Bukmekerlər çempionatı - Xalid Kazımlı yazır

XALİD KAZIMLI
5585 | 2024-06-27 14:05

Açığı, qırmızısı belədir: artıq futbolun əvvəlki ləzzəti qalmayıb. Vaxtilə “idman növlərinin şahı” adlandırılan bu oyun indi “mərc oyunlarının şahı” adlandırıla bilər.

Hələ “mərc oyunları” deyəndə bir az elitar, mədəni çıxır. Kənardan baxanda elə bilirsən, mərc oyunudur, yaxınlaşanda görürsən ki, əsl qumardır. Özü də kənd qumarı – klubun dalında oynanılan, söyüşlü, mübahisəli, cığallığın adi şey olduğu qumardan.

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsi başa çatandan, türkün sözü, turnuva yeni mərhələyə - “udan yıxır, uduzan çıxır” perioduna keçəndən sonra bunu əminliklə söyləmək olar.

Daha nələr görmədik? Fransa və Hollandiya qolsuz heç-heçə edir, Belçika özündən qat-qat zəif hesab olunan, ad-sansız rəqibi ilə oyunun son dəqiqəsində topu günc bayrağının dibində daldalamaqla 5-6 saniyə vaxt udmağa çalışır, bütün dünya Almaniya millisindən darmadağın hesablı qələbə gözlədiyi halda, bu komanda güc-bəla heç-heçə edir, 4 gün əvvəl Türkiyə yığmasını 3:0 hesabıyla udan Portuqaliya millisi 8 gün öncə Türkiyəyə 1:3 hesabıyla uduzmuş Gürcüstana uduzur, İngiltərə 3 oyuna iki qolu zorla vurur və sair və ilaxır.

Diqqət edirsən ki, əksər komandalar qrup mərhələsinin son oyunlarını qələbə üçün oynamayıblar, mərc proqnozlarını darmadağın etmək, bukmeker kontorlarına milyardlar qazandırmaq üçün oynayıblar.

Hansı komanda iki qələbə qazanaraq qrupdan çıxmağını təmin edibsə, o növbəti, 3-cü oyunu sadəcə yola verib, başdansovdu oynayıb. Düzdür, bunu danışılmış oyun adlandırmaq, bir komandanın qələbə və ya heç-heçə nəticəsini rəqibinə satması kimi dəyərləndirmək olmaz, amma qolsuz nəticənin, “gözlənilməz məğlubiyyət”in bukmeker kontorlarına bəxş edildiyi göz qabağındadır.

Belə oyunlarda adətən iki cür proqnoz olur, birincini futbolu yaxşı bilən qatı azarkeşlər verir: “Almaniya (İspaniya, Fransa, Belçika, Poruqaliya) rəqibini darmadağın edəcək, ən azı 3 qol”. O birini isə bukmeker qumarbazlığından baş çıxaranlar dilə gətirir: “Oyunu satacaqlar, ya qolsuz bərabərlik, ya da minimal hesablı məğlubiyyət”.

Axırda nə olur? İkincilərin proqnozu doğrulur. Həm də 6 dəfə ard-arda. Demək ki, bu işlərin içində bir iş var.

Bunu hələ 15-20 il öncədən deyənlər də vardı, deyirdilər: “Qardaşlar, bir şey ki, “Real-Madrid” kimi əjdaha komandanın rəsmi sponsoru bukmeker kontorudur (Bwin), sizcə, bu komanda öz sponsoruna ildə 1-2 milyard pul qazandırmır?”
Amma futbol fanatları da o biri fanatiklər kimi qafaya qoyduqları ideyadan hələm-hələm geri durmurdular, inanmırdılar. Çempionatın axırına bir neçə oyun qalanda isə artıq ya çempion olmuş, ya da çempion olmaq şansını itirmiş “Real” bir də görürdün, məsələn, “Getafe”ə uduzur. Camaat darmadağın gözləyirdi, amma “Getafe” qələbə ilə qazandıı. “Barselona” da eləcə, “Atletiko” onlardan da betər.

Adicə bu il hələ Bundesliqa birinciliyinin bitməsinə 5 oyun qalmış çempion olan “Bayer-Leverkuzen” titulu qazanandan sonra düz-əməlli oyun oynamadı, daha çox heç-heçə etdi. Halbuki bu komanda keçən ilin yayından bütün rəqiblərini çiləyə-çiləyə gəlirdi.

Yüzlərlə belə misal çəkmək olar. Bütün bunlar onu göstərir ki, futbol sürətlə idman növü olmaqdan çıxır, pulla oynanılan masaüstü qumar oyunlarından (poker, “21”, bric, domino və s.) birinə çevrilir. Necə ki cıdırlarda təşkil edilən at yarışları artıq idman yarışması yox, qumar oyunudur, bu da eləcə.

Sadəcə, bu qumarın sxemi hələ aydın deyil. Qazanılan, daha dəqiqi, mərc qoşan azarkeşlərdən “sağılmış” milyardlar kontor və klub arasında hansı əmsalla bölünür, danışıqları kim aparır, mühasibat işləri necə düzülür-qoşulur, bunlar üstüörtülü məsələdir. Amma ortada böyük maxinasiyalar olduğu gün kimi aydındır.

İmtahan üçün, bu gün çıxın, 100 azarkeşdən Portuqaliya millisinin Gürcüstan yığmasına uduzması haqqında soruşun, 3-4 nəfər istisna olmaqla, hamısı qumardan danışacaq.

Beləcə, həyatımızı maraqlı edən gözəl idman əyləncəsi beynəlxalq qumarbazların əlində fırıldaq aləti olur. Düzdür, qumar özü də əyləncədir, həyatı maraqlı edir, amma bu, o vaxt olur ki, iki dəfə uduzanda bir dəfə də udasan. Futbol qumarında isə əksəriyyət həmişə uduzur, az-çox udanlar isə çox çəkmir, udduqlarından çox uduzurlar.

Biz də ekran qarşısında oturub deyirik, Mbappe bombardir olacaq, Ronaldo karyerasını çempionluqla bitirəcək. Ay-hay.

/musavat.com

TƏQVİM / ARXİV