Yer üzünün QARABAĞ düzü... - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
1271 | 2022-06-19 10:00

ŞUŞA

(ƏVVƏLİ BURADA)

(II yazı)

Yaşım az idi. Hər şeyi təfərrüatı ilə xatırlamaya bilərəm. Dolama yollarla bir şəhərə gəldik. Şəhər indi deyirəm. Asfaltın üstündə böyüyən balaca qızcığaza kiçik görünən bir yer... Yerləşdirdilər bizi. Dedilər bura Şuşadı. ŞUŞA!!! (O zaman ölüm-itim yox idi hələ. “Şəhid” sözü hər abzasda görünmürdü... Əvvəllər olub- keçmişdi. Amma mənim xəbərim yox idi. O zaman yox idi).

Dağ başında yamyaşıl bir şəhər təsəvvür edək. Deyirlər dumana, qara bürünmüş vaxtları daha çox olur. Yenə deyilənlərdən qulağım çalan sözlərdi. İki əsr əvvəl Pənahxan öz tayfası ilə bura gəlib, şəhər salıb, ətrafında qala tikdirib . Pənahabad deyib adına . Qarabağ xanlığı meydana gəlib. Araz çayına qədər hökmü keçən bu xanlıq İran hökmdarlarının hücumlarına baxmayaraq, çar istilasına qədər müstəqil mövcud olur. Sonradan özümün yaşadığı tarixi təbii ki, deyə bilmərəm. Amma böyüklərin söhbətlərindən belə anlayıram ki, dolaşıq və keşməkeşli bir həyat yaşayıb şəhər. Toponimikası da tarixi izlər daşıyır. İbrahim xan kahası, Cıdır düzü, Topxana ...

***

“ Mən Şuşa qalasına çıxanda elə bilirəm ki, dünyanın damına çıxıram. Doğrusu, burdan da hündür yerlərə çıxmışam. Bu hissi ancaq burada keçirirəm. Dünyanın damına çıxmışam. Üzüaşağı baxıram. İstədiyim yerlərə çiçək tullaya, istədiyim yerlərə daş qolazlaya bilərəm. İnsanları ucalığ , təmiz dağ havasına, günəşə, aya, ulduzlara yaxın olan yüksəkliyə səsləyə bilərəm.

Dialektika deyir ki, təbiətdə heç nə itmir. Şəklini dəyişir. Vaxtilə bu “damda “ oxunan neçə ilahi nəğməni daş maqnitafonlar nə şəkildə yaşadır görəsən? Qayaların yaddaşı nə qədər saxlar onları? Mən “dama” çıxıb, gözə heç bir sərhəd çəkməyən genişliyi seyr elədikcə dərindən inanıram ki, nə vaxtsa qayaları danışdırmaq mümkün olacaq . O zaman Qarabağ torpağında uyumuş nəğmələri bu yüksəklikdən insanlara oxuyacqlar.

...Bu ilin mayında yenə də o yüksək “dama” çıxdım . Adları məndə qəribə əhvali-ruhiyyə doğuran dağlara yenə baxdım. “Bağrı qan”... Nə qədər nakam məhəbbətə, taleyi dərə aşağı yuvarlanmışlara, əli qoynundalara xatirə yeri. “Topxana”,”Çaxmaq”, hücum , müdafiə, döyüş, atışma... Xalqın tarixinə tuşlanan güllələr, tökülən nahaq qanlar, yandırılan əlyazmaları...

Daha özümə söz vermişəm ki, “dünyanın damına çıxmayacağam . Sonra ordan enmək çətin olur...” Lap alçaq təpələrdən də enmək mümkünsüz olur bəzən, Şair... İtələyib atırlar səni, yumalanırsan dərəyə...

***

Hələ Ağdam qatarında Zeynal müəllim bizim Kəlbəcərə getmək istədiyimizi biləndə dedi ki, “İstisu yerindədir. Bir neçə gün Şuşada qalarsınız, sonra özüm sizi İstisuya yola salaram”.

Bizi internat məktəbin yataqxanasında yerləşdirdilər. Zeynal müəllim bizi diqqətlə, qayğıyla əhatə edir. Əli Kərimin oğlanlarıyla da tanış oluram, mən yaşda uşaqlardı. Elza xanımın gözəlliyi heyran edir məni... Sonradan şairin xallı qıza yazdığı şeirləri oxudum. Elza xanımın Qarabağla yaxın əlaqələri var. Deyəsən, anası oralıdır. Hətta bizi qohumlarıgilə qonaq da apardı.

İlk təəssüratım – Cıdır düzü ... Topayla adamlar yığışır, gəzişir, mahnı oxuyurlar. Qartal uçuşunu ilk dəfə orda gördüm. Atam deyirdi – diqqətlə bax, elə bil yerdən qaya qalxır. Cıdır düzü, musiqi səsi, qartalların qıy vurması. On yaşlı qızcığazın vətənlə tanışması... Ondan əvvəl Naxçıvana, Qubaya da getmişdim. Amma xatırlayıb, beynimə hopdura bilməmişdim. Yaşım az idi. Dərin tanışlıq Şuşada başladı.

Turşsu, İsa bulağı, Xan bulağı... Deyim ki, lap hayıl-mayıl oldum... elə deyil. Yooox, təbiətdən zövq alacaq, dərk edəcək qədər böyüməmişəm. İndi anlayan durumdayam, indi də məlum... Getmək olmur... Yəni olur ee, amma buna “olur “ da demək olmur...Təmtəraqlı gedişlər tanışlıq yaratmağa imkan vermir...

Həmin vaxt Xudu Məmmədov da Şuşaya gəldi. İnternat uşaqları çox sevirdilər onu, elə hiss etdim. O da onlarla çox mehriban idi. Sevil adında bir qızcığaz vardı. Hamıya deyirdi ki, atamdı Xudu müəllim... Görünür, yetim uşaqların özlərinə ata axtarışı, fantaziyası öz rolunu oynamışdı.

***

 

“Şuşa qalası. Çiçəklər içində qala . Qayalar ovcunda çiçək ...

Keçən il Xudu Məmmədovla belə bir qala-qayaya söykənib Daşaltıya tərəf baxırdıq. Dərə dərin və vahiməli idi. Mənə elə gəlirdi ki, dərənin dodaqları bir-birinə qovuşacaq. Əvvəl dərənin dibində çay boğulacaq, sonra döşlərdəki qala evlər yastılanıb dərə divarlarına yapılacaq. Uzaqdakı yaşıl işıq – meşə gözlərini bərk-bərk sıxacaq. Suyu ki yüksəkliyə tərəf axıtmaq mümkün deyil...Təbiətin ömrü də dərəsiz mümkün deyil. Yoxsa bu sehrli küləklər harda dincələr, harda gecələrdi?..

Xudu Məmmədov küləkdən xoşhallandığımı, az qala qanad alıb onlara qoşulmaq istədiyimi hiss eləyib, təbiətin,ümumiyyətlə, ətraf mühitin şairə necə poetik mövzu verdiyini, dağların duruşu, küləklərin əsim istiqaməti ilə müqayisəli şəkildə izah etməyə başladı. Qəribədir, təbiətdə hər şeyin dili olarmış. O dili hamı bilmir.

Külək təbiətin “latın dili” imiş. Dağlar, dərələr, düzənlər, meşələr bu dili gözəl bilirlər. Xudu müəllim bu dilin yaranma tarixindən, musiqi rənglərindən, onun lüğət fondundan elə qəribə danışırdı ki...

Bu ara elə bil iri bir qayanın başından boz daş qalxdı havaya. Daş qanadlarını açdı. Gördüm ki, qartaldır. Qanadlı qayalara bax:

Bir gündə nə qədər bir qartal boyu

Alçalır qayalar, qalxır qayalar !

 

Xudu müəllimə deyirəm: Görəsən, məndən başqa da bu hissi keçirən olubmu? Mən Şuşa qalasına çıxanda elə bilirəm ki, dünyanın damına çıxıram . Doğrusu buradan da hündür yerlərə çıxmışam. Bu hissi ancaq burada keçirirəm...” Məmməd Arazın düşüncələri... Şair qəlbinin qəribə havaları olur. Lakin bu qəlb havasından xəbər verən hava bürosunu yaradan ədəbiyyatşünaslar hələ doğulmayıb və doğulmayacaq da... Belə düşünürdü...

 

***
 

Əyalətdə harasa getmək lazım olanda atama maşını partiya təşkilatlarından verirdilər. Yəni indi anlayacağınız kimi olan partiyalardan yox – idarələr Kommunist partiyasına tabe idi. Maşınlar da onların tabeliyində. Az adamın şəxsi maşını olurdu. Bizim də, atamın sözüylə desək, “içinə doluşacağımız” maşınımız olmadığından Şuşada hərəkət vasitəsini idarədən göndərdilər. Hansı idarə soruşsanız – bilmirəm... Şuşadan aşağı endik. Stepanakertə (hələ Xankəndi toponimi populyar deyildi) getdik . OBKOM-a (Vilayət Partiya Komitəsi) gedəcəyik dedi – nə işi vardı, onu da bilmirəm. Yadımda qalan şəhərin təmiz, geniş və səliqəli olması idi. Belə bir az oralara tamaşa etdim. Sonra yenidən Şuşaya qalxdıq. Məskun olduğumuz internata yaxınlaşanda anam mənimlə birlikdə maşından düşdü. Bəzi dükanlara baxmaq istəyirdi. Təəccüblü gəlməsin – Bakıdan gəlib rayonda dükana baxmaq? Total defisit ölkəsində yaşayırdıq, qıtlıq olan. Azdan, çoxdan əyalət dükanlarında nəsə tapmaq olurdu. Yəni mərkəz zəhmətkeşlərin qayğısına qalaraq defisit malları ora göndərirdi. Anam mənə kukla aldı – gözəl alman kuklası idi. O vaxt Demokratik Almaniya vardı, yəni şərqi Almaniya. Sovetin Almaniyası. Bir də bacıma ayrı-ayrılıqda ev tikməyə yarayan oyuncaq kərpiclər... İndiki LEQO oyuncaqlar kimi. Neçə illər qaldı bizdə o kərpiclər. Cürbəcür evlər tikirdik onlardan. Neçə il Şuşa xatirəsi qaldı bizdə... Hardan aldığımızı xatırlayırdıq. Və yolla qayıdanda balaca bir qızcığaz çıxdı qarşımıza. Anam çağırdı qızı:

- Sevinc, ay Sevinc. Aaa, Qismət müəllimənin qızı.

- O kimdi?

- Bizim metodist .

İndi bunları yazaraq xatırlayıram ki, uzun illər Şuşasız qaldığımız o zamanlarda parlaq xəyal kimi gəlirdi gözümün qarşısına o balaca Sevinc də, anamın təəccübü də:

- Sən neynirsən burda? Maman da burdadı?

- Hə, Gülxanım müəllimə. Anam şuşalıdı da...

 

***
 

Baxmayaraq ki, kiçik, dar küçələri vardı, Şuşa deyəndə ilk yadıma genişlik düşür. Cıdır düzünün təəssüratıdı yəqin. Elə hopub yaddaşıma. Genişlik...

Bir də bizi qonaq çağırdılar – məktəb direktoru vardı, deyəsən Xaçaturyan idi familiyası. Gözəl süfrə açmışdı adam. Və xatırlayıram ki, qonaqlıq günü qızı qoşulub qaçmışdı. Görünür, qarışıqlıqdan istifadə eləmişdi qız. Kişi çox pəjmürdə idi, söhbətlərdən belə anladım ki, qız azərbaycanlıya qoşulub gedib. Və həm də dedilər ki, ikinci qızıdı azərbaycanlıya gedən.

... Gözəl, güllü-çiçəkli həyəti vardı. Həm də maraqlı dibçək gülləri çox idi. Anam güllərdən birini istədi kişidən. Nəsə çox çək-çevir elədi adam. Vermək istəmirdi... Anam üzünə saldı bir budaq qopardı... O güllər səkkiz ildən sonra çiçəklədi...

Böyük ailəsi vardı Xaçaturyanın. Və sonradan eşitdiyim söhbətlərə görə deyirəm ki, mötədil erməni imiş... Yəni dedilər “daşnak “ deyil. Əslində o sözün mənasın heç bilmirdim də. Hər halda gül-çiçəkli həyətini, mehribanlığını, qanacağını xatırlayıram... Uzun illər sonra atam xəstəxanada yatanda bir cavan, yaraşıqlı oğlan da vardı palatada. Atam dedi: “Yadınızda, Şuşada evinə qonaq getmişdik, məktəb direktoru. Onun oğludu – Mişa”...

***

... Zeynal müəllim bizi Şuşanın gecələrinə öz qəribəlikləri ilə “qonaq etməyinə” davam edərdi.
...Qabaqda bələdçi Zeynal müəllim, sonra qarmon çalan (qarmonu yeriyə-yeriyə çalardı), mən, bacımla anam, arxada isə atam gələrdi. Başımızın üstündə ay, parlaq ulduzlar, sərin Şuşa gecələri və qala divarları boyunca “uzanan səyahət”...

Sualım yadımdadı – bəs, xanın sarayı hardadı? Olmayıb? Dedilər, əlbəttə olub ... Dağıdıblar !!! Və Vaqifin məzar üstü abidəsinə də baxdım. Və məzarlıqda ağlayan gənc qız yadımda qalıb. Kim idi, kimin üçün ağlayırdı – kim bilir? Uşaq idim... Belə fikirlər məşğul etməzdi məni...

 

Günortalar isə Paşa və Azərlə oynayardıq. (Əli Kərimin oğlanları). Sonra İsa bulağına da getdik. O su atamı və Şəlaləni xəstələndirdi.
Bir az özlərinə gələn kimi geri – evimizə qayıtdıq. 12 günlük Şuşa səyahətimiz də beləcə bitdi.

Sonralar iki dəfə yenə getdim Şuşaya. Qalmadım əlbəttə. Gedib qayıtdıq. Və mən həmin şəhid şəhərimizi həm də valideynlərimlə birlikdə keçirdiyim xoş günlər üçün də xüsusi xatırlayıram... Keçən günə gün çatmaz... Nə o şəhər, nə də atamla, anam. Yəni şəhərin yenidən, keçmişdəki kimi qayıtmağı namümkün!!!

“Başqa ölkələrə səyahət etmək, yaxşı, keyfiyyətli geyim şeyləri almaq olar, ancaq o ölkələrdən Azərbaycana nəğmə gətirmək olmaz!”Məmməd Araz.

(Ardı var)

TƏQVİM / ARXİV