Bilənlər bilir, Mandıra filosofunun sözü olmasın, pafosa qarşıyam. Boğazdan yuxarı deyilən sözlərdən, başqalarını tovlamağa hesablanmış çıxışlardan, nəsə bir marağa xidmət edən cümləpərdazlıqlardan zəhləm gedir.
Əslində çox adam belədir. O cür çıxışlar etməyən hər bir kəs pafoslu danışanların nə yuvanın quşu olduğunu bilirlər, sadəcə, çox vaxt üz-üzdən utandığı üçün dil doğrunu üzə demir, eləcə susur.
Konkret misallar çəkək: O ki deyirlər e "ən böyük arzum budur, gələn Novruz bayramını Şuşada, Cıdır düzündə keçirək”, çox vaxt yalandan deyirlər. Onların ən böyük arzusu o deyil. Onu deyənlərin 90 faizi nə Şuşa hayındadır, nə Cıdır düzü hayında, sözdür, deyir, keçir, varıb gedir pul-parasını qazanmağa.
Zaman-zaman dövlətçilik, dövlətçiliyə sədaqət, vətənpərvərlik mövzularında da pafos püskürməsi ərşə qalxır, İslandiyadakı Eyyaflayokuldr vulkanından hündür olur. Arada "filankəs bayrağımızı filan tədbirdə tərsinə tutdu ”, "filankəs himnimiz oxunanda düz baxmırdı, əli də ürəyinin üstündə deyildi” deyə kimlərisə pafoslu-pafoslu şişə taxırlar.
Bütün bunlar ironiya doğurur, qeyri-səmimi görünür.
Amma bu medalın bir tərs üzü də var. Bu ölkədə bir yığın adam mövcuddur ki, nə olursa-olsun, bütün mövzularda, hər zaman ölkəmizi, rus jarqonuyla desək, "neprav” çıxarırlar. Nə baş verir-versin, biz haqsızıq. "Ramil Səfərov Macarıstanda Qurgeni yatdığı yerdə baltalayıb” deyirlər, yəni Ramil haqsızdır, düz eləməyib. Qurgen Ramili baltalamış olsa, deyəcəkdilər, Qurgen haqlıdır, Ramil ona sataşmayaydı, o da onu baltayla vurmayaydı.
O gün bir rus politoloq deyib ki, Azərbaycan Ermənistanı buterbrod kimi sıxıb əzə bilər. Bizim qəzetdə də politoloqlar bu sözü və regiondakı durumu şərh ediblər. O sözü deyən rus politoloq da kənarda qalmışdı, onun sözünü şərh edən bizim politoloqlar da, həmin yazıya rəy bildirən 80-dən artıq adam "Azərbaycan qələt eləyər” mənası verən şərh yazmışdı. Sanasan, bir dəstə erməni azərbaycanlı nikləri ilə sosial şəbəkəyə doluşub. Biri qəzəbli rəy yazır, o biri istehza edir, bu biri Azərbaycan əsgərini aşağılayır, digəri yazı müəllifinə və qəzetə ilişir və s və i.a.
Öz dövlətinə, öz millətinə bu qədər güvənsizlikmi olar? Güvənsizlik o tərəfə dursun, yəni nifrət o qədər böyükdür ki, öz ölkəmizi qan düşmənimizin ayağına veririk?
Yaxşı, Siyavuş Novruzovdan xoşunuz gəlmir, gəlmir, Raquf Orucovun ölkəsini niyə aşağılayırsınız?
Hələ bu bir yazıya görə üzə çıxanlardır. Vay amandır, beynəlxalq mediadan bir xəbər tərcümə edib qoyasan və o xəbərdə Ermənistanın göstəricisi Azərbaycanınkından zəif ola. Dərhal etirazlar yüksəlir: "Camaatın başını aldatmayın”; "Yalan yazmayın” və s.
Əgər həmin xəbərdə Ermənistanın göstəricisi Azərbaycanınkından yaxşıdırsa, val başqa cür oxuyur: "Görürsünüzmü, Allahın Ermənistanı qədər deyilik, orda filan şey filan cürdür, bizdə ayrı cür”.
Ermənistandan miqrasiya edənlər barədə erməni mətbuatı da yazır, rus mətbuatı da, hətta Avropa mətbuatı da. Neçə vaxtdır bu onlarda aktual problemdir, vaxtaşırı bu mövzuda yazılar çıxır. Biz də yazanda sosial şəbəkənin Azərbaycan seqmentində lağ-lağı başlayır: "Hə, bilirik, Ermənistan çökür. AzTV Almaniyanı çökdürdüyü kimi, siz də Ermənistanı çökdürürsünüz. He-he-he”; "İşimiz düzəlir ki... Bu gedişlə 5-10 ilə Ermənistanda adam qalmayacaq, torpaqlar da bizə qalacaq. Ha-ha-ha”; "İşiniz-gücünüz yoxdur də, oturub erməni miqrantlarını sayırsınız” və s.
Di gəl, bunları başa sal ki, bunlar ermənilərin öz xəbərləridir, biz uydurmuruq.
Bir sözlə, bu ölkədə xeyli sayda özləri də bilmədən, bəlkə də qətiyyən istəmədən erməni tərəfdarı olanlar var. Ola bilər, onlar səmimi şəkildə pafosa, riyaya, yalana qarşıdırlar, amma burası dəqiqdir ki, çox vaxt ifrata varırlar, əndazəni aşırlar, nəticədə öz vətənlərinə qarşıymışlar kimi görünürlər.
"Qızıl orta” deyilən bir şey var. Qütblərə yuvarlanmadan orda durmaq yaxşıdır...