Novruz bayramına Zəlimxan Yaqub işığında - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
202 | 2025-03-17 12:37

 Yol gedirəm

Gəlin etiraf edək ki, söz əbədiyaşarlığı o zaman qazanır ki, o, yaddaşa yazılır. Müəllifin halal haqqını oxucunun halal haqqına çevirir. Və beləcə söz təkcə müəllifin yox, həm də oxucunun mülkiyyəti olur. Ürəyi istəyəndə, yadına düşəndə, yeri gələndə ondan yararlanır. Necə ki, bizim  böyük əksəriyyətimiz, xalq şairi, heç vaxt unudulmayacaq Səməd Vurğunun «Azərbaycan» şeirini əzbər bilirik. Qürbətdə də, məmləkətdə də o şeirin işığında özümüzə təsəlli veririk. Yaşayırıq o şeirlə. Və deməli həm də Səməd Vurğunu yaşadırıq.

Bu mənada təqpibən  son  40 ilimizdə  ən çox oxunan şairlərimizdən biri də unudulmaz Zəlimxan Yaqubdur. İstər el şənliklərində, aşıq məclislərində, istər poeziya günlərində, istərsə də adamın ruhu rahatlıq tapmayanda üz tutduğu ünvandı Zəlimxan Yaqub şeiri. Və şəxsən mən birmənalı olaraq ardıcıl qapısını döydüyüm kitabların sırasında Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nüsrəi Kəsəmənli… eləcə də Zəlimxan Yaqub öndə dayanır. Oxuduqca dünənim də, bugünüm də, sabahım da gözlərimin önündə canlanır. Xatirələrim təzələnir. Elə iki gün öncə də yenə əhvalım orbitindən çıxmışdı.  Könlüm sızıldadı. Xəyalım dolaşdı. Əlimi uzadıb kitab rəfindən «Qarabağ şikəstəsi»ni götürdüm. Zəlimxan Yaqubun «Qarabağ şikəstəsi»ni. Bir dəfə oxumuşdum. Özü də hər şeirini, hər bayatısını təkrar-təkrar və barəsində də bacardığımı kağıza köçürtmüşdüm. İndi də köklədi məni. Qaytardı sözün işığına Zəlimxan Yaqubun «Qarabağ şikəstə»si. Bir də gördüm ki, ustadın misrasını təkrarlayıram, deyirəm ki:

- Arsız-arsız yaşayıram dünyada…

Yəqin sizin də diqqətinizi çəkdi bu misra. Ona görə siz də oxuyun bu şeiri:

 

Canım çıxdı quraqlığın əlindən,

Yaylağım yox, yağışım yox, qarım yox.

Kölgəsində sərinlənib qalmağa,

Ağacım yox, yarpağım yox, barım yox.

 

Tanrım, mənə nələr yazdı qismətim,

Zərrədən də min qat azdı qismətim.

Bir təhqirdi, bir qapazdı qismətim,

Bundan özgə xeyrim yoxdu, karım yox.

 

Torpağımı kəsən, tökən qayçı var,

Bir payımdan, min pay çıxan payçı var.

Düdükçü var, zurnaçı var, züyçü var,

Şuşam yoxdu, muğamım yox, tarım yox.

 

Çaqqal çöldən çəkdi yedi, it evdən,

Çılpaq qaldı, çıxammadı lüt evdən.

Nəyim qaldı bölünməzdən, bütövdən?

Yarım varsa, yarım yoxdu, yarım yox.

 

Nələr salır haray yada, ün yada?

Qarabağda işıq verir gün yada.

Arsız-arsız yaşayıram dünyada

Arım yoxdu, arım yoxdu, arım yox!

 

Bəli, ayrı-ayrılıqda fərq olaraq yəqin ki, hansısa məqamda biz içimizdən bu hissləri keçirmişik. Qarşılaşdığımız haqsızlıq, ədalətsizlik, biganəlik, nankorluq, xəyanət, bir sözlə, ruhumuzu, ürəyimizi üzən naqisliklər bizi dünya ilə üz-üzə qoyub.., Biz  də  bu  səbəblərdən  dünyadan küsmüşük, dünyaya etiraz etmişik, onu günahlandırmışıq. Özümüz də bilə-bilə ki, bütün bunları bizim çevrəmizdəkilər edirlər. Adam cilidində olub adam olmayanlar törədirlər, onlar yeyirlər haqqımızı. Biz isə köhnə kişilər demiş, «eşşəyin əvəzinə palanı döyürük»…

Həqiqətən misraların yükü, fikir tutumu, yaratdığı ovqat adamı bir az özünə qaytarır... bir az toparlanmasına, ayağını yerə bərk söykəməsinə əl uzadır, rişə verir. Həmin o uzanan əldən tutub düşünürsən, anlamağa çalışırsan. İstəyirsən ki, yerlə-göyün arasındakı bu boşluqda kim olduğunu təxmin edə biləsən. Qarşılaşdığın, özün üçün yaratdığın sualın cavabını tapa biləsən. Həmin məqamda gözünü torpaq çəkir. Ayaqlarının ucuna baxanda anlayırsan ki, axtardığını tapmısan. Tapdığın isə sənin kim olduğundu, yəni sənin kimliyindi. O kimliyin yozumu Zəlimxan Yaqubun səsi ilə, nəfəsi ilə gəlib çatır mənə, sənə, oxucuya. Bilirik, kim olduğumuzu və anlayırıq ki, elə Zəlimxan Yaqub da bizimlə bir yerdədir. Axı, o yazıbdır:

 

Bu dağ mənim öz dağımdı,

Mən bu dağın bulağıyam.

Çəmənində közə dönmüş

Şölələnmiş çırağıyam.

 

Bu daş mənim öz daşımdı,

Öz tarixin, öz yaşımdı.

Qaya məğrur qardaşımdı,

Onun səsi, sorağıyam.

 

Bu yol mənim öz yolumdu,

O tay, bu tay sağ-solumdu.

Xəzər sinəm, Kür qolumdu,

Xan Arazın fərağıyam.

 

Seçməliyəm tükdən tükü,

Ağırdı çiynimin yükü.

Köküm Dədə Qorqud kökü,

Qaracoğlan bulağıyam.

 

Deməsinlər gəldi-gedər,

Keçirmərəm ömrü hədər.

Öləndə də qəbrim qədər

Azərbaycan torpağıyam!

 

İndi bildinizmi, biz kimik? – özünü dərk edən, özünü vətəndaş sayan hər birimiz bu vətənin bir ovuc torpağıyıq. Bu torpağın barı, bərəkəti əslində bizlərik. Aydınlarımızdı, igidlərimizdi, xanım-xatın qızlarımızdı. Önə çıxan, söz, sənət sahibi olan və öz ziyasının işığında Azərbaycanı tanıdanlardı. Təbii ki, cır meyvələr həmişə olub. Bu mənada bizlərin arasındakı qüsurluların, naqislərin, yurda, millətə ləkə olanların mövcudluğu dünyanın hər yeri üçün xarakterikdir. Ona görə də yaxşıları daha çox görmək, dəyərləndirmək, arxasında dayanıb önə getməsinə yardımçı olmağı bacarmalıyıq. Məhz bu yolu tutsaq, yenilməz, qolu, dizi bükülməz olacağıq.

Bu  anlarda  ruhumu oxşayan «Qarabağ şikəstəsi»nin bayatılar bölümünə gəlib çıxıram. İlk qarşılaşdığım bayatı dərhal diqqətimi çəkir, Zəlimxan yazır ki:

Qeyrət göynər, ar  sızlar,

Yarsız qalsa,  yar sızlar.

Burda BƏXTİYAR yanar,

Orda ŞƏHRİYAR sızlar.

 

Sevinci az eylədi,

Dərdi taraz eylədi.

Həsrətimiz Məmmədi –

MƏMMƏD ARAZ eylədi.

 

Dilimiz qısa qaldı,

Yasımız yasa qaldı.

Çadırlara dil demək

AQİL ABBASA qaldı.

 

Can bağçalar, can bağlar,

Yaralarım şan bağlar.

Bayatı bir zəmidi,

Dərzi ZƏLİMXAN bağlar.

 

Qarşımdakı kitabı qatlayıb bir kənara qoymağa tam səmimi deyim ki, əlim gəlmir, ayrılmaq istəmirəm. Çünki bu kitabda bir-birini tamamlayan şeirlər, poemalar öz aurasından uzaqlaşmağa imkan vermir mənə. Hələ Qarabağın, Şuşanın işğalda olduğu illərdə Zəlimxan Yaqubun az qala dünyaya meydan oxuya-oxuya yazdığı «Şuşa şikəstə»si, «Şuşada balam qaldı» və digər Şuşayla, şəhidlərimizlə, əsgərlərimizlə bağlı şeirləri, adamı təşnə edən ruhu indi də qaysaqlamış və sağalmaq üzrə olan yaralarıma sığal çəkir. Onda ustadım Zəlimxan  yazırdı ki:

 

Şuşa deməlidir yanan dilimiz,

Şuşa deməlidir saat da, an da.

Şuşa deməlidir gözdə nurumuz,

Şuşa deməlidir damarda qan da.

 

Məhəbbət pisliyi kürüməlidir,

Xəyanət buzları əriməlidir.

Hamı getməlidir, yeriməlidir,

Qeyrət dediyimiz silaha doğru.

 

Şuşa deməlidir çölün quşu da,

Şuşa deməlidir dağın daşı da.

Şuşa deməlidir gözün yaşı da,

Şuşayla yeriyək sabaha doğru.

 

Şuşa deməlidir canda nəfəs də,

Şuşa deməlidir gözdə həvəs də.

Şuşa deməlidir boğazda səs də,

Şuşayla ucalaq Allaha doğru.

 

Ruhun şad olsun, böyük ustad. Bu gün də bizə əmanət qoyub getdiyin,   Söz Qalasının divarlarına hördüyün misraların, fikirlərin könlümüzü oxşayır,  darıxanda, sıxılanda, qayğıların içində itib-batanda hayımıza çatır. Yenə hiss edirik odunu, alovunu... Yenə bir-birinə muncuq kimi düzülən sözlərin işığında nurlu çöhrəni görürük və yenə bütün işğal dövründə bir an da olsun səni tərk etməyən qələbəyə inamının xoşbəxtliyini yaşayırıq. Sən hələ qələbədən çox-çox əvvəl yazmışdın bu misraları və hamımıza demişdin ki, bizi yalnız QƏLƏBƏə  yaşadacaq. Mən də həmin o şeirin bir bəndi ilə  yazdıqlarıma nöqtə qoyuram.

 

Doğan Günəşdir sökülən danın,

Alar qisasını tökülən qanın.

Ucaldar başını Azərbaycanın,

Qələbə! Qələbə! Yalnız Qələbə!

TƏQVİM / ARXİV