Yazım, yazmayım... - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
5846 | 2023-04-29 12:42

Bəli, “yazım, yoxsa yazmayım”, deyə çox tərddüd etdim...

Soasial şəbəkələrdən belə anlayıram ki, insanların bir hissəsi narazıdır. Hər halda mənim fb – dostlarımdan çoxusu bu barədə xeyli statuslar paylaşıblar və paylaşmaqda da davam edirlər. Əsas narazılıq da yolların bağlanmasından, insanların da bundan əziyyət çəkməsindəndir. Bu tədbirin Azərbaycanın dünyada tanıdılmasında müstəsna rolu olduğunu yazanda isə bir çoxları adamı az qala topa-tüfəngə tutur. Bunu bir dəfə özüm də yaşadım. Bəli, doğru anladınız, söhbət Bakıda keçriləcək (bəlkə bu yazı gedəndə artıq yarış ya başlamış, ya da bitmiş olacaq) Formula 1 yarışından gedir. Bir neçə gün öncə bu yarışma haqqında sosial şəbəkələrin birində qısa bir paylaşım edərək yazdım ki, Formula 1 ölkəmizin tanınması üçün gözəl vasitədir. Məsələn, mənim yaşadığım Niderland tv – lərində və ümumiyyətlə, mətubatında bu yarışma ərəfəsində tez-tez xəbərlər verilir və yarışmanın keçriləcəyi yerin adını ən azı bir neçə dəfə qeyd edirlər. Yarışma özü də tv – ilə canlı yayımlanır. Sonra isə Formula 1 həvəskarlarının Azərbaycan, Bakı haqqında internetdə araşdırma etdiklərinə şübhəm yoxdur. Şəxsi tanışlarımdan neçəsi bunu etiraf edib. Hətta bir neçəsi mənə birlikdə Azərbaycana getməyi, yarışa baxmağı təklif edib. Bunların arasında mənim yol xərcimi ödəmək istəyənlər belə olub. Təəssüf ki, onların arzusunu yerinə yetirə bilməmişəm, müxtəlif səbəblərdən.

Bəlkə də bu yarışı elə təşkil etmək mümkün olardı ki, insanlar bundan çox əziyyət çəkməsin. Məsələn, yolları yarışdan xeyli öncə bağlamamaqla. Yaxud da, yarışı ölkənin başqa, sıxlığın nisbətən az olan bir şəhərində keçirtməklə və.s. Çünki insanları da anlamaq mümkündür. Onların da bir çoxu “Bu yarışdan bizə nə? Əsəbdən başqa bir şey qazanmırıq” və.s. yaza, deyə bilərlər. Onları haqsız da hesab etmək çətindir. Halbuki yarışmadan insanlarımızın da çoxusu faydalana bilərdi. Faydalanlar şübhəsiz ki, var, amma söhbət sadə insanlardan gedir. Məsələn, qeyd etdiyim ki, yarışmanın Azərbaycanda keçrilməsi ölkənin dünyada tanınmasında müstəsna rol oynayır. Bu isə ölkəyə turistlərin cəlb edilməsi üçün çox önəmlidir, həm də tək yarışın keçrildiyi vaxt deyil, gələcəkdə də. Ölkəyə turistin gəlməsi isə ölkəyə valyutanın gəlməsi deməkdir. Bunun isə iqtisadiyyat üçün nə qədər önəmli olduğunu yazmağa ehtiyac hiss etmirəm. Yazılarımın birində turistləri “Yeriyən pul ağacları” adlandırmışdım və bu, məncə, belədir. Təsəvvür edin, turist ölkəyə daxil olandan pul xırclıyir; taklsiyə, otelə, restoranlara, kafelərə və.s. Bu pullardan kimlər bəhrələnir? Başqa sözlə, “yeriyən pul ağaclarının” meyvələri kimlərə çatır? Bu suala cavab tapmaq lazımdır. Düşünürəm ki, sadə insanlar da bundan fayda hiss etsələr, meyvəsindən dada biləslər, müvəqqəti narahatlığa dözər, bu qədər gileylənməzlər. Məsələ bundadır ki, insanların əkəsəriyyətində inam olmadığını hiss edirəm. Onlar büdcəyə gedə biləcək vəsaitlərin onlara bir faydası olmayacağını düşünürlər. Haqsızdırlarmı? Cavabını orada yaşayanlar daha yaxşı bilərlər.

İnanıram ki, yarışmanın Azərbaycanda keçrilməsinə narazılıq edənlərin vətənpərvərlikləri heç də bu yarışmanın ölkəmizdə keçrilməsini təşkil edənlərin vətənpərvərliyindən az deyil. Onlar da qəlblərində ölkənin tanınmasını istəyir və buna sevinirlər. Amma... Ammasını özünüz bilirsiniz və mən də yuxarıda qısa olaraq bu barədə yazmışam. Bir misal verim. Bir neçə il öncə, Avroviziyon musiqi yarışması ərəfəsində telefonuma Niderlandda yaşayan tanışların birindən mesaj gəldi. Açıb baxdım ki, hamını yarışmada Azərbaycana səs verməyə səsləyən bir mesajdır. Onun fb səhifəsinə baxdım, eyni çağrışı gördüm. Bir neçə gün sonra isə yarışmada Azərbaycanın qalib gəlməsini istəmədiyini yazmışdı. Səbəbini soruşdum, bir neçə gün öncə fərqli paylaşımlar etdiyini xatırlatdım. O da cavabında Azərbaycanın qalib gəlməsini, lakin yarışmanın Azərbaycanda keçrilməsini istəmədiyini dedi. Fikrini də belə əsaslandırdı ki, yarışma Azərbaycanda keçrilərsə, insanlar əziyyət çəkəcək və bu yarışmanın orada keçrilməsinin insanlara heç bir faydası yoxdur. Bu iki arzunun arasında məntiqi bir bağlılıq tapa bilmədim, məlumdur ki, Azərbaycan qalib olardısa növbəti il yarışma orada keçrilməli idi. Amma nə demək istədiyini də anlamışdım...

Hə, əsas məsələ həm də anlamaqdır. Kaş anlayaydıq ki, ölkəni reklam ediriksə, demək ki, ölkəyə həm də turist cəlb etmək istəyirik anlamına gəlir. Kaş anlayaydıq ki, turistlərin gəlməsi üçün də münbit şarait yatmalıyıq və elə etməliyik hər gələn turist elə razı getsin ki, öz ölkəsinə qayıdanda ölkəmiz haqqında xoş sözlər deyə bilsin; qiymətlərdən, mədəniyyətimizdən... və turistlərə olan münasibətimizdən. Onları aldatmamağımızdan... Yoxsa bir yarışma ilə ölkəyə turist cəlb edib, bunun davamını gətirə bilməyəcəyiksə, insanlara əziyyət verməyinə dəymir. Heç onda ölkəni tanıtmağın da mənası yoxdur. Hələ mən otellərin qiymətindən, xidmət sahəsinin hansı vəziyyətdə olmasından və.s. söhbət açmıram.

... Qeyd etdiyim kimi, bu yazını yazıb yazmamaq barədə tərəddüd edirdim. İndicə, yaşadığım ölkənin (Niderland), televiziya kanallarının birində Formula 1 – in reklamını verdilər deyə, yazmağa qərar verdim. Bacardığım qədər qısa yazmağa çalışdım, yoxsa yarışmanın burada, dünyada ölkəmizi nə qədər tanıtması barədə çox yazmaq olardı. Bu yazını oxuyub “Orada (xaricdə) oturub bunları yazmaq asandır” deyə düşünənlər ola bilər. Nə deyim, haqsız deyilsiniz. Mən sizi anlayıram, amma siz də məni anlamağa çalışın. Bu yarışmanı dünyada sevənlər, izləyənlər çoxdur, milyonlarladır və demək ki, onlar da yarışma səbəbindən Azərbaycanı izləyəcəklər... Qısası, mən də haqsız deyiləm.

Vüqar Abbasov. Niderland.

[email protected]

P.S. trends.google.nl - ə görə son 24 saatda Niderlandda ən çox Formula 1 axtarışa verilib.

 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV