Baxmaq üçün də milyonçu olmaq lazım deyil ki?! -Eminquey yazır

EMİNQUEY AKİF
2171 | 2021-09-13 13:32

Şəhər oliqarxlarındır.

Kəndlər, rayonlar oliqarxlarındır.

Hər yerdə bir villa, bir malikanə.

Boy-boy düzülüblər.

Nə qapısını açan var, nə də bir insan hənirtisi gəlir.

Hər şey var, adamdan başqa...

Bu sarayların tikilməsi üçün ağaclar qırılır, neçə-neçə insan pəjmürdəhal razılaşıb öz evini satıb çıxır.

Bir insanın 100 yerdə evi var, 100 adamın bir yerdə evi yoxdur.

Amma hamı da Allahdan ədalət umur.

“Afrikadakı ac uşaqlar nolacaq” ladında şaxsey-vaxsey gedib Allaha nərdivan qoyur.

Hamı günahı yerdə yox, göydə axtarır.

Hamı ədalətsizliyi özündə yox, Allahda axtarır.

Mən bu malikanələr olan yerlərdə gəzməyi sevirəm. Ona görə sevirəm ki, öz ev narahatlığımı bu malikanələrə baxıb ovuduram. Bir anlıq özümü çölə pəncərəsi açılan, eyvanı, geniş həyəti olan malikanədə təsəvvür edirəm. Lap qəmgin vaxtlarımda Norveç haqda çəkilmiş qısa filmlərə baxdığım kimi...

Neynim?

Baxmaq üçün də milyonçu olmaq lazım deyil ki?!

O gün kəndimizə getmişəm. İsmayıllıya. Basqala. Kəndə 4 km-lik yol var. O yol boyu sağda sıra-sıra villalar düzülüb.

Saraylar nə saraylar?!

İlahi, nə karantin? Kimdi bu saraylarda karantin hərləyən.

Kimdi bu saraylarda dünyanın problemlərini vecinə alan?

Kim harda ölür ölsün, qalır qalsın.

Pəncərəm Babadağa açılırmı? Açılır.

Həyətim, bağım-bağatım, iki tualetim, üç hamamım, həyətimdə çarhovuzum, yelləncəyim.

Bir yellənsəm ayağım Babadağa dəyib qayıdar.

Dostlarımı yığaram başıma, hər gün de, gül, əylən.

Neynirəm covid pasportunu?

28 yaşımda hər gecə ədyalımı üstümə çəkib özümə döşədiyim sualları yastığımın altına qoyub rahat yatmarammı?

“Görəsən, evim nə vaxt plana düşəcək?”

“Görəsən, evin harasını təmir edim ki, Allaha xoş getsin?”

“Bəlkə kirayəyə verim, burdan aldığı pulla da başqa yerdə kirayə ev tutum?”

“Anamın nə vaxt geniş mətbəxi olacaq?”.

Di gəl ki, dağa-daşa deyirəm bu sözləri.

Qapısı qıfıllı, bir insan səsi yox, bir uşaq qığıltısı yox...

Soruşuram, deyirlər, neçə ildir qapısını açan yoxdur. Özü də hansısa oliqarxındır. Kənddə, rayonda, şəhərdə o qədər belə malikanəsi var ki, bəlkə də bu malikanə yadından çıxıb.

Məni gic gülmək tutur.

Hasarından çölə sallanan tutdan yeyib yola davam edirəm.

Sonra yadıma Atatürkün dialoqu düşür.

Mustafa Kamal Paşa bir gün Kordondakı Naim Palas otelinə gedir, terasda oturur və qürubda olan Günəşin hər kəsi heyran qoyan romantik halını izləyə-izləyə rum qarsona rakı sifariş edir.

İzmirin o günlərdə bir nömrəli oteli olan Naim Palas bugünkü Atatürk hekəlinin olduğu yerdə idi.

Zəfərdən bir neçə gün sonra İzmirdə başlayan yanğında otel yanır.

Nə isə. Mövzumuz bu deyil.

Atatürk rum qarsondan soruşur:

- Bre Yorqi, de görüm, sizin Kosti (yunan kralı Konstantin) bura gəldimi?

- Gəldi Pasam... (rumların şivəsində o söz paşam deyil, pasam idi).

- Oturdumu burada?

- Oturdu, Pasam...

- Bəs yaxşı, bu möhtəşəm mənzərə qarşısında iki qədər rakı içdimi?

- İçmədi, Pasam.

- Vah... Zavallı. Madam ki, burada bu möhtəşəm mənzərənin önündə rakı içməyəcəkdi, o halda İzmiri nə üçün alırdı?

P. S Təkcə illərdir Əfqanıstanda silahlara xərclənən pullarla (ki, bu silahları hansı ölkələr bu adamların əlinə verir, bəlli məsələdir) milyonlarla ac insanı doyurmaq olardı. Bu pullar kimlərin cibinə gedir? Təbii ki kasıbların yox...

TƏQVİM / ARXİV