SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: NARAZILAR ÇOXALIR

  50872   |  
Şriftin ölçüsü  

Əlillik dərəcələrinin kütləvi surətdə ləğv edilməsi əhali tərəfindən birmənalı qarşılanmır

 

Heç kimə sirr deyil ki, bir çoxları haçansa əyri yollarla əlillik dərəcəsi alıb. Və bu da istər-istəməz həm ölkənin büdcəsinə mənfi təsir edib, həm də kimlərinsə haqqının tapdanmasına şərait yaradıb. Çünki uzun illər xəstə ola-ola, iş qabiliyyətini itirmiş və hətta bir əli olmayan insanlar Həkim-Tibb Komissiyaları qarşısında saatlarla, günlərlə vaxt itirib, öz halal haqqını ala bilməyib. Ən azından ona görə ki, onların yerini saxta əlillik dərəcəsi alan insanlar tutublar və təbii ki, saxta əlillik dərəcəsini də kiminsə qara qaşına, qara gözünə aşiq olub verməyiblər. Yəni filan qədər pul alandan sonra həmin adamlara əlillik dərəcəsi verilib.

Aydındır ki, bu cür haqsızlıqlar həmişə olub və bu gün də var. Amma bir də var ki, kütləvi surətdə xəstə olmayan adamlara əlillik dərəcəsi verilsin. Bax, bu hadisələr bir neçə il bundan əvvəl baş verib, indi isə onun yaratdığı fəsadlar aradan qaldırılır. Bir faktı xatırladaq ki, son bir ildə 20 minə yaxın insanın saxta əlillik dərəcəsi ləğv edilib. Və eyni zamanda 90 minə qədər adama verilmiş qeyri-qanuni təqaüdlər öz hüquqi qüvvəsini itirib. Bütün bunlar göstərir ki, bir vaxtlar həqiqətən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Həkim-Tibbi Komissiyasında bir dərəbəylik hökm sürüb. Bununla yanaşı, təqaüdlərin verilməsində, imkansız adamlara yardım göstərilməsində də hərc-mərclik, özbaşınalıq olubdur. Belə çıxır ki, bizim məmləkətimizdə fəaliyyət göstərən bütün Həkim-Tibb Komissiyalarında qeyri-qanuni hərəkətlərə yol verilib, kimlərdənsə külli miqdarda rüşvət alınıb və bunun müqabilində sağlam adamlara əlillik dərəcəsi verilib.

Bu, bilirsiz nə deməkdir? O deməkdir ki, dövlətin 100 milyonlarla pulu havaya sovrulub. Bu, o deməkdir ki, o Həkim-Tibb Komissiyalarının hər bir üzvündən tutmuş sədrinə qədər bu cinayətin içində olub, haqqı olanların haqqını başqasına verərək milyonlarla pul qazanıblar. Aydındır ki, qeyri-qanuni hərəkətlərə yol vermiş və əməlində cinayət tərkibi olmuş neçə-neçə Həkim-Tibb Komissiyasının sədrləri və üzvləri vəzifələrindən azad ediliblər. Hələ bununla yanaşı, elələri var ki, həbs olunub. Bəs görəsən bu cür sərt addımlar digərlərinin fəaliyyətinə təsir göstəribmi? Təbii ki, bu suala birmənalı cavab vermək çətindir. Çünki həmin məsələlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə davamlı olaraq araşdırılır, qanunsuzluğa yol verən həkimlər barəsində ya cinayət işi açılır, ya da vəzifələrindən azad olunur.

İndi qayıdaq əlillik dərəcələrinin ləğv olunmasının üzərinə. Çünki bu məsələlərdə də bir çox halda tələskinliyə və haqsızlığa yol verilir. Belə ki, çoxlu sayda həqiqi xəstələrin əlillik dərəcəsi ləğv   olunub. Hətta 100-dən çox əlillik dərəcəsi ləğv olunmuş vətəndaş öz hüquqlarının bərpası üçün Respublika Prokurorluğuna müraciət edib. Bu məsələlərdə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də digər qurumlar daha diqqətli olmalıdırlar. Ən azından ona görə ki, qurunun oduna yaş da yana bilir. Çoxlu sayda insanların əlillik dərəcəsinin ləğv edilməsi həm də on minlərlə adamın çörəyinin kəsilməsi, narazılığı deməkdir. Əgər hər hansı bir iş qanun çərçivəsində həyata keçirilibsə, buna heç kəs irad tuta bilməz. Amma bu məsələləri həll edərkən həqiqi xəstələrin hüququnun pozulması və əlillik dərəcəsinin ləğv edilməsi çox böyük narazılığa və narahatlığa şərait yaradır.

Bir fikri də xüsusilə vurğulamaq istəyirik ki, nə vaxta qədərki Həkim-Tibb Komissiyalarının üzvləri və sədrləri köhnə əməllərindən əl çəkməyib öz yaramaz işlərini davam etdirirlər, yenə az da olsa saxta əlillik dərəcəsi alanlar tapılacaq. Aydındır ki, bu gün müxtəlif dələduz adamlar kimlərləsə  şəxsi əlaqələrindən istifadə edərək ayrı-ayrı sadəlövh insanları aldadır və onlara əlillik dərəcəsinin düzəldilməsini vəd edirlər. Belə adamların toruna düşməmək üçün əlillik dərəcəsi almaq istəyən insanlar ayıq-sayıq olmalı, dələduzların şirin dillərinə inanmamalıdırlar. Çünki dələlduzların elə şirin dili var ki, ilanı da yuvasından çıxarır.

Əlbəttə, əlillik dərəcəsinin obyektiv müəyyənləşdirilməsi bir o qədər də asan deyildir. Burda həm ekspertlər, həm həkimlər, həm də komissiyanın üzvləri və sədrlər daha ədalətli olmalıdır. Hadisələr isə onu göstərir ki,bu gün əlilliyin təyin edilməsində də süründürməçiliyə və ədalətsizliyə yol verilir. Hətta bir əli, bir ayağı olmayan insanlara əlillik dərəcəsinin verilməsi çox müşkül bir məsələyə çevrilib. Deyirlər ki, Nazirlər Kabinetinin qərarında və qanunlarda dəyişiklik edilməlidir ki, bir əli, bir ayağı olmayanlara ikinci dərəcəli əlillik statusu verilsin. Qardaş, bunu kim eləməlidir? Əlbəttə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və hörmətli nazir Sahil Babayev bu məsələlərlə bağlı həm Milli Məclis, həm də Nazirlər Kabineti qarşısında  problemləri qaldıra bilər.

Çünki o əlillər, o xəstələrin çoxu ikinci Qarabağ savaşında sağlamlığını itirib. Bizim redaksiyamıza bir Qarabağ qazisi gəlmişdi. Ayağının biri yox idi. Deyirdi ki, dəfələrlə getmişəm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Həkim-Tibb Komissiyasına. Deyiblər ki, sənə üçüncü dərəcə düşür. İşləyə bilmirəm, o cüzi təqaüdlə bir böyük ailəmi necə dolandıracam. Heç müharibədə bu qədər əziyyət çəkməmişdim. Məmurların kabinetlərinin qarşısında zülmüm ərşə qalxır.

Görürsünüzmü, Vətən yolunda canını qurban vermiş, ayağının birini itirmiş Qarabağ qazisinin başına hansı müsibətlər gəlir. Bu Milli Məclisdə əyləşən millət vəkillərini də silkələməlidir. Onlar zəhmət çəkib qanuna dəyişiklik etməli, Vətən yolunda sağlamlıqlarını itirmiş qazilərin hüquqlarını qorumağa borcludurlar. Amma üzr istəyirəm, bizim bəzi millət vəkilləri var ki, heç bir dəfə də olsun ağızlarını açıb danışmayıb. Ancaq mürgü vurur və aldığı pulu kef içində xərcləyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik  dərəcəsi ləğv olunanlar haqqında da dərindən düşünməlidir. Düzdür, elələri var onlar sağlamdır, yəni saxta əlillik dərəcəsi alıblar. Amma elələri də var ki, ağrıyır, acıyır və işləyə bilmir. Bax, həmin adamların yeni iş yerləri ilə təmin edilməsində məlum nazirlik öz yardımını göstərməlidir. İkincisi də deyirlər ki, elə yeni nazir də öz qohum-əqrəbasını başına yığıb. Burda heç bir qəbahət yoxdur. Qoy, qohum-əqrəbasını cənab nazir başına yığsın. Təki dövlətə, millətə və xalqa xidmət eləsin. Guya digər nazirliklərdə hər şey düzəlib. Elə əksər yerlərdə kim vəzifəyə gəlibsə, öz qohum-əqrəbasını, tanışını və yaxınlarını yanında gətirir. Bax, biz  belə millətik. Bizim millətdən Allahın bacısı oğlunu da vəzifəyə qoysan o da öz qohüm-əqrəbasını başına yığacaq.

Yenə bir məsələni xüsusilə vurğulamaq istəyirik ki, Həkim-Tibb Komissiyalarında çox gərgin anlar yaşanır. Hətta ağır xəstələr o komissiyaya gəlir, ayaq üstdə dura bilmir, özlərini pis hiss edirlər. Bu cür ağır xəstələr üçün bizim fikrimizcə daha mütərəqqi bir forma seçilməlidir. Yəni, lazım olarsa, o komissiyanın üzvləri  onların evlərinə getməli, elə orda onları müayinə etməlidirlər. Çünki dəfələrlə biz Həkim-Tibb Komissiyalarında olarkən çoxlu sayda ağır xəstələrin ora müraciət etməsini və ağrı-acının içərisində nələr çəkdiyinin şahidi olmuşuq. Hətta ağır ruhi xəstənin o komissiyaya aparılması və orda müayinə edilməsi istər-istəməz böyük narahatlığa və narazılığa gətirib çıxarır.

Heç kim deyə bilməz ki, hər hansı nazirliyin fəaliyyətində nöqsanlar yoxdur. Təbii ki, iş olan yerdə qüsur da yaranır, amma əsas məsələ budur ki, o mövcud nöqsanı və qüsuru aradan qaldırmaq mümkün olsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müsbət inkişafa doğru irəliləyişlər var və bunu heç kəs dana bilməz. Amma o da aydındır ki, bu gün əlillik dərəcəsinin təyin olunmasında müəyyən neqativ hallar mövcuddur. Yəni ayağını itirən, qolunu itirən hər hansı qazi həmin komissiyalarda incidilməməli və onların halal haqqı özlərinə verilməlidilər. Sadəcə olaraq həkimlər  ədalətli olmalı, əlilləri get-gələ salmamalı, onların psixoloji durumunu qiymətləndirməlidirlər. O adamlar  sənin, mənim, bu Vətənin yolunda sağlamlıqlarını itiriblər. O Vətənin də nazirliyi zəhmət çəkib, onların halal haqqını özlərinə qaytarmalı və hüquqlarını pozmamalıdır. Belə olarsa narazıların sayı artmaz və hər bir haqqı olan əlil öz halal haqqını alar.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK