Xalid KAZIMLI: Əsl rüsvayçılıq - özünü biabır edənlərin nümunə və ulduz olması

XALİD KAZIMLI
35687 | 2019-04-10 17:48

Cəmiyyətdə gedən deqradasiya barədə söhbətlər intensivləşib. Qəzetlər, saytlar yazır, sosial şəbəkələr müzakirə edir, insanlar orda-burda narahatlıqlarını bildirir.

İndiyədək gizli şəkildə gedən mənəvi aşınmanın açıq şəkil almaqda olan forması cəmiyyətin güzgüsü olan medianın (istər elektron, istərsə də çap mediası) vasitəsilə gün üzünə çıxır.

Bəzən buna görə medianı suçlayırlar. Ümumiyyətlə, bir bu deyil, zaman-zaman cinayət faktlarının çoxalmasına, intihar aktlarının artmasına görə də medianın suçlanması halları olub. Guya ki, mətbuat bu faktları yazır, yayır, populyarlaşdırır.

Əslində isə bu, olduqca absurd bir qənaətdir. Ölkə əhalisinin 1 faizi qəzet oxuyur, ya da oxumur. Cinayət törədənlərin və ya intihar edənlərin 99 faizi isə ömründə bir dəfə qəzet oxumayanlardır.

İndi bu məsələdə də medianı təqsirləndirənlər var. Neqativ hallar, biədəbliklər, rüsvayçı qalmaqallar ona görə baş verirmiş ki, media bu barədə yazırmış. Cəfəngiyyatdır.

Hər hansı biabırçı qalmaqallar barədə qəzet və saytlar o vaxt yazırlar ki, artıq o rüsvayçılıqlar barədə ölkədə hamının xəbəri olur - qalmaqallı görüntülər yüz minlərlə telefon istifadəçisinin əlindən keçib hər kəndə, şəhərə yayılandan sonra media ona münasibət bildirir, hadisənin kökünü, səbəbkarlarını, zərərçəkənlərini ayırd etməyə çalışır.

Bir neçə günün içində populyarlaşaraq ölkə insanlarının müzakirə mövzusuna çevrilən həmin olayların üstünə ən düzgün adı da elə mətbuat qoyur, onu rüsvayçılıq, biabırçılıq adlandırır, ictimai qınaq mühiti təşkil edir, suçluların cəzalandırılması üçün çağırışlar edir və bir çox hallarda məqsədinə çatır.

Təəssüf ki, son həftələrdə o cür biabırçı qalmaqallar çox olur. Biz sanki "Rüsvayçılıq” adlı bir serialın içindəyik və 3-4 gündən bir onun yeni bölümünə tamaşaçı, hətta bu və ya digər şəkildə iştirakçı oluruq.

Bunlar xoşagələn hadisələr deyil, əttökəndir, əsəb cırmaqlayandır, əndişə doğurandır, ancaq heç də faciə deyil, sadəcə, pis təmayüldür.

Baxaq, görək, açıq şəkildə narkotik maddələrin təbliğatı demək olan "Kazbek” mahnısının çırpışdırılma melodiyasına oynayan qızlar neçə nəfər idi? On, əlli, yüz nəfər. Onların da bir qismi həyat yolları və əxlaqları bəlli olan gənc qadınlar, bir qismi də müasir dövr texnologiyasının körüklədiyi populyarlıq fitnəsinə uyanlar idi. Vəssalam.

Ölkəmizin milyonlarla qadınının, qızının içində 50-100 nəfər cızığından çıxmış qadının bu hərəkətini millətin zərif cinsinin adına yapışdırmaq olarmı? Qətiyyən olmaz. O qızlar kamera qarşısında özlərini "Kazbek” doldururmuş kimi göstərəndə ölkənin yüz minlərə gənc qızı orta və ali məktəb auditoriyalarındaydı və heç xəbərləri də yox idi ki, Yer üzündə "Kazbek” adlı siqaret növü var, anaşa deyilən zəhrimar var və onun "şərəfinə” mahnı düzəldən, ona oynayanlar var.

"Üç çılpaq qız” qalmaqalının iştirakçılarını götürək. Toplamda beş nəfər idilər. Öz aralarında yeyib-içib şənləniblər, biri "ağıllı” tərpənib, özünü və badə yoldaşlarını məmləkət əhlinin dilinə-dişinə salıb.

İki müğənninin canlı yayımda yol verdiyi rüsvayçılığa gələk. Onlar da, sadəcə, bir-biri ilə zarafat etmək istəyiblər və bədbəxt təsadüf üzündən ədəbsiz sözləri və səsləri milyonların qulağına çatıb. Əslində onların hərəkətində birbaşa və qəsdən cəmiyyətə qarşı yönəlmiş akt yoxdur. Bu, təsadüfün, bir az da məsuliyyətsizliyin əsəridir.

Ona qalsa, hər gün bu ölkədə yüz minlərlə adam bir-biri ilə daha betər söyüşlərlə danışır, biədəb zarafatlar edir. Amma o sözlər cəmiyyətin qulağına çatmır.

Bütün bunlar heç də cəmiyyətin deqradasiyasının göstəricisi deyil. Belə hadisələr, söz-həkətlər həyatın içində var, həmişə olub və olacaq.

Əsas məsələ bu cür biabırçı hərəkətlərlə, həyasızlıqlarla gündəmə gələnlərin başa çıxarılmamasıdır.

Əsl biabırçılıq, rüsvayçılıq soyunub rəqs edən, hamam vannasında çəkdirdiyi görüntüləri, qucaqdan-qucağa atıldığını göstərən videoları yayanların, sapıq cinsi orientasiyasını öz üstünlüyünə çevirənlərin teleulduza, nümunəyə çevrilməsidir. Sadəcə, o səbəbdən ki, gənc nəsil onlara baxır və onlar kimi olmaq istəyənlərin sayı artır.

Deqradasiya budur. Yoxsa "intim xidmət sektoru”nun "özü haqda işarə verən” işçiləri həmişə olub və olacaqlar. Onların toplam faizinin önü bir neçə 0-la başlayır.


TƏQVİM / ARXİV