adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Aqil ABBAS: TÜRKİYƏ İLƏ AZƏRBAYCANIN ARASINA GİRƏN İYLƏNİB ÇIXAR 

AQİL ABBAS
68131 | 2021-06-07 19:10

Əvvəldən də çox çalışırdılar, indi 44 günlük müharibədən qələbə ilə çıxdıqdan sonra daha fəallaşıblar. Düşmən dövlətlərin xüsusi xidmət orqanları, xüsusi xidmət orqanlarının alətə  çevirdiyi mətbuat  vasitələri, özəl kanallar, bu kanallarda çalışan sapı özümüzdən olan  baltalar və  öz içimizdən ilana ağı verən kərtənkələlər.

Bəli, bütün  güclərini  qoyublar ki, Azərbaycanla Türkiyənin arasını vursunlar. Və nəticədə həm Türkiyəni təkləsinlər, həm də bizi. İndi qəttəzə də biri çıxıb – Sədat Peker, canlı  yayımlar açaraq Türkiyəni nüfuzdan salmaq üçün dəridən-qabıqdan çıxır. Kiminləsə düşmənçiliyini Türkiyə ilə düşmənçiliyə çevirir. Və son yayımlarında Azərbaycanı da hədəfə alıb. Və həm də Türkiyənin yerlə-yeksan olmuş Qarabağda bərpa işlərinə investisiya qoymaq istəyini də, yəni müharibədə qardaşlıq  köməyini əsirgəmədiyi kimi, Qarabağın yenidən tikilməsində  öz qardaşlıq  əlini uzatmasını Azərbaycanı  işğal etmək  istəyi kimi  sırıyır.

Qardaş ölkə Azərbaycan müstəqilliyini əldə edəndən sonra yanımızda olub, milyard manatlarla ölkəmizə investisiyalar yatırıb və eləcə də Azərbaycan Türkiyəyə investisiyalar yatırıb: Bakı-Tbilisi-Ceyhan neft kəməri, qaz  kəməri, Bakı-Qars dəmir yolu, Türkiyədə neft emalı zavodları və sair və ilaxır. Bu o deməkdir ki, biz də  Türkiyəni «işğal» etmişik.

Qardaş qardaşı darda qoymaz. Görünür, bunu deyənin və deyənlərin  qardaşları yoxdur.

Atalar deyib ətlə dırnağın arasına girən iylənib çıxar. Düzdür, bu, ətlə-dırnağı bir az ağrıdar, amma sonunda bizi ağrıdanlar iylənib çıxar.

TƏQVİM / ARXİV