Deyir günlərin bir günü Molla Nəsrəddin yuxudan durur və başlayır Allaha dua eləməyə ki, ay Allah mənə 1000 qızıl yetir. Bunun duasını eşidən qonşu soruşur ki, ay molla birdən Allah min qızıl yox, az qızıl yetirdi. Az qızıl olsa götürməyəcəksən?
Molla cavab verir ki, yox, doqquz yüz doxsan doqquz qızıl da olsa, yenə götürmərəm. 1000 qızıl ki, 1000 qızıl...
Qonşusu Mollanı sınamaq istəyir. Bir kisəyə doqquz yüz doxsan doqquz qızıl yığır. Gözləyir, molla yenə dua eləyib min qızıl istəyəndə bacadan onun qucağına atır. Molla kisədə olan qızılları sayır, görür doqquz yüz doxsan doqquzdur. Molla halını dəyişməyib deyir:
– Doqquz yüz doxsan doqquzu verən, birini də verər.
Molla qızılları yığışdırır. Qonşu da gözləyir molladan bir səs çıxmır, gəlib deyir:
– Molla, o qızılları bacadan mən salmışam, tez özümə qaytar.
Molla deyir:
– Xeyr, elə iş yoxdu, qızılları mənə Allah yetirib, birini də yetirəcək.
Məsələ çox uzanır, molla qızılları vermir. Axırda qonşu deyir:
– Onda gedək divana.
Molla deyir:
– Mən divandan qaçmıram. Ancaq piyada gedə bilmərəm. Bir qatır gətir, minim gedək.
Qonşu yaxşı bir qatır gətirir. Molla deyir:
– Cübbəm də köhnədi. Bu cübbə ilə divana gedə bilmərəm.
Qonşu gedib təzə bir cübbə də gətirir. Hələ üstündən bir təzə çarıq da aldırır geyinir. Qazının yanına gedirlər. Qonşu əhvalatı qazıya danışır. Qazı mollaya deyir:
– Nə deyirsən, bu doğru deyirmi?
Molla deyir:
– Ondan soruşun, görün, əliynən mənə qızıl verib?
Qonşu məsələni qazıya bir də danışıb deyir:
– Mən onu sınamaq üçün qızılı bacadan saldım.
Molla deyir:
– Qazı ağa, mən pullarımı sayandə bu qonşu görüb. İstəyir pulları məndən alsın. Mən bunu yaxşı tanıyıram, utanmasa deyər ki, mindiyin qatır da mənimdi,
Qonşu əsəbiləşib qışqırır:
– Əlbəttə, qatır da mənimdi.
Molla deyir:
– Qazı ağa, gördunüzmu? Bir də dindirsəniz deyər ki, əynindəki cübbə də mənimdir.
Qonşunu qəzəb qarışıq gülmək tutur :
– Əlbəttə, mənimdir, onu sənə mən aldım .
Molla: Qazı ağa siz də görürsünüz ki, mənim qonşum xəstədi, utanmaq yox, arlanmaq yox! Bu dəqiqə iddia etsəki çarıqları da sənə mən almışam, vallah day mən təəccüblənmərəm!
Bu sözü eşidən qonşunun bağırtısı oraları götürür: Ay molla Allahın -peygənbərin olsun, o çarıqları da sənə bu səhər mən almadımmı?
Qazı bir susub səbrlə onun qərarını gözləyən mollaya baxır, sonra da dönüb gözü hədəqəsindən çıxmış əsəbdən əli -ayağı titrəyən, mollaya nifrin yağdırmaqdan səsi kallamış, dəli həddinə çatmış qonşuya baxır. Qərarını verir: Qonşuya yalan danışdığı üçün min dəyənək vurulsun, yalan danışdığı üçün çarıqla ağzına -ağzına döyülsün, sonra qatırın belinə aşırın üstünü də cübbə ilə örtüb evinə yola salınsın!
Uzun sözün qısası, bu gün Şurnux kəndində yaşayan ermənilər iddia ediblər ki, 19 qoyunları, 6 inəkləri , 11 at, düşmən tərəfə keçdilər, azərbaycanlılar onları geri buraxmadılar. Əslində həmin heyvanları dağda dərədə meşədə canavarlar parçalayıb yeyib. Amma ermənilər elə həyasızdırlar ki, belə bir iddia irəli sürüblər.
Bir az əvvəl də eşitdim ki, Qarabağda separatçılara məxsus hərbi yük maşını yanıb. Hadisənin hansı ərazidə baş verdiyi açıqlanmır.
Xəsarət alanın olmadığı bildirilir. Amma vallah, bu ermənilərdəki həyasızlığın həddini bildiyim üçün deyirəm, utanmasalar deyəcəklər ki, maşını da azərbaycanlılar yandırdı.