Gərginliyi azaldan nədir? - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
6311 | 2022-07-06 13:02

Əgər bu suala “pul” deyə cavab verirsinizsə, bu yazını sona kimi oxumağınızı xahiş edirəm.
Məndə belə təəssürat var ki, Azərbaycanda yaşayan soydaşlarımızın əksəriyyəti Avropada insanların hamısının zəngin həyatı yaşadığını düşünür; burada insanlar çox az saat işləyir, günün yerdə qalan hissəsini kafelərdə, restoranlarda keçirdirlər. Maaş da o qədər yüksəkdir ki, bir aylıq maaşla maşın, iki aylıqla ev, bir neçə ay toplasan isə Marsda torpaq belə almaq mümkündür. Ona görə də insanlar gülərüz, şən görsənirlər. Gərginlik filan da ya yoxdur, ya da azdır. Əlbətdə ki, bir qədər mübağilə etdim, amma buna bənzər düşünənlər də az deyil.  İnsanların əksəriyyətinin gülərüz, qayğısız görsənməsi isə mübağilə hesab edilməməlidir. Bunu isə həmişə pula, madiyyata bağlamağı düzgün hesab etmirəm...

 
...Əvvala oradan başlayaq ki,  Avropa böyükdür və qoca qitənin hər yerində insanların yaşayış səviyyəsi eyni deyil. Bu yazımda Qərbi Avropadan, bir qədər daha dəqiqləşdirsəm, Niderlanddan bəhs edəcəm və çalışacam ki, qısa olsun.  Daha doğrusu insanların gülərüz, qayğısız görsənməyinin səbələrindən yazmaq istəyirəm, əlbətdə ki, şəxsi düşüncələrimi.
 
Niderlandda minimum əmək haqqı bu ilin iyul ayının birindən € 1.756,20 olub.  Söhbət 36-40 saatlıq iş rejimində işləyən birinin əmək haqqından gedir.  Başqa sözlə, burada insanlar həftənin beş gününü işləyib, iki gününü istirahət edirlər. Amma bu məbləğ sizə çox görsənməsin. Əgər ailədə bir nəfər işləyib bu maaşı alarsa, dolanmaq o qədər də asan olmaz. Baxmayaraq ki, minimum əmək haqqı olan şəxslərə bir çox güzəştlər nəzərdə tutulub. Lakin bu gün bu barədə yazmayacam. Bəs necə olur ki, bu qədər əmək haqqı alan birinin üzündə gərginlik ya olmur, ya da az olur? Axı bu maaşla dolanmaq asan deyil. Bax bundan söhbət açmaq istəyirəm.
 
...Səhər tezdən durub işə getməmişdən öncə  əl-üzünü yumaq, duş qəbul etmək təbiidir və bunları etməyin üçün də heç bir problem yoxdur; isti-soyuq su daimidir. İşıq da, qaz da kəsilmir. Yəni səhər tezdən əsəbləşməyin üçün əsas yoxdur...
 
İş yerinə ictimai nəqliyyatla gedəcəksən? Avtobuslar vaxtında işləyir, yəni problem yoxdur. Etiraf edim ki, qatarların hərəkəti barədə bunu demək mümkün deyil.  İşə şəxsi maşınınla gedəcəksən? Yollar rahatdır. Yolboyu da əsəbləşməyin üçün əsas olmur; hamı maşını öz yolu ilə sürür, işıqforda (sfetaforda) yaşıl işıq yanmamış arxadan, sənin yaşıl işığı görməyəcəyin qədər kor olduğunu düşünüb, siqnallayan yox, bədəninin bütün ağırlığını sağ ayağının üstünə salıb maşına dibinə qədər qaz verən yox... Sağa-sola dönən hər kəs dönməni bildirən xəbərdarlıq işığını yandırır...  (Təbii ki, bəzən qaydaları pozanlara da rast gəlirsən, amma bəzən...)
 
...Gəlib çıxırsan iş yerinə.  İşçilər üçün qoyulmuş aparatda hər cür içki var, hansından istəyirsən iç: qəhvə, espresso və daha neçə cür içkilər. Çay istəyirsən? O da var, hazırla və iç. Özünlə yemək gətirmisən? Qoy soyuducuya. Meyvə yemək istəyirsən?  Mətbəxdə işçilər üçün qoyulmuş meyvələr vaxtaşırı təzələnir, hansından istəyirsən seç. İşini keyfiyyətli icra etmən üçün nə gərəkirsə verirlər; iş yerinin maşını, limitsiz danışıq dəqiqələri, internet olan telefon, bir tablet, bir komyuter və.s. Təbii ki, əgər bunlardan hər hansı biri  sənə işini icra etməyin üçün lazımdırsa.  Rəhbərlikdə olanlar da kiminsə adamı olması mümkün deyil, demək olar ki, hamısı peşəkar, işini bilən adamlar olurlar. Həmkarların da işə pulla, tanışlıqla qəbul edilməyiblər.  Rəhbərlik hanısısa həmkarını “qara aş-gözünə,” daha doğrusu, buranın durumuna görə “sarı qaş-gözünə” görə üstünlük vermir. Hamıya yanaşma eynidir, hər kəsə bacarığına görə dəyər verilir...
 
...Tv – yə baxırsan, yaltaqlıq görmürsən. Bir çox halda eşitmək istədiklərini də eşidirsən. Məsələn, son vaxtlarda bir çox məhsulların qiymətlərinin qalxmasını öz gündəlik həyatında hiss edə bilirsən və bunu tv – də də eşidir, görürsən.  Bu baxımdan təqidi verilişlər də verirlər. Qəzetləri vərəqləyirsən,  o da onun kimi. İnsanların gündəlik həyatında rastlaşdıqları, rastlaşa biləcəyi çətinliklərdən də yazırlar. Sənin haqqının tv – də də, qəzetdə də müdafiə olunduğunu görmək  adamda xoş hiss yaradır və əsəbin, gərginliyin azalır.  Mətbuatda arsız-görsuz yaltaqları görüb əsəbləşmək kimi bir qayğın da yoxdur...
 
Harınlamış məmurlardan söhbət gedə bilməz. Bir örnək, bələdiyyə başçısı da marketdən bazarlıq edir və gəlib kassada hamı kimi növbədə dayanır. Kimsə də onu bələdiyyə başçısı olduğu üçün önə buraxmağı düşünmür...
 
Hər hansı bir sənəd almaq lazımdırsa, yaşadığın bələdiyyədə bir neçə dəqiqəyə bunu  həll edə bilirsən.  Burada belə xidmətlər çox asandır və əsasən bələdiyyədə həll etmək mümkündür.
 
...Uzun yaza bilərəm, amma bu qədər bəsdir. Bir sözlə, gündəlik həyatında nəyə əsəbləşəsən? Burada insanların hamısı zəngin deyil,  amma adamı gərginləşdirəcək səbəblər də çox deyil.  Şəxsən mənim üçün gərginlik gətirəcək əsas səbəb, doğmalarımdan, yaxınlarımdan, elimdən-obamdan  uzaqda olmağımdır.
Necə düşünürsünüz, gərginliyi azaldan nədir?
 
Vüqar Abbasov. Niderland.
[email protected]
 
P.S. Əlbətdə ki, burada bütün iş yerlərində belə şərait yoxdur. Amma söhbət çoxluqdan gedir, əksər iş yerlərində buna bənzər şərait yaradılıb.

 

TƏQVİM / ARXİV