adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Aqil ABBAS: RAKET ORDUBADA DEYİL, RUSİYAYA  ATILIB

AQİL ABBAS
110376 | 2020-10-19 11:22

Ermənistan  silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Ordubad  rayonunu raketlə  vurub. Əslində bu raket Ordubada  deyil, Rusiyaya  atılıb. Ortada Qars müqaviləsi var  və bu Qars müqaviləsini də Rusiya ilə Türkiyə bağlayıb.  Bu müqavilə  haqqında  hamımızın  xəbəri  var, geniş yazmağa  ehtiyac yoxdur.

Ermənistan  elə bilir ki, özləri kimi  hamı çörəyi  qulağına yeyir.  Amma heç kəs çörəyi  qulağına yemir  və onda ki  Rusiya kimi möhtəşəm bir  dövlət. Və bu möhtəşəm dövləti  idarə edən  dünyanın ən məşhur siyasətçilərindən və dünya liderlərindən biri Putin.

Heç  kəsə  sirr deyil ki, ABŞ və Avropa  ölkələri  SSRİ-nin dağılmasının  özülünü  Dağlıq  Qarabağda qoydular və istədiklərinə  nail  oldular. Türklər demiş, ermənilərdən maşa kimi  istifadə etdilər.

İndi ABŞ-ın və Avropa ölkələrinin, əsas da İngiltərənin məqsədi Rusiyanı parçalayaraq məhv etməkdi. Və yenə də ermənilərdən bir maşa kimi  istifadə edirlər.  Həm Ermənistan  ərazisindən ballistik raketlərlə Gəncə şəhərinin  dinc əhalisini  atəşə tutmaqla, Mingəçevir SES-ni nişana   almaqla, Bakı-Ceyhan  neft  kəmərini partlatmaq istəyi ilə, cəbhə xəttindən 120-130 km.  aralıdakı Ucar  rayonunun Ləki  kəndini  raketlə  vurmaqla və ən nəhayət, Naxçıvana raket atmaqla Ermənistan üçüncü, dördüncü ölkələri, xüsusilə də Rusiya və Türkiyəni Qarabağ müharibəsinə  cəlb etmək istəyir. Çünki  Qars  müqaviləsinə görə Türkiyə Naxçıvana Ermənistan  tərəfindən  atılan  raketə görə bu düşmən   ölkəyə Naxçıvanı müdafiə məqsədilə qoşun yeridə bilər.

Və bu halda  Ermənistanın da Kollektiv  Təhlükəsizlik Müqaviləsi Şurasının  üzvlərini köməyə  çağırma hüququ var. Və beləliklə, Rusiya ilə Türkiyəni  qarşı-qarşıya  gətirə bilər. Başda ABŞ olmaqla, Avropa  ölkələrinin də məqsədi odur ki, artıq strateji müttəfiq olmağa  hazırlaşan  Rusiya  və Türkiyəni  zəiflətsin və hər iki  ölkəni   sıradan  çıxarsın.

Amma bu dəfə keçməz. Çünki hörmətli Ərdoğan da, hörmətli  Putin də bu oyuna gəlməz.  Çünki  hər ikisi hazırda dünya siyasətini yönləndirən şəxslərdi. Və həddindən artıq soyuqqanlıdılar, hər  şeyi  yüz ölçüb, sonra birgə bir  biçirlər.

Mən dəfələrlə  yazmışam, yenə yazıram, dünyanın müharibələrdən xilası Rusiya  ilə Türkiyənin  dostluğundan keçir. Və Azərbaycan da bu dostluğu  möhkəmləndirən bir dövlətdir. Və Azərbaycanın da artıq  dünya  siyasətinin  qəbul etdiyi bir lideri, Ali Baş Komandanı İlham Əliyev kimi bir prezidenti var.

TƏQVİM / ARXİV