adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
08 Aprel 2021 14:19
37376
MÜSAHİBƏ
A- A+

İntiqam Mehdizadə ilə ana dili mövzusunda müsahibə

Söhbəti o qədər maraqlı olur ki, görüşümüz bir an çəkir. Ayrılandan sonra söylədiklərini qələmə almadığıma təəssüflənirəm. Qınamayın ee, o boyda əhvalatların hansı birini yazıb çatdırmaq olar? Heç Azərbaycan Dövlət Radiosunun fondu onun şahidi olduğu ədəbi hadisələrin hamısını yığıb saxlaya bilməyib, mən hardan bacarım bu işi.

Düşündüm ki, onunla bu dəfə ana dili mövzusunda danışaq. Zəngin təcrübəsindən, özünəməxsus fikirlərindən bir az faydalanaq.

“Kamilinfo”nun növbəti qonağı “Qızıl qələm”, “Həsən bəy Zərdabi” adına media mükafatları laureatı jurnalist İntiqam Mehdizadədir.

 

 – İntiqam müəllim, əvvəlcə onu qeyd edim ki, sentyabrın 27-si Ermənistanla ölkəmizin müharibəsi başlayanadək “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən bir sıra xidmət sahələri, reklam və elanlar üzrə dövlət dilinin işlədilməsi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlər aparılıb. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununa riayət edilməsi ana dilimizin qorunması istiqamətində 800-ə yaxın ziyalı Bakı Şəhər İcra Hakimiyyətinə, AYB-nin sədri Anar Rzayevə və yüzə yaxın millət vəkilinə müraciət edib. Təşəbbüsə könüllü qoşulanlar göstərdi ki, ana dilini sevən, onu qorumağa çalışan vətəndaşlar çoxdur. Ana dili mövzusunda ziyalılarımızın mövqeyini öyrənib ictimaiyyətə çatdırmaq da hər hansı müsbət nəticə verəcəyinə inanırıq. Sentyabr ayının 13-də Seyran Səxavətdən müsahibə alarkən dedi ki, ana dilimizi korlamışıq tutaq ki, sabah Qarabağı işğaldan azad etdik orda hansı dildə danışacağıq? Xoşbəxtlikdən onun şərti olaraq sabah adlandırdığı məqam tezliklə baş verdi. Əvvəlcə Qələbə təəssüratınızı bilmək istəyərdik. Otuz ilin həsrətini birdən-birə atmaq necə hissdir?

 

 – Uzun sürən həsrətdən sonra gələn vüsalın yerini heç bir hisslə ölçmək olmaz. Bunun tək bircə adı var – Müqəddəs hisslər. Yetər ki, həsrətlə ötüşən ağrılı illərin təsiriylə məcnunlaşmayasan. Çox şükür ki, ağır itkilərə məruz qalmış torpaqlarımızın üzünü güldürə bildik. İncə, duyğulu, gurşad hisslər axınımız bundan sonra başlanacaq!

 

 – Siz də mi dostunuz Seyran Səxavət kimi Azərbaycan dilinin korlanmasında əsas səbəbkarın Azərbaycan televiziya məkanı olduğunu düşünürsünüz?

 

 – Televiziya rəhbərləri kadr seçimində sərvaxt olmalıdırlar. Elə o, rəhbərləri təyin edənlər də həmçinin. Belə məqamlarda qohumluğa, dostluğa, yar-yoldaşlığa yox, peşəkarlığa, idarəçilik səriştəsinə, efir üçün vacib plan nitq mədəniyyətinin dürüstlüyünə, səsin effektivliyinə, bütün tamaşaçı, dinləyici təbəqəsi üçün anlaşıqlı olmasına önəm verilməlidir. Belə ki, deyilən sözü, yapılan cümləni, nəhayət təqdim olunan mövzunu böyükdən, ahıl-ağsaqqaldan tutmuş yeniyetməyə, gəncə, hətda uşağacan hamı mənsiməlidir. Təsadüfi deyil ki, bütün Fransa xalqı Paris radiosunun dilində danışır. Bu, bizlər üçün də örnək olmalıdır...

 

 – Televiziya rəhbərlərinə hansı iradları tutur, hansı tövsiyələri edirsiniz?

 

 – Əsas tövsiyyələrim elə yuxarıda dediklərimdir. Bütün bunlara uşaqlığdan, bağçadan, məktəb illərindən başlamalı, özü də ciddi nəzarətdə saxlanmalıdır. Çünki dil millətin varlığı, əsrlərdən əsrlərə ötürülən misilsiz sərvətidir.

 

 – Radio aparıcılarının nitqi peşəkar aparıcı kimi sizi qıcıqlandırırmı?

 

 –  Mən peşəkar aparıcı olmasam da bunun şərtlərindən xəbərdaram.  Hətta zaman-zaman peşəm üzrə dərs dediyim universitetlərdə, çalışdığım redaksiyalarda bu barədə yetirmələrim, tələbələrimlə çox söhbətlər aparmışam. Odur ki, indilərdə Azərbaycanın efir məkanında uğurla proqramlar aparan Qərənfil Xəlilovanın, Nigar Sabirqızının, Pərvanə Nadirqızının rəvan, ürəyəyatımlı bəlağətləri, tərəf müqabilləriylə sərbəst mükalimələri, efirə dəvət elədikləri həmsöhbətləriylə təmkinli, mədəni davranışları məni sevindirir.

 

 – Çox vacib və artıq FADMM-ın ənənəvi sualına çevrilmiş bir məlumat da  verim: mərkəzi küçələrdəki reklam lövhələrini görmüş olarsınız. Rəsulzadə küçəsində 42 obyektdən 41-i, Nizami və ətraf küçələrdə isə hər 10 obyektdən 8-9-u əcnəbi dillərdə yazılıb. Son 7 ildə bu nisbət ədəbi dilimizin ziyanına 2 dəfə artıb. – Bakı küçələrində gəzərkən adama elə gəlir ki,  hansısa xarici ölkədədir. Göz işlədikcə görünən yazıların, demək olar ki, əksəriyyəti qeyri dillərdədir. Bu sizə daha çox peşəkar jurnalist kimi  pis təsir edir, ya vətəndaş kimi?

 

Jurnalist ilk növbədə vətəndaş olmalıdır. Bakımızın günü gündən gözəlləşməsi vətəndaş olaraq məni qürurlandırır. Bilirəm sualınızın canını yabançı dillərdə paytaxtımızı bürüyən reklamlar təşkil edir. Mən hələ sovetin bərk gedən dönəmlərində, 1965-ci ildə ADU-nun  jurnalistika şöbəsində oxuyarkən müəllimim olmuş "Bakı" qəzetinin redaktoru Nəsir İmanquliyevin tapşırığıyla Bakının işıq reklamlarıyla bağlı bir tənqidi yazı yazmışdım. Xeyli ixtisarla dərc olunan o yazı mənim mərkəzi mətbuatda çıxan ilk yazım idi. Mən bu gün də o fikirdəyəm ki, reklamlarımız hökmən öz dilimizdə yazılmalıdır. Qoy ölkəmizə təşrif gətirən xarici qonaqlar heç olmazsa zəhmət çəkib 50-60 Azərbaycan sözünü əzbərləyib yaddaşlarına həkk eləsinlər.

 

 – Siz Azərbaycan Dövlət Radiosunda fəaliyyət göstərdiyiniz vaxtlarda bütün bölgələrdə gəzib “Bulaq” verilişi üçün material toplamısınız. O zamanlarda insanlardan eşitdiyiniz hər hansı bir söz oldumu ki, onu ədəbi dilə gətirəsiniz?

 

 – Nəinki məşhur "Bulaq" verilişində, eləcə də redaktoru, müəllifi olduğum onlarla radio proqramlarında istifadə elədiyim yeni (əslində qədim) sözlərə, cümlə döndərmələrinə, dil, şivə, avaz xüsusiyyətlərinə efirimizdə, hətda mətbuat səhifələrində qədərincə rast gəlmişəm. Burda mənim xırdaca əməyimdən daha artıq xalqımızın öz aralarında rəvac verdikləri nitq, danışıq tərzləri, onların lapdan işlətdikləri az qala unudulmaqda olan sözlərin rolu az olmayıb. Türklər demiş, bu çabalarım günümüzdə də davam eləməkdə, dərc olunan yazılarımda özünü göstərməkdədir.

 

 – O vaxtkı azərbaycanlılarla indiki azərbaycanlıların dilə münasibəti çoxmu dəyişib?

 

 – Çətin sualdır. Qoy bu sualınıza dilçi alimlərimiz cavab versinlər.  Mənsə təkcə onu deyə billəm ki, dünyadakı bütün nəsnələr kimi dil də daim inkişafdadır. Ancaq burası var ki, bizdə qarşılığı olsa da bəzən dilimizə elə əcnəbi sözlər daxil olur ki, onlarla barışa bilmirəm. Məsələn hələ də "svetafor"u, "skvoznyak"ı, "problem"i, "vaaau"nu, "uje"ni, "ostanovka"nı, "kiloqram"ı, “razedka”, “şpilka”, "və" birləşməsini dilimizdən qova bilmirik.

 

 – Ana dili ilə bağlı hər hansı bir təklifiniz varmı?

 

 – Təklifim budur ki, ana olmağa hazırlaşan qız gəlinlərimiz özləri ana dilimizə ürəkdən, cannan bağlansınlar ki, övladları da analarına baxıbanı ana dilimizə mükəmməl yiyələnə bilsinlər. Axı, həyat davam edir. O bizi dayanıb-durmadan uzaq gələcəyə aparır. Bu yolda özümüz kimi dilimizi də ciddi imtahanlar gözləyir. Ona sahib olaq ki, gələcəkdə Azərbaycan türkcəmiz daha da zənginləşsin, qollu-qanadlı olsun.

 

  • Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik.

İzləyicilərin nəzərinə çatdırım ki, müsahibə İsmayıllı rayonunu dolanıb gəlib.

 

Söhbətləşdi Pərvanə Bayramqızı