adalet.az header logo
  • Bakı 13°C

Çörəyini on yerə bölən böyük adam - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
2099 | 2023-10-30 11:11

Unudulmayan insanlar

 

...Mən həmişə demşəm ki, payız fəsli bizə düşmür. Biz demirik ha, payız yaxşı fəsil deyil. Hər fəslin öz gözəlliyi, öz rəngi və öz mənzərəsi var. Belə baxanda əksinə, payızda əksər məhsullar yetişir və bolluq olur! Sadəcə olaraq payızın müxtəlif aylarında mən ən yaxın əzizlərimi itirmişəm. Sentyabrın 25-də atam dünyasını dəyişib, oktyabrın 21-də qardaşım Allahın dərgahına qovuşub, noyabrın 29-da isə anam rəhmətə gedib! Bax, ona görə də payız gələndə özümü daha çox narahat hiss edirəm və hardasa bir az da üşüyürəm...

...Payız fəslində həm də bir neçə yaxın dostum, çörək kəsdiyim insanı, uzun müddət yoldaşlıq elədiyim adamları itirmişəm. Onlardan biri də uzun müddət bir yerdə işlədiyimiz, çörək kəsdiyimiz, xeyir-şərdə bir yerdə olduğumuz və ən nəhayət, sadəliyi, səmimiyyəti ilə heç kimə bənzəməyən istedadlı yazıçı-publisist Surxay Əlibəylidir. Surxayı neçə il bundan qabaq itirmişik və noyabrın 5-də, bir payız günündə Allahın dərgahına qovuşub.

Allahın dərgahına qovuşsa da, o, mənim üçün həmişə sağdır. Çünki elə bir vaxt olmayıb ki, onun dostları ilə söhbət edəndə Surxayı xatırlamayaq. Məsələn, Süleyman Qaradağlı ilə, Əbülfət Mədətoğlu ilə, Elşən Əliyevlə, Elman Məmmədovla görüşəndə söhbətimizin əvvəli də, sonu da Surxayla bağlı olub. Çünki Surxay hamımızın ürəyində, qəlbində özünə əbədi bir iz qoyub. Öz gözəl əməlləri, şirin və duzlu yumorları, zarafatları ilə həmişə bizi sevindirib.

Başqalarını deyə bilmərəm, mənim Surxay Əlibəyli ilə çox yaxın dostluq əlaqələrim olub. Dəfələrlə müxtəlif rayonlara ezamiyyətə getmişik, yoldaşlıq etmişik. Hətta 1995-ci ildə Milli Məclisə seçkilər olanda Aqil Abbasın vəkili kimi Bərdədə və Ağcabədidə olmuşuq. Bir dəfə də getmşdik Surxayın anadan olduğu Şərəfxanlı kəndinə. Orda da bizə elə bir qonaqlıq verdilər ki, bu gün də həmin qonaqlıq yadımdan çıxmır. Noyabr ayının soyuq günlərində hinduşka kababanı ilk dəfə biz həmin kənddə yedik. Dadı və tamı da bu gün ağzımızda qalıb.

Surxay balacaboy, kiçik adam olmasına baxmayaraq, mənən çox uca, çox saf, çox dəyərli bir jurnalist idi. Heç nədən gözəl mövzular tapar və onu şirin bil dillə qələmə alar və o yazını hamı oxuyardı. Çünki Surxayın yazılarında şablonçuluq, bəsitlik və ən nəhayət, el dilində demiş olsaq, quru məqamlar olmazdı. Yazıların dili, üslubu çox orijinal idi. Təbii ki, bu da yazıçı-publisistin mənəvi zənginliyindən, dünyagörüşündən və ən nəhayət, ədəbiyyatımızı dərindən bilməyindən qaynaqlanırdı. Onun qələmə aldığı mövzular bayaq dediyim kimi, bir-birini təkrar eləmirdi. Çünki Surxay özü də yazıları qədər orijinal və səmimi bir insan idi...

Mənimlə çox zarafatları olardı. Qanımın ən qara vaxtında bir də gördün gəldi və özünəməxsus bir tərzdə dilləndi: «Nolub ə, dəryada gəmin batıb? Dur gedək, bir yer var ora. Bəlkə o yerdə olandan sonra qanın durula, belə bikef olmayasan». Bax, Surxay belə bir insan idi. Hamının dərdinə, qəminə, kədərinə şərik olardı. Amma özünün ağrısını, acısını heç kəsə bildirməzdi. Qara bulud kimi dolardı, bir kəlmə də danışmazdı. Elə böyüklüyü də bu idi...

Surxayın süfrəsinin ətrafında həmişə onu çox istəyən insanlar əyləşərdi. Çörəyini on yerə bölərdi. Başqası yeməyə başlamamış heç vaxt əlini tikəyə uzatmazdı. Çox qəribə adam idi o. Heç elə yeməyi də yox idi. Bir tikə əti qoyardı qabağına və başlayardı əlli-əlli vurmğa. Bir də görürdük ki, toyuq soyutması qalıb stolun üstündə. Rəhmətliklər Lətif Süleymanlı və Məhəmmədəli Mustafanı stola dəvət edərdi və onlar da bu toyuq soyutmasını şirin-şirin yeyərdilər. Onun həm Lətif Süleymanlı ilə, həm də Məhəmmədəli Mustafa ilə çox yaxın münasibətləri vardı. Dəfələrlə rayonlara getmişdilər. Hər dəfə də Surxay o xatirələrindən danışardı. Danışdıqca da uğunub gedərdi...

Hələ Surxay Əlibəyli Ağdamda, Sovet dönəmində parkın direktoru işləyəndə Respublikanın ən hörmətli adamları onun qonağı olardı. Bir adamı yedirib-içirmədən əl çəkməzmiş. Hətta o vaxtlar rəhmətlik Elçibəy ilə də yaxın dostluq eləyir. Başqa sözlə demiş olsaq, o, başqasına əl tutmaqdan, çörək verməkdən ləzzət alırmış. Əsl kişi kimi, əsl azərbaycanlı kimi süfrəsi həmişə açıq olarmış.

Mən Ağdamı çox istəyən bir neçə adam görmüşəm. Onlardan biri də Surxay Əlibəyli idi. Rəhmətlik Ağdamla nəfəs alırdı və Ağdamla yaşayırdı və Ağdamla da ürəyi döyünürdü. Onun Ağdamla və Seyidlərlə bağlı neçə-neçə gözəl kitabları vardı. Onlardan biri də «Ağdamım - qibləgahım mənim» kitabı idi. Bu kitabların hər birində Surxayın ürək döyüntüləri, ürək pıçıltıları, yaşantıları vardı. Və o yazıları qələmə almaq üçün Surxay aylarını, illərini xərcləmişdi və axırda da gözəl bir əsər yaratmışdı və Surxayı bu gün yaşadan da həmin əsərlərdir.

Düşünürəm ki, Surxay bu gün də sağdır, çünki onun ruhu hər an, hər dəqiqə ana yurdu, Ağdamın başının üstündə fırlanır. Çünki özü də bir vaxtlar Ağdamın başına dolanırdı. Ağdam deyib dodağı dörd yerdən çatlayırdı. Özü görməsə də, onun ruhu Ağdamın başına dolanır, fırlanır və Surxayı o yurda, o obaya aparır. Mənim üçün Surxay həmişə sağdır, ən azından ona görə ki, onun olum və olüm günündə həmişə xatırlayıram və tez-tez də yuxuma girir. Adam var ki, yuxuna girəndə ziyan tapırsan. Amma Surxay mənim yuxuma girəndə heç vaxt ziyan tapmamışam. Əksinə, xeyirlə üzləşmişəm və onun ruhuna dualar oxumuşam.

Surxay Əlibəylinin ən çox sevdiyi şairlərdən biri də Ramiz Rövşən və onun «Qara paltarlı qadın» şeiridir. Həmin şeiri bir daha dərc edirik ki, qoy, dostumuz, qardaşımız Surxayın ruhu şad olsun. Ruhundan öpürəm Surxay! Yerin cənnət olsun, qardaş!

 

 

Kişilər bir olmur atam balası

Qorxağı var, igidi var,

Amma hər kişinin öləndən sonra

Qəbri üstdə ağlamağa

Bir qara paltarlı gözəl bir qadına ümidi var

 

 

Sən öləndə kim olacaq gözlərini bağlayan?

Qardaşmı olacaq, yadmı olacaq?

Bu dunyada bəlkə sənə ən çox ağlayan,

Ən çox ağlatdığın qadın olacaq?!

 

 

Göz yaşları yuduqca baş daşını

Qəbrində qurcalanıb,deyəcəksən: ilahi

İllər boyu ağlatdığım bu qadın

Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

 

 

Bircə kərə nə saçını oxşamışam,

Nə gözünü silmişəm.

Gözlərimə batır indi saçlarının hər dəni,

İllər boyu bu qadına mən axı dərd vermişəm

İndi görən niyə çəkir dərdimi?

 

 

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,

Yumruğuyla döysə-döysə yaxşıdı.

Qəbrimin üstündə ağlamaqdansa,

Məni söysə yaxşıdı.

 

 

Yeri-yeri,qara paltarlı qadın,

Kiri-kiri,qara paltarlı qadın.

Bu qəbir də min qəbirdən biridir.

Baş daşımı bəsdir basdın bağrına,

Bütün mənə ağlayanlar kiridi,

Sən də kiri, qəbrim damır, ağlama..

 

31.10.2022

TƏQVİM / ARXİV