Hər şeyin geci- tezi var! Əvvəl- axır adamın qabağına çıxır. Amma bəzi varlı, pullu adamlar var ki, milyonlar onların gözlərini tutub; nə Allahdan qorxur, nə də qanundan! Və bircə arvaddan qorxurlar.İnsanın bir şeydən qorxusu olmayandan sonra atını hansı istiqamətdə desən çapa bilir.Amma bu at onu bir gün götürüb çox- çox uzaqlara aparır və özü qarışıq düşür uçurumun dibinə.
Ordan ha qışqırsa da, Allahdan başqa heç kim onun səsini eşitmir. Allah onun səsini eşitsə də, əməli- saleh olmadığına görə beləsinə kömək göstərmir. Elə bil ki, bir qədər mətləbdən uzaq düşdük! Bəzi sahibkarlar, iş adamları var ki, özlərini Allah kimi aparırlar. Pulları, var- dövlətləri var deyə gözləri ayaqlarının altını görmür və düşünürlər ki, hamı onların qabağında baş əyməlidir! Bu günlər bir tikinti şirkəti - konkret olaraq" MELİSSA GROUP" Bakının Yasamal rayonunun Alatava yaşayış sahəsində vətəndaşa məxsus üç mərtəbəli evini ona xəbərdarlıq etmədən ekskavatorun ağzına verib bir hissəsini dağıdıb.
Deyilənə görə, iş adamı Qalıb Məmmədova məxsus olan bu tikinti şirkəti həmin yerdə yüksək mərtəbəli bina tikmək istəyirmiş. Axı sən kimsən, ay Qalıb Məmmədov ev sahibinin və məhkəmənin qərarı olmadan evi sökürsən. Ev sahibi deyir ki, bu mülkün dəyəri bir milyon yarımdır. Deyilən məbləği verməməyin bir yana, məhkəmə qərarı olmadan söküntü işlərinə başlayırsan. Bax belə tikinti şirkətlərinin rəhbərləri özlərin padşah kimi aparır, insanlara yuxarıdan aşağı baxır. Bunlar Azərbaycan qanunlarını saymırlar, hər şeyi öz arşınları ilə ölçürlər. Bizim ölkəmiz demokratik, hüquqi, sivil bir məmləkətdir.
Yəni bizdə qanun şahdır, şah qanun deyil! Prezident İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, mən bu xalqın bir nömrəli xidmətçisiyəm! Bəs, onda sən kimsən, Qalıb Məmmədov. Ona görə də məhkəmə bu cinayəti törədənlər, eləcə də Qalib Məmmədov barəsində həbs qərarı çıxarıb və düz də edib! İndi ev sahibinə dəymiş ziyan da ödənilməlidir. Və bu hadisə bütün vəzifə sahiblərinə, o cümlədən tikinti şirkətlərinə bir dərs olmalıdır ki, insanların razılığı və məhkəmə qərarı olmadan heç bir söküntü işləri aparmaq olmaz!
Bu ölkənin sahibi var, qanunları var! Kimliyindən asılı olmayaraq hamı bu qanunlara hörmətlə yanaşmalı, ona əməl etməlidir. Əks- təqdirdə onları da Qalib Məmmədovun taleyi gözləyir!!!