YER ÜZÜNÜN MƏLƏKLƏRİ… - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
2418 | 2023-09-04 12:03

Mən yaxşı həkimləri belə adlandırıram

…Allah-Təala həkimləri yer üzündə ona görə yaradıb ki, onlar ölüm ayağında olan insanları Əzrayılın əlindən alırlar. Yəni, yaxşı həkimlər Əzrayılla döyüşən və xəstəni onun əlindən alan mələklərə bənzəyir. O mələklərə ki, ancaq insanlara ömür bəxş edir, yeni bir nəfəs verir. Və o nəfəslə də həmin adam yenidən dünyada yaşayır, yaradır və ömrünü davam etdirir…

...Mənim həkim dostlarım çoxdur. Adlarını yazsam uzun bir siayhı alınar. Amma bir-ikisinin adını və soyadını xatırlamasam ürəyim partlayar: tibb elmləri doktoru Müşfiq Həsənov, tibb elmləri üzrə fəlsəfə doktorları, kardioloq-cərrah Firdovsi İbrahimov, kardioloq Rafiq Yusifli, üz-çənə cərrahı Bilal Əliyev… Siyahını artıra bilərəm, ancaq mənə elə gəlir ki, bu artıq insanlarda müəyyən təsəvvür yaradır. Kim deyir ki, Azərbaycanda savadlı, təcrübəli və vicdanlı həkimlər yoxdur, gözlərinin içinə qədər yalan danışır. Azərbaycanda elə savadlı həkim var ki, Avropadakı, Amerkadakı həkimlərdən heç də geri qalmır. Sadəcə olaraq, onların reklamı olmadığı üçün çoxlarımız belələrini tanımırıq və yanlarına gedə bilmirik…

…Bir neçə ay bundan əvvəl nəvəm Tunar İsmayılzadənin sifətində ləkələr əmələ gəlmişdir. Daha çox bu qızartıya bənzəyirdi. Elə həmin günü də onu xəstəxanaya aparmalı oldum. Öncədən deyim ki, Suraxanı Tibb Mərkəzinin sahə həkimi, gözəl insan Zeynəb xanım mənə düz yol göstərdi. Dedi ki, bizim Mərkəzdə cavan bir xanım var - dermatoloq Səidə Nazim qızı Əmirova. Gedərsən, onun yanına, o, sənin nəvəni düzgün müayinə edəcək və düzgün də müalicə yazacaq. Təbii ki, mən həmin xanımı tanımırdım. Suraxanı Tibb Mərkəzinin birinci mərtəbəsində şəxsi vərəqəni götürüb, onun yanına qalxdıq. Qapısını döyüb, icazə istədik. Çöhrəsində təbəssüm yarandı: «Buyurun!» - dedi. Səidə xanım elə ilk söhbətdən məndə xoş təəssürat yaratdı. Gördüm ki, həddindən çox səmimi, sadə və gözəl insandır. Nəvəmi müayinə etdi, sonra da müalicə üçün resept yazdı. Yazdıığı dərmanları alıb, bir həftə nəvəmi müalicə etdik. Bir həftənin içində üzündəki qızartılar çəkildi və nəvəmin sifəti əvvəlki görkəmini aldı. Görürdüm ki, sifətində yaralar olanda uşaq kompleks yaşayır və utanır. Amma Səidə Əmirovanın bir müalicə kursu ilə bütün xəstəliklər, daha doğrusu, yaralar çəkildi və nəvəm indi özünü lap yaxşı hiss edir. Zəng edib Səidə xanıma öz təşəkkürümü bildirdim!...

...Bir müddət keçmədi ki, ayaqlarımda da müəyyən problem yarandı. Yenidən Səidə Əmirovanın yanına getdim. Mənim ayaqlarımı müayinə elədi, resept yazdı və xəstəliklə əlaqədar dərmanları alıb, müalicəyə başladım. Artıq mənim də ayaqlarımda yaranmış xəstəlik sağalmaq üzrədir. Sözümün canı ondan ibarətdir ki, bu cür həkimlər Azərbaycanda o qədər də çox deyillər. Çünki onlar öz işlərinə vicdanla yanaşır, pasientlərlə mehriban davranır və üstəlik də kimdənsə nəsə ummurlar. Təbii ki, bu cür insani münasibətlər, belə təmiz, vicdanlı həkimləri cəmiyyətə daha çox sevdirir. Ən azından ona görə ki, yer üzünün mələkləri olan belə həkimlərin yanına gedəndə heç kəs ümidsiz geri dönmür. Əksinə, şəfa tapır...

Əmirova Səidə Nazim qızı 1993-cü ildən poliklinikada dermatoloq -həkim vəzifsində çalışır. O, bu gün isə Suraxanı Tibb Mərkəzində həmin vəzifəni çox şərəflə, vicdanla yerinə yetirir, yanına gələn pasientləri öz doğmaları kimi mehribanlıqla qəbul edir və yola salır. Əlbəttə, xəstələr də belə həkimlərdən həmişə razılıq edirlər.

Onu da qeyd edək ki, Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyevdir. Düzdür, mən Ələkbər həkimi tanımıram, amma əksər insanlar deyir ki, o, gözəl ziyalı, səmimi və mehriban bir adamdır. Üstəlik də kollektivə təzə rəhbər təyin edildiyinə baxmayaraq, Tibb Mərkəzində çox sağlam bir mühit yaradıb. Həkimə ən yaxşı qiymət verən onun xəstəsidir. Əgər xəstələrin əksəriyyəti deyirsə ki, filankəs həkim gözəl insandır, yaxşı həkimdir bu sözlərin səmimiyyətinə şəxsən mən həmişə inanmışam. Çünki xalqımızın belə bir deyimi var: «Elin gözü tərəzidir».

Səidə Əmirova həm də Diaqnoz Tibb Mərkəzində çalışır. Hamı da yaxşı bilir ki, bu mərkəz hansı müasir tibbi üstünlüklərə və texnologiyalara malikdir. Mərkəzin baş həkimi isə Ələddin Cabbarovdur. Mənim o Tibb Mərkəzində bir yaxın dostum - nervopotoloq İdrak Həsənov da çalışır. İdrak həkimlə uzun illərdir dostluğum var. Belində və digər yerində yırtıqları olan neçə-neçə yaxın dostlarımı həyata qaytarıb. Elə mənim özümü və dostum, qardaşım yazıçı-publisist Səməndər Məmmədovu necə müalicə edibsə, indi şükür Allaha ki, heç haramız ağrımır...

Bir sözlə, yazımın əvvəlindəki fikrimin üstünə qayıdıram. Həkimləri yer üzünə Allah-Təala ona görə göndərib ki, onlar bizi ölümün pəncəsindən alsınlar. Bax, dermatoloq Səidə Əmirova da belə mələk çöhrəli, mələk sifətli həkimlərdəndir. Nəvəm Tunar İsmayılzadə deyir ki, dədə, haçan Səidə həkimin yanına getsən, mənim təşəkkürümü ona çatdırarsan. Mən də nəvəmin təşəkkürünü onu müalicə edən Səidə Əmirovaya və Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyevə çatdırıram. Deyirəm, nə yaxşı ki, sizin kimi həkimlər var!...

 

TƏQVİM / ARXİV