adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Sentyabr 2021 14:21
1087
SİYASƏT
A- A+

Könül Nurullayeva: “Qarabağa qanunsuz səfər edənlər bölgədə yarana biləcək gərginliyə görə məsuliyyət daşıyırlar”

Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfəri haqlı olaraq narazılıq yaradır. 30 illik işğal dövründə belə qanunsuz səfərlər çox oldu. Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına düşənlər arasında diplomatlar, parlamentarilər, media mənsubları və sənət adamları kifayət qədər idi. Amma yeni mərhələdə, münaqişənin həllini tapdığı və tərəflər arasında sülh sazişinin imzalanmasına zərurət olduğu bir vaxtda bu cür təxribatçı səfərlərin təkrarlanması qəbuledilməzdir. Azərbaycan XİN haqlı olaraq, Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri, Sarsel şəhərinin nümayəndəsinə qarşı da Azərbaycana giriş qadağası tətbiq edəcək.

Burada ən çox təəssüf doğuran məqam sülh prosesinin pozma cəhdinin Fransanın, yəni həmsədr ölkənin təmsilçiləri tərəfindən edilməsidir. Prezident İlham Əliyev hər zaman bəyan edir ki, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Eyni yanaşma postmüharibə dövründə də müşahidə olunmaqdadır. Yenə başda həmsədr ölkələr olmaqla digər beynəlxalq təşkilatlar öz mandatlarına uyğun davranmaq istəmirlər. Əksinə, Ermənistanı pozucu fəaliyyətə, aqressiyaya həvəsləndirirlər. Bu isə o deməkdir ki, yeni mərhələdə də bölgədə baş verə biləcək istənilən gərginliyin məsuliyyəti həm Ermənistanın, həm də vasitəçilərin üzərinə düşür. Rəsmi Bakı əslində dayanıqlı sülh və təhlükəsizliyin bərpasında maraqlıdır. Ali baş komandan İlham Əliyev bütün beynəlxalq səviyyəli görüşlərdə bəyan edir ki, indi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq. Amma gələcəyə baxmaq yalnız Azərbaycanın öhdəliyi deyil. Bu bölgədə sülh və sabitlik bütün tərəflərin marağında olduğundan atılan addımlar da ziddiyyətli olmamalıdır.