Hə, gəlib çatdıq 31-ci yaşımıza. Və bu günədək 5904 dəfə oxucularla görüşmüşük. Gün gələcək, biz görməsək də, gələcək nəsillər «Ədalət»in 50 mininci nömrəsini görəcəklər. Yarandığımız gündən dövlətçiliyə, millətimizə xidmət etmişik və edəcəyik də, bütün çətinliklərə və təzyiqlərə baxmayaraq. Gündəlik qəzetik, amma nədənsə bizim gündəlik çıxmağımız kimlərəsə, daha dəqiq desək, iqtidarda kimlərəsə sərf eləmirdi, indi də sərf eləmir.
İllər əvvəl KİVDF-ni fırladanlar buna çox çalışdılar, qəzeti 2-ci kateqoriyaya saldılar, Prezidentin verdiyi yardımları azaltdılar, amma biz yenə qəzetimizi gündəlik çıxartdıq.
Bir tərəfdən də pandemiya başlayanda məcbur olduq qəzeti günaşırı, yəni həftədə 3 dəfə nəşr etdik. Səbəb də qəzeti abunəçilərə çatdıranların, satışa verənlərin normal çalışa bilməməsi və qəzet köşklərinin qapadılması oldu.
KİVDF ləğv olundu, onun bazasında Medianın İnkişafı Agentliyi yarandı.
Onlar da çox sağ olsunlar dedilər ki, gedin həftədə 1 dəfə çıxın. Görünür, bizim Prezidentin daxili və xarici siyasətini dəstəkləməyimiz, təbliğ etməyimiz, dövlətçiliyə və millətə, eləcə də maarifçiliyə xidmətimiz yenə kimlərisə narahat edir.
İşinizdə olun, bəy müəllimlər! Biz tutduğumuz yoldan dönən deyilik.
Hörmətli oxucular və abunəçilərimiz, narahat olmayın, sentyabr ayından yenə həftədə 3 dəfə çıxacağıq. Pandemiyadan sonra da, inşallah, qəzet yenə gündəlik nəşr olunacaq.
Medianın İnkişafı Agentliyi, Allah işinizi avand eləsin. Bacardıqca qəttəzə saytlar yaradın.
Qəzetimizin 31-ci yaşı münasibətilə «Ədalət»sevərləri və ədalət axtaranları təbrik edirəm.