Xalid KAZIMLI: Paşinyana Yusif Sərrac aqibəti görünür

XALİD KAZIMLI
28785 | 2018-09-20 18:50

Yusif Sərrac yaxşı adam idi, sadə peşəsi vardı, başını dolandırırdı, hakimiyyət, vəzifə iddiası yoxdu, amma iş elə gətirdi ki, bir gün padşah oldu (M.F.Axundovun "Aldanmış kəvakib” romanının qəhrəmanı).


Bunu başqaları düzdü-qoşdu, çünki taxt-taca təhlükə yaranmışdı, kiminsə başı getməliydi, münəccimlər, üləmalar və vəzirlər əsl padşahı gizlətdilər, onu seçdilər.


Yusif Sərrac hakimiyyətdə qısa müddət oldu, xeyli iş gördü, amma vaxtı gələndə məmurlar, müftəyeyənlər, illərlə xalqa ağalıq edənlər onu devirdilər, köhnə padşahın hakimiyyətini bərpa etdilər.

Hazırda dövrümüzün Yusif Sərracı Ermənistanın baş naziri Nikol Paşinyandır.

Keçən il bu vaxt onun baş nazir olacağı nə özünün, nə prezident Serj Sarkisyanın, nə Vladimir Putinin, nə də başqalarının ağlına gəlməzdi.
Ancaq iş elə gətirdi ki, keçmişdə müxalif ovqatlı jurnalist olmuş Paşinyan indi baş nazirdir, erməni məlikliyinin taxt-tacına yiyələnib.
Düzdür, Yusif Sərracdan fərqli olaraq, onun hakimiyyət ambisiyası vardı, deputat idi, amma keçən il bu vaxt şansı yox idi. Bu il isə əlində real hakimiyyəti var, amma hakimiyyətdə duruş gətirmək şansı yoxdur.

Ona görə də adam hazırda çabalayır. Bu bataqlıqda çabalamaq kimi bir şeydir, tərpəndikcə dərinə gedir.

Öz zamanında Yusif Sərrac hakimiyyətini qorumaq üçün çabalamamışdı, köhnə şahın əyan-əşrəfi qiyama qalxanda taxt-tacı onlara verib yoxa çıxmışdı.

Paşinyan isə müqavimət göstərir, çarpışır, Yusif Sərrac olmaq istəmir.
Adamın gah sülhsevər, gah militarist olması bu üzdəndir. O, hansı obrazının xalqa daha çox xoş gələcəyini test edir, konyukturaya uyğunlaşmağa çalışır.

Bir zamanlar onunla (o, jurnalist olanda) görüşən azərbaycanlı jurnalistlərin sözlərinə görə, həmin vaxt Paşinyan erməni həmkarlarının şovinizminə, fanatikliyinə gülürmüş, onları ələ salırmış.

Ancaq indi o özü şovinistlik etməyə məcburdur, çünki erməni ictimai düşüncəsi elədir ki, öz başında yalnız şovinist rəhbər görmək istəyir. Ermənilərə liberal-demokrat liderlər lazım deyil.

Əgər ermənilər hakimiyyətə yeni gələn rəhbərin qonşularla uzun sürən düşmənçiliyə son qoymasını istəsəydilər, Paşinyan sülhməramlı olacaqdı. Startda onun bu sayaq çıxışları oldu, ancaq davam edə bilmədi.

İndi Paşinyan özü üçün hörülən torun içindədir. Onun yaralanmış rəqibləri (Sarkisyan və Köçəryan) artıq əl-qollarını sallayaraq öz acı sonlarını gözləmək istəyiblər, fəallaşıblar, tərəfdarlarını cəm edir, aktivləşdirirlər.

Sərkisyan və Köçəryanın "dayı”ları çox güclüdür və onlara tam dəstək verirlər. Rusiya prezidenti Putinin Ermənistanda səfərdə olarkən bu iki şəxslə görüşəcəyi barədə xəbər də sıradan mesaj deyil.

Bu, o deməkdir ki, son 20 ildə Ermənistanda rişələnmiş, kötüklənmiş klan hələ çox güclüdür və ona batmaq tək Paşinyanın gücü daxilində deyil.

İndilikdə o, öz gücünü yalnız sadə xalqdan alır, arxasında xarici dövlətlər, milli burjuaziya, geniş siyasi partiyalar bloku yoxdur.
Xalq kütlələri isə çox tez-tez fikirlərini dəyişə, ən xırda bir şeydən umsuq duruma düşə və dünən böyük hay-küylə hakimiyyətə gətirdiyi şəxslərin arxasından qaça bilirlər.

Ermənistanda bu proses hələ tam sürət götürməyib, ancaq onun başlaması ilə bitməsi bir olacaq, bir neçə ayın içində məsələ həll olunacaq.
Paşinyanı yalnız möcüzə, bir də yaranmış tarixi fürsətdən napoleoncasına yararlanması xilas edə bilər.

Tarixdən xatırlayırsınızsa, Fransa respublikasının direktorlarından biri olan Napoleon Bonapart hakimiyyəti tam ələ keçirmək üçün bu yolda ona mane olan parlamentə hücum təşkil etmiş, deputatları qovmuş, daha sonra öz diktaturasını qurmuşdu.

Erməni Sərracda isə nə belə bir güc var, nə də vətən qarşısında hansısa şücaəti, xidməti. O, hazırda az qala hər gün parlamentlə qovğa-mərəkəyə çıxmaqdadır.

Ona görə də biz bu gün Ermənistanda qaynayan qazandan 5-6 müxtəlif səciyyəli xəbərlər ala-ala qonşu və düşmən ölkəni yırğalayan təlatümə tamaşa edir və tamaşının sonunu gözləyirik.


Bizdə bənzər hadisələr baş verəndə onlar bundan ustalıqla yararlanmışdılar. Biz necə edəcəyik, bilinmir.
Yeri gəlmişkən, zamanında Gürcüstanda və Azərbaycanda da "Yusif Sərrac vaqiəlləri” yaşanıb.


TƏQVİM / ARXİV