Xalid KAZIMLI: Səcdədə vəcdə gələnlər...

XALİD KAZIMLI
26489 | 2019-03-07 09:38
Dünən dostlardan biri sosial şəbəkədə Stalinin əzəmətli büstünün önünə yığışaraq, 66-cı ölüm günündə onun xatirəsini ananların şəklini paylaşmışdı.

Şəkildə ön planda 22-23 yaşlı bir qırxıqbaş gədə görünür, dizinin birini yerə atıb, başını asfalta dəyəcək qədər əyib, Stalinin büstünə səcdə edir.

Adam nəinki 70-90 il əvvəllər yaşayan, milyonlara rəhbərlik edən Stalini, heç tərifli sovet dövrünü də görməyib, hətta heç Qorbaçovun yumşaq hakimiyyəti illərində də yaşamayıb, amma 50-60 milyon insanı məhv edən müstəbidin qarşısında baş əyir.

Stalin dövrünün məşəqqətlərindən, iztirablarından bu qədər yazıblar, təkzibedilməz faktlarla dolu yüzlərlə kitablar, məqalələr var, bu oğlan onların heç birini oxumayıbmı?

Görünür ki, bu gəncin ya Stalin haqqında informasiyası sıfırdır, ya da o, hər şeyi bilir və deyir, lap yaxşı eləyib.

İkinci variantın olması ehtimalı böyükdür. Çünki indiki gənclər bir adam haqqında informasiya toplamaq üçün basa-basa kitabxanalara-filana getmir, saatlarla kartotekalarda eşələnmirlər, mobil telefonlarını götürür, displeydə klaviaturanı açır, axtarış verirlər. Tutaq ki, "STA” yazan kimi, Stalin haqqında beş-altı milyon mənbədən informasiya çıxır. İkisini oxusa, bəsidir.

Ona qalsa, dünyanın çox yerində Hitlerin manyaklığı, qaniçənliyi haqda hamı məlumatlıdır, amma ona rəğbət bəsləyən, onun da şəkilinin qabağında eynilə o cür, dizini yerə qoyaraq səcdə edən, vəcdə gələn var.

Dünya tarixində Çingiz xandan çox ölkə istila edən, adam öldürən, miylonları əsir edən, qadın zorlayan "fateh” olmayıb, amma onu da müqəddəs sayan milyonlarla adam var. Çindən Macarıstana qədər yüz minlərlə Çingiz adlı adam taparsan. Monqol gəncləri isə il on iki ay Çingiz xanın Monqolustandakı türbəsinin başına fırlanırlar.

Adam bu kimi mənzərələrə baxır və düşünür ki, heç nə yox, kaş zaman maşını olaydı və bu adamları arzu etdikləri, həsrətini çəkdikləri dövrə, sevdikləri rəhbərlərinin hakimiyyəti altına qaytarmaq mümkün olaydı.

Əmin edirəm ki, Stalinin büstünün qabağında ikiqat bükülən o qırxıbaş gədə məhz saçının o almansayağı düzümünə görə gecəylə evindən götürülər, it sürütməsi edilər, ertəsi gün onu dəri gödəkçəli müstəntiqin qabağında məhz o cür vəziyyətə salardılar - dizi yerdə, başıaşağı. Deyərdilər, sən mənfur Qərb gəncini təqlid edərək sovet gəncinin əxlaqını pozursan, satqın antipod... Və gənci basardılar Kolıma, Maqadana, Solovkiyə. Gedib orada konvoyların qabağında bu cür durardı. Adi oğrulan, quldurların daha hörmətli olduğu "zon”larda it gününə qoyulardı, maddəsini nəzərə alaraq "üzdənirağ”a çevirərdilər, onda ağlı başına gələrdi.

Bu, havayı söhbətlər deyil, 1920-ci ildən 1953-cü ilə qədər milyonlarla onun kimi heç nə üstündə tutulmuş gəncləri sınıq-salxaq eşelonlara doldurub Brestdən Xabarovska qədər, yol boyunca həbs düşərgələrinə paylaya-paylaya həftələrlə etap ediblər. Bu saat da tayqanın meşələrində torpağı bir metr qazanda eyzən insan sür-sümüyü çıxır.

Əlbəttə, 70-80 il insanların kütləvi şəkildə çəkdiyi əzab-əziyyəti saat yarımlıq filmlərdə izləmək çox asandır. Oturursan isti evdə, yumşaq divanda, çay, qəhvə içə-içə, ağzına popkorn ata-ata televizorda və ya kompüter monitorunda baxırsan, 1,5 saata bütün məşəqqətlər sona çatır. Bir də var, 25 yaşında həbs düşərgəsinə salınmış gənc oradan 50 yaşında çıxsın (o vaxt insanlara 25 illik cəzalar kəsmək çox yayğın olub). Gənclik bitib, həyat gedib, get, 3-4 əyyaşlıq elə, ölümə hazırlaş. On milyonlarla gəncin nəsibi bu olub.

Ona görə də hansısa təbliğata qapılan və bir müstəbidin abidəsi önündə baş əyən gənc görəndə adamın acığı tutur.

Bu baxımdan fransız gənclər daha ağıllıdır. Nə Napoleon Bonopartın abidəsi önündə əldən gedirlər, nə Şarl de Qolldan ötrü ağlaylb-sızlayırlar. Fransız gənclər anlayırlar ki, əgər Napoleon sağ olsaydı, yenə onları kütləvi şəkildə dəhmərləyib Rusiyanın qarlı çöllərinə aparar, orada qırdırıb geri qayıdardı.

Budur, fransızlar heç demokrat Makrona belə təhəmmül etmirlər, geriyə baxmırlar, yalnız irəli getmək istəyir, daha yaxşı yaşamağa çalışırlar, ona görə də sarı jiletlərini geyib tökülüşüblər meydanlara.

Rus gəncləri isə "dünyanın ən nəhəng ölkəsinin şanlı keçmişi”ndən yapışıblar, elə bilirlər, Stalinin, Xruşovun, Brejnevin dövründə dədə-babaları çox ağ gün görüb.


TƏQVİM / ARXİV