Fazil Mustafa, ümumiyyətlə sən neynəmək istəyirsən, dərdin nədir? - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
20660 | 2023-10-05 13:37

Bəlkə də bir çoxunuz xatırlayırsınız: Bir neçə il əvvəl “Lider” TV-də yayımlanan "Status” verilişinin canlı efirində deputat Fazil Mustafa ilə tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli arasında gərginlik yaşandı. D. Əzimli Babəklə bağlı müzakirə zamanı onun Azərbaycanın tarixi şəxsiyyəti və cəsur türk sərkərdəsi olduğunu deyəndən sonra Fazil Mustafa Babəkin türk olmadığını iddia etdi və tarixçini "savadsız” adlandırdı.

Mərhum D.Əzimli deputata onun tarixdən xəbərsiz olduğunu bildirərək, "özünsən savadsız” cavabını verdi.

O arada jurnalist Natiq Cavadlı da sosial şəbəkə hesabında bildirib ki, Fazil Mustafa azadlıq aşiqi olan liderindən imtina edib:"Deputat Fazil Qəzənfəroğlu ANS-də Babək Xürrəmdini yalançı, uydurma qəhrəman sayır. Ancaq Qəzənfəroğlunu anlamaq olar, çünki adam azadlıq və müstəqillik aşiqi olan liderindən imtina edib gedib oturub saxta parlamentdə. Belə adam Azadlıq nə olduğunu hardan bilsin.

Babək Xürrəmdin isə Azadlıq aşıqi idi”.

Ondan əvvəl isə F.Mustafanın mərhum prezident Əbülfəz Elçibəyin təsis etdiyi “Şah İsmayıl Xətai medalı”nın ləğv edilməsi barədə fikirlər səsləndirməsi , “Səfəvilər fəlakət tariximizdir” , “Şah İsmayıl şərab içirdi, şiələr şərab içir?” deyib dəfələrlə bütöv Azərbaycan dövlətinin banisi olmuş qüdrətli şahımıza qarşı fikirlər söylədi. Yenə xalq da, özünün həmkarları da onun cavabını yetərincə verdilər.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının cavabı lap yerinə düşdü: “Bir neçə il öncə Fazil bəyə bu barədə çox sərt cavab vermişəm. Tarixi faktlarla əsaslandırmışam ki, Şah İsmayıl Xətainin üzərinə bu şəkildə getmək Azərbaycan tarixini, özü də şərəfli tarixini təhqir etmək deməkdir. Belə mövqe Fazil bəy tərəfindən doğru deyil. O, təbii ki, ziyalıdır, yüksək intellekti var, məlumatlıdır. Amma tarixçi deyil. Onda tarixi təfəkkür yoxdur. Şah İsmayıl Xətaini Bütöv Azərbaycanın banisi kimi dəyərləndirmək və ona hörmət etmək lazımdır. Məncə, Fazil Mustafanın Xətaiyə münasibəti təriqətçilikdən irəli gəlir. Bəlli olduğu kimi, Fazil bəy bildiyim qədəri ilə kökü şiə olmasına baxmayaraq, Türkiyəyə gedib-gəldikdən sonra sünniliyi qəbul edib.

Görünən odur ki, təriqətdən irəli gələn təriqət təəssübkeşliyidir ki, Fazil bəy hər zaman Şah İsmayıl Xətainin üzərinə gedir

Faktiki olaraq Fazil Mustafa Şah İsmayılın üzərinə getməklə, Azərbaycan tarixinə böhtan atmaqla kifayətlənmir, onu təhqir edir. Bu yaramaz. Dəfələrlə ona demişəm ki, dayan, etmə. Sən Xətainin Azərbaycan tarixinə, xalqına vermiş olduğu töhfələrin milyonda birini həyatın boyu bundan sonra yaşasan da, verə bilməzsən. Bu dövlətlə Şah İsmayılı eyniləşdirməyin özü nadanlıqdır, savadsızlıqdır, tarixdən bixəbər olmaqdan irəli gəlir. Gedin tarixi öyrənin, lütfən”.

Fazil Mustafanın çox səhvlərini ortaya tökmürəm, keçək son həftə etdiyi açıqlamalara.

Deməli, Milli Məclisin 2 oktyabrda keçirilən iclasında deputat Fazil Mustafa təqvimdən bütün matəm günlərinin çıxarılması təklifi ilə çıxış etdi:“Qalib dövlətin ancaq qələbə günləri olmalıdır. Matəm günlərinin təqvimdən çıxarılmasına baxılmalıdır”.

Bu dəfə deputatın layiqli cavabını tanınmış alim, dosent Zaur Əliyev verdi. Dedi ki, Azərbaycan müstəqillk əldə etdikdən sonra hazırda təqvimdə üç tarixi matəm günü kimi qeyd edirik:

“20 Yanvar – Sovet qoşunlarının törətdiyi qətliam, 26 Fevral – Xocalı soyqırımı və 31 Mart – azərbaycanlıların soyqırımı günü matəm günləridir. Bu günləri ləğv etmək o deməkdir ki, biz tarixi yaddaşımızı silirik, unuduruq. Fazil Mustafa bu təklifi hansı məqsədlə edib, dəqiq deyə bilmərəm. Lakin dövlətin inkişafı, var olması üçün onun tarixi yaddaşını qoruyub, saxlamaq gərəkdir. Fazil Mustafa bu təklifi gələcəkdə Azərbaycan vətəndaşı olacaq erməniləri qorumaq üçün deyirsə, səhv edir. 1915-ci ildən bəri Cümhuriyyət dövründə də, Sovet dövründə də, indinin özündə də ermənilər qondarma soyqırımı əllərində bayraq edib, dünyaya tanıdırlar. 1965-ci ildə İrəvanda qondarma erməni soyqırımına ucaldılan abidə ilə ermənilər bu hadisəni tarixi yaddaş kimi qeyd edirlər. O zamanlar da birgə yaşayırdıq. 31 Mart soyqırımını onda kimsə yada salmırdı, amma ermənilərin uydurma soyqırım tarixi qeyd olunurdu”.

İndi də bu səhər tezdən durub deyir ki, Qarabağda küçələrdən birinə erməni Georgi Vanyanın adını vermək olar: adam Ermənistanı işğalçı dövlət, Qarabağdakı addımları da separatçılıq kimi qiymətləndirir və oradakı terrorçu xuntaya qarşı açıq bəyanatlar verirdi. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, iki xalq arasında müharibənin öz millətindən olan səbəbkarlarını ittiham edirdi. Əslində ermənilərin içində bəlkə də ən uzaqgörən adam sayıla bilərdi. Erməni mühitində bu cür cəsur fikirləri açıq şəkildə duyurmaq böyük bir cəsarət tələb edən bir xarakterdən xəbər verir. İndi biz Georgi Vanyan adını ermənilərin içində sülh tərəfdarı bir obraz kimi təbliğ etsək, qalib dövlət və millət kimi beynəlxalq arenada yaxşı bir imic əldə etməklə yanaşı, digər ermənilərin də barışcıl məcraya yönəlməsinə az da olsa təsir göstərə bilərik. Yəni “erməninin terrorçusunu lənətləyir, sülhsevərini alqışlayırıq” formasında bir imic yaratmaqdan söhbət gedir”.

Görəsən, Fazil Mustafa, oğlunun qanı bahasına alınmış Xankəndinin küçələrini qürurla, gəzən şəhid anasının qarşısına çıxan “Georgi Vanyan küçəsi” trafaretini görəndə hansı hisslər keçirəcəyini anlayırmı? “Mənim oğlum Xankəndidə “Georgi Vanyan küçəsi” olması üçünmü şəhid oldu?"

Sonra qəlbinin yanğınlarını sözlərə tökən həmin şəhid anası bilirsiniz nə deyəcək?: Ay bu ideyanı verən səni görüm....

Ümumiyyətlə, deputat Fazil Mustafanın hər açıqlamasından sonra düşünürəm: bu rəsmi şəxs, deputat, vətəndaş axı nə etmək istəyir? İmkanım, əlaqəm olsa, özündən də soruşardım: Fazil Mustafa sən neynəmək fikrindəsən?

TƏQVİM / ARXİV