adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2021 10:47
3502
MARAQLI
A- A+

Prezident qızı, prezident xanımı, İslam aləminin ilk qadın  baş naziri : Qətlinin üstü açılmayan 3 uşaq anası

Əziz oxucularım! Bu gün sizə İslam aləminin ilk qadın  baş nazirindən söhbət açacağam

Adalet.az xəbər verir ki, 1953-cü il iyunun 23 Pakistan Xalq Partiyasının lideri ( 3 il 1971-73 illərdə  ölkənin 4-cü prezidenti olmuş) Zülfüqar Əli Bhuttonun ailəsində bir qız doğulur, adını Bənazir qoyurlar. Ailədə böyük uşaq idi. Zülfüqar qızını Avropa üslubunda tərbiyə edirdi: Benazir 12 yaşına qədəm qoyanda, müsəlman aləmində qəbul olunan qaydalardan fərqli olaraq çadra geyinmədi.
"12 yaşımda anam Nüsrət xanım başıma çadra örtdürəndə atam etiraz etdi ki, qoy qız böyüsün, üzü açıq və ya bağlı gəzmək qərarını özü versin. İslam qadınlara həyatlarını fikirləşdikləri kimi qurmağa icazə verir. Ondan sonra mən çadra örtmədim”.


Təhsil və mübarizə


Hindistanın Şərqi Pakistana qoşun göndərdiyi və atasının Qərbi Pakistanın müdafiə naziri kimi BMT ilə təmas qurmaq üçün Nyu-Yorka getmək məcburiyyətində qaldığı 1971-ci ilə qədər Harvardda təhsil alırdı. Lakin daha sonra atasına kömək etmək üçün Nyu-Yorka köçdü. Oksforddakı təhsilindən sonra Pakistana döndü. İslam sosializmini müdafiə edən atası Zülfüqar Əli Bhutto 1979-cu ildə müxtəlif ittihamlarla edam edildi və Bənazir Bhutto ev həbsinə məhkum olundu. 1984-cü ildə ölkədən çıxışına icazə verildi, Bənazir Bhutto bundan sonra Böyük Britaniyaya köçdü və mühacirətdə Pakistan Xalq Partiyasına rəhbərlik etməyə davam etdi.

 

Avropa və ABŞ-da yaşadığı illərdə qərb həyat tərzi sürdü və qadın hüquqlarını müdafiə etdi. Ölkəsindəki qadınlar üçün bir şeylər etmək istəyən və siyasi həyatına davam edən Bənazir Bhutto 1987-ci ildə sement zavodunun direktoru (2008-2013-cü illərdə Pakistanın 11-ci prezidenti olub) Asif Əli Zərdari ilə evləndi və bu evlilikdən üç övladı dünyaya gəldi.

 


1977-ci ildəki daxili qarışıqlıqdan sonra, 1988-ci ildə Pakistanda ilk dəfə azad seçki keçirildi və Bənazir Bhutto qalib gələrək müsəlman ölkənin ilk qadın baş naziri oldu. Amma qurduğu hökumət korrupsiya ittihamları ilə üz-üzə qaldı və təxminən iki il sonra yeni seçkilərin keçiriləcəyi səbəbiylə hərbi qüvvələr tərəfindən dəstəklənən Qulam İshaq Xan tərəfindən devrildi. İttihamlara baxmayaraq, Bənazir Bhutto barəsində heç bir hüquqi addım atılmadı.


Növbəti dəfə baş nazir: Bənazir

 


1993-cü ilin məhz bu günü Bənazir Bhutto yenidən baş nazir seçildi, lakin üç il sonra o və həyat yoldaşı korrupsiya ittihamı ilə prezident Fərrux Legari tərəfindən devrildi. Bənazir Bhutto və həyat yoldaşı Asif Əli Zərdariyə qarşı korrupsiya ittihamları heç vaxt hüquqi baxımdan təsdiqlənmədi.
Bənazir Bhutto 1990-cı illərdə iki dəfə baş nazir seçildi. Lakin ordu korrupsiya ittihamları qarşısında qalan Bhuttoya heç vaxt etibar etmədi.


Milli islahatlar və qadın haqlarını ön planda tutması səbəbindən həmişə yeni ittihamlar qarşısında qalan Bənazir Bhutto siyasi gücünü itirməyə başlayan Pəncabdakı zəngin torpaq sahiblərinin hədəfi idi. Feodal nizamına qarşı mübarizə aparan bu cəsur qadın Pakistanın inkişafı və qadınların ictimai-siyasi həyatın bütün sferalarına daxil olmaları üçün mübarizə aparırdı.

 

1999-cu ildə Pərviz Müşərrəfin rəhbərlik etdiyi hərbi çevrilişdən sonra Pakistanı tərk edərək Dubayda yerləşdi.
Siyasi həyatına Dubayda davam etdi, ancaq Pərviz Müşərrəfin hədəfi olmaqdan qaça bilmədi. 2002-ci ildə B.Bhuttonu hədəf alan bir konstitusiya dəyişikliyi edildi. Dəyişikliyə görə, bir şəxs maksimum iki dəfə baş nazir seçilə bilərdi. 2007-ci ildə yenidən baş nazir seçilmək ehtimalı yarananda Pakistana qayıtmaq istədi, ancaq situasiya o qədər də əlverişli deyildi. Bənazir Bhutto “Əl-Qaidə”nin təhdidlərinə və ətrafının xəbərdarlıqlarına baxmayaraq Pakistana qayıtdı.

 

Ölümün üstünə yüyürmək

 


Bhutto Pakistana qayıdışına etiraz edənlərə bu cavabı vermişdi:
“2007-ci ildə Pakistanda məni gözləyən qeyri-müəyyən bir gələcəyə qayıtmağa hazırlaşıram. Yalnız özüm və ölkəm üçün deyil, bütün dünya üçün olan təhlükələri çox yaxşı bilirəm. Düşünürəm ki, həbs oluna bilərəm. Bilirəm ki, qayıdanda hava limanının enmə zolağında məni vura bilərlər. Hər şeydən əvvəl “Əl-Qaidə” neçə dəfə məni öldürməyə cəhd edib. Niyə bu qədər nifrət etdikləri demokratik seçkilər üçün qayıdanda, yenə də buna cəhd etməsinlər?! Ancaq etməli olduğumu edəcəyəm və Pakistan xalqının demokratiya həsrətini bölüşmək üçün onlarla birlikdə olmaq vədini yerinə yetirərək, ölkəmə qayıtmağa qərarlıyam. Bu riski bütün Pakistan uşaqları üçün gözə alıram”.
Bənazir xanım səkkiz illik mühacirətdən sonra – 2007-ci il oktyabrın 18-də Pakistana qayıtdı və tərəfdarları tərəfindən böyük coşqu ilə qarşılandı. Elə həmin gün bir silahlı hücumun hədəfi oldu. Bənazir Bhuttonun yarasız qurtulduğu hücumda 138 nəfər həyatını itirdi, 248 nəfər yaralandı. Lakin 2007-ci il dekabrın 27-də Ravalpindidəki seçki mitinqində 15 yaşlı kamikadze tərəfindən öldürüldü. Bir müsəlman ölkəsini idarə edən ilk qadının həyatına Bilal adlı 15 yaşlı kamikadze son qoydu. Bhuttonun ölümü üçüncü dəfə baş nazir olmaq istədiyi zaman baş vermişdi. Onun öldürülməsi Pakistanda kütləvi vətəndaş itaətsizliyinə yol açdı. Bhuttonun tərəfdarları küçələrə çıxdı, yolları bağladı, şəhərləri yandırdı və Pakistan hakimiyyəti əleyhinə şüarlar səsləndirdilər. Bənazir Bhuttonun oğlu və siyasi varisi Bilaval isə hələ də anasının qətlində Müşərrəfi günahkar hesab edir: “Müşərrəf anamın öldürülməsi üçün bütün vəziyyətdən sui-istifadə etdi. Təhlükəsizliyini qəsdən sabotaj etdi ki, öldürülərək siyasi səhnədən silinsin”.


Müəmmaları bitməyən sui-qəsd... 

 

Hadisədən on il sonra Pakistan Talibanının liderlərindən biri Əbu Mənsur Asim Müfti Nur Vəli kitabında Bənazir Bhuttoya qarşı həyata keçirilən sui-qəsdin məsuliyyətini təşkilatının üzərinə götürdüyünü yazdı.

15 yaşlı Bilalı Bhuttoya çatdıran iki şəxs 2008-ci il yanvarın 15-də qətlə yetirildi. Bhuttonun mühafizəçilərindən biri Xalid Şahənşah 2008-ci il iyulun 22-də Kəraçidəki evinin qarşısında öldürüldü. Bhuttonun işini araşdıran prokuror Çoudxuri Zülfüqar Əli 2013-cü ildə İslamabaddakı evinin qarşısında odlu silahdan açılan atəş nəticəsində həyatını itirdi. İddiaya görə, Zülfüqar ölümündən əvvəl dostlarına Bhutto məsələsində yeni faktlar əldə etdiyini demişdi.


“Şəhid Benazir Bhutto” mükafat

Şahidlərin dediyinə görə, Bhutto daim Azərbaycana xüsusi münasibət bəsləmiş, ölkəmizin ədalətli mövqeyini dəstəkləmişdi. Pakistanın Baş naziri olduğu dövrdə Pakistan Azərbaycana mənəvi dəstək verməklə yanaşı, işğal olunmuş torpaqlardan didərgin düşmüş insanlara bir milyon ABŞ dolları məbləğində humanitar yardım edilmişdi. Həmin yardım tibbi ləvazimatlar, qida məhsulları və geyim əşyalardan ibarət olmuşdu. irimiqyaslı humanitar layihələri həyata keçirtdiyinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Şəhid Benazir Bhutto” adına mükafatı verilmişdi. Sözügedən mükafat B.Bhuttonun həyat yoldaşı, Pakistanın sabiq Prezidenti Z.Ə. Zerdari tərəfindən təqdim olunmuşdu”.

 Əntiqə Rəşid