adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Uşaqlığımın ilk qadın qəhrəmanı - Eminquey yazır

EMİNQUEY AKİF
1964 | 2024-01-09 17:04

Uşaq vaxtı televizorda Xocalı, 20 yanvar, Qarabağ döyüşlərindən kadrlar veriləndə elə bilirdim ki, müharibədə döyüşüb şəhid, qəhrəman olanlar kişilər, günahsız ölənlər isə qadınlar olur.

Yaddaşımda ən çox qalan bığlı, saqqallı, uzun saçlı kişi şəhidlər olurdu. Qadınlar isə yerdə donuq halda uzanmış kimi gəlirdi gözlərimin önünə.

Elə bilirdim qadınlar müharibədə yalnız zorlana, döşləri kəsilə, qarınlarına süngü sancıla bilər.

Elə bilirdim analar, bacılar yalnız oğullarının cəbhədən gələn nəşinə sarılıb ağlaya bilər, saçlarını yola bilər, dizlərinə çırpıb üz-gözünü cıra bilər.

Elə bilirdim yalnız qadınlar ərsiz qalır müharibə vaxtı, uşaqlar da atasız.

Yalnız bir qadın mənim bu düşüncələrimi alt-üst elədi. O qadının adı Salatın Əsgərovadır. Eşidəndə soyadındakı “Əsgər” də məni biraz düşündürmüşdü. O, mənim uşaqlığımın ilk qadın qəhrəmanı idi, ilk qadın əsgəri idi. Salatın Əsgərova mənim düşüncəmdəki zorlanmış qadınları bəkarətini təmizləmişdi, yerdə donuq vəziyyətdə qalmış qadın cəsədlərinə can vermişdi, qarınlarındakı süngünü çıxarıb düşmənə saplamışdı.

Salatın Əsgərova məni başa saldı ki, qadınlar cəbhədən qızlarının da nəşini gözləyə bilər, uşaqlar cəbhədən analarının yolunu da gözləyə bilər.

- Atan hardadır?

- Cəbhədə!

... sual-cavabı

- Anan hardadır?

- Cəbhədə!

... ilə əvəzlənə bilər.

Söz ilə, cəbhədən verdiyi xəbərlərlə, yazdığı yazılarla.

Onu sözlə öldürə bilməzdilər.

Güllə ilə öldürdülər.

Əvvəlcə cəbhənin sözünü kor qoydular, sonra isə gözünü, yəni Çingizi…

Sözün əsgəri Salatın Əsgərovanın ruhuna sayğı ilə!

TƏQVİM / ARXİV