də ədalətli, haqlı mövqeyi ilə həmişə biz tələbələrin yanında olardı. Tanıdı, tanımadı, istedadlı tələbələr ona övladı qədər şirin və doğma idi. Və bu istedadlı tələbələr ilə müəllim kimi, professor kimi yox, özünün sadə dostları kimi davranırdı. O, bizim hər birimizin doğması idi, əzizi idi...

 

Şamil Dünyamalı oğlu Qurbanov 2004-cü ilin yanvarın 16-da 70 yaşında Allahın dərgahına qovuşub. O, ağsaçlı, nurani, vətənpərvər, ziyalı həmişə millətinin dərdini, ağrısını, acısını çəkib və ən ağır gündə xalqın və millətin yanında olub. Başqa cür də ola bilməzdi! Bu cür insanlar və bu cür kişilər həmişə öz xalqına ürəkdən və qəlbdən bağlı olub. Fransanın keçmiş prezidenti Jak Şiraka qarşı heç kimin deyə bilmədiyi sözü dedi. Və dedi ki, Jak Şirak Azərbaycanın daxili işlərinə burnunu soxur, o, qudurub. Bu sözü deməyə cəsarət, kişilik və mərdlik lazım idi. Şamil müəllim bu sözü dedi və axıra qədər də onun arxasında durdu. Amma ona qarşı müxtəlif səviyyələrdə elə təzyiqlər oldu ki, kim olsaydı, ürəyi partlayardı. Ancaq Şamil Qurbanov bu təzyiqlərə də tab gətirdi. Çünki onun arxasında Azərbaycan xalqı, onun böyük ziyalıları dururdu. Onu xalq şairi Zəlimxan Yaqub, BDU-nun professorları Pənah Xəlilov, İskəndər Quliyev, yazıçı-publisist və indiki millət vəkili Aqil Abbas müdafiə elədi. Onlar dedilər ki, Şamil Qurbanov əcəb edib bu sözü deyib. O, bu sözü deməklə xalqın ürəyindən tikan çıxarıb. Şamil müəllim ömrünün son anına qədər heç nədən çəkinmədi, kişi kimi sözünün üstündə durdu və Allahın dərgahına da kişi kimi döndü...

 

Şamil Qurbanov 1934-cü il mayın 10-da Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Müxtəlif mətbuat orqanlarında məsul vəzifələrdə çalışıb. Sonradan ömrünü Azərbaycan elminə sərf edib. Elmlər namizədi olub, doktorluq müdafiə edib və professor adını qazanıb. Ümumiyyətlə, Şamil müəllim həm yazıçı-publisist, həm ictimai- siyasi xadim, həm də elm adamı kimi Azərbaycanda çox böyük nüfuz qazanıb. Heç kimin bacara bilmədiyi mövzuları araşdırıb və ortaya gözəl elmi məqalələr və əsərlər qoyub. Onun yüzlərlə elmi məqaləsi var. Onların arasında «Açılmamış səhifələr», «Ömər Faiq Nemanzadə», «Klassik rus poeziyası Azərbaycanda», «Ömrün fikir dünyası», «Nəriman Nərimanov», «İstedadlar ocağı» və s. monoqrafiyaları xüsusi çəkiyə və sanbala malikdir. Xüsusən də Nəriman Nərimanovla bağlı böyük alimin apardığı araşdırmalar çox unikal və yadda qalan bir hadisədir. Sözün açığı uzun müddət qaragurçu qüvvələr Azərbaycanın böyük və işıqlı ziyalılarından olan Nəriman Nərimanova hər cür şər, böhtan və ləkə atıblar. Şamil Qurbanovun böyük şəxsiyyət barəsində qələmə aldığı elmi monoqrafiya və məqalələr onu bu ləkədən, bu şərdən xilas edib. O, bir daha göstərib ki, Nəriman Nərimanova heç bir şər və böhtan yapışmaz.

 

Xalq şairi Zəlimxan Yaqub Şamil müəllim haqqında bu sözləri deyib: «... Şamil müəllimin kitablarına, məqalələrinə, tədqiqatlarına dərindən fikir versək, görərik ki, o nədən yazırsa-yazsın, kimdən söhbət açırsa-açsın, hökmən o yazıların kökündə ciddi, mənəvi-sosial, tarixi-psixoloji problemlər, məqamlar dayanır. İstiqlalımız, müstəqilliyimiz, dövlətimiz, dövlətçiliyimiz, dilimiz, təhsilimiz, onun bütün yaradıcılığından qırmızı xətt kimi keçir...»

 

Zəlimxan Yaqub həm də Şamil Qurbanova gözəl bir şeir həsr edib. O şeirin bir bəndi belədir:

 

Yeridin başına səpələndi qar,

Baxmadın yolların uzaqlığına.

Elmin yollarında ağaran saçlar,

Döndü bir millətin üzağlığına.

 

Biz Şamil Qurbanovun üzərinə işıq saldığı neçə-neçə böyük tarixi şəxsiyyətləri yenidən tanıdıq. İman İldırımtürk, Hüseyn Minasazov, Əlimərdan bəy Topçubaşov, Həsən Seyidov, Həsən Həsənov, Pənah Xəlilov, Əli Bayramoğlu, Nəbi Gülməmmədov, Hüseynqulu Məmmədov məhz belə şəxsiyyətlərdən biridir. Ümumiyyətlə, Şamil müəllim bir ziyalı və bir alim olaraq həmişə axtarışlarını davam etdirib. O, böyük Atatürkdən, Ulu Öndər Heydər Əliyevdən yazdı. Və bu yazıların sədası böyük türk dünyasına çatdı. Ümumiyyətlə, bu böyük alim nə qələmə alırdısa, hamısını ürəyinin və qəlbinin səsi ilə edirdi. Ona görə də həm elmi məqalələri, həm oçerkləri, həm də monoqrafiyaları tarixi bir yaddaşa çevrilib. Və bu tarixi yaddaşdan bu gün çoxları istifadə edir, bəhrələnir...

 

Dünyada ən gözəl xeyirxah işlərdən biri Allahı, valideyni, müəllimi unutmamaqdır. Biz də Allahımızı, valideynimizi və müəllimimizi heç vaxt unuda bilmərik. Ən azından ona görə ki, müəllimlər uca dağa bənzəyirlər. Çünki nə varsa hamısı bu uca dağdan öz gücünü, öz qüvvətini alır. Məhz böyük ictimai-siyasi xadim, sabiq millət vəkili, BDU-nun kafedra müdiri, professor Şamil Qurbanov da belə böyük kişilərdən biridir. Bu kişilərə həmişə söykənmək, güvənmək olar. Ona görə ki, güvəndiyimiz dağlara heç vaxt qar yağmır. Və Şamil Qurbanov da bu millətin, bu xalqın, lap elə biz tələbələrin güvəndiyi o uca dağdı. Yazımızı Şamil müəllim haqqında yazdığımız bir şeirlə bitirmək istəyirik:

 

«Aqillik, insanlıq yüzdə birdədi»,

Onların içində birdi Şamilim.

El bilir, o, elmin zirvəsindədi,

Ocaqdı Şamilim, pirdi Şamilim.

 

Girmədi heç zaman gündə bir dona,

Ömər, Həmzət bəy, Əfqani, Sona,

Məmməd Əmin şandı, şöhrətdi ona,

Nəriman incidi, dürdü, Şamilim.

 

Bəhrəsi hardadı, özü ordadı,

Söhbəti hardadı, sözü ordadı.

Odu içindədi, közü ordadı,

Hələ açılmamış sirdi Şamilim.

 

 

Səməndər MƏMMƏDOV

Faiq QİSMƏTOĞLU

TƏQVİM / ARXİV