adalet.az header logo
  • Bakı -°C

Tarixə uduzmuş tənqid

KƏNAN HACI
56516 | 2017-01-30 11:55
A- A+

Sovetlərin dönəmində ədəbi tənqid imperiyanın ideoloji silahı idi, cızığından çıxanlar ədəbi tənqidin hədəfinə tuş gəlirdisə, onların reputasiyası zədələnirdi və onlar "pleyada”dan səssiz-səmirsiz (bəzi hallarda səs-küylə) çıxdaş edilirdi. "Gözü çıxmış qardaşlarından” ibrət götürənlər isə daha ehtiyatlı dolanırdılar. 

Tənqid bir növ, "ədəbiyyat polisi”nə çevrilmişdi, kəsdiyi başa sorğu-sual yox idi. İdeoloji sapmalar tükü tükdən seçən ədəbiyyat müfəttişlərinin gözündən yayına bilməzdi. Onlar siyasi sayıqlıqlarını bir an da olsun, itirmədilər! Bu, artıq XIX əsr rus inqilabçı demokratik tənqidindən tamamilə fərqli bir tənqid idi, yazıçılar üzərində inzibati cəza növünə çevrilmiş bir tənqid idi. Bu dövrdə artıq Belinski, Gertsen, Dobrolyubov, Çernışevski yox idi. İnqilabın ilk illərində azad ruhda yetişmiş tənqidçilər (Salman Mümtaz, Bəkir Çobanzadə, Vəli Xuluflu, Əli Nazim və digərləri) 37-ci il repressiyasından sağ çıxmadılar. Bir müddət keçəcəkdi, Mikayıl Rəfilinin Şərq intibahı haqqındakı ideyaları yasaq ediləcəkdi, Heydər Hüseynov damarlarını kəsərək intihar edəcəkdi.

Heydər Hüseynovtarixvə fəlsəfə elminin inkişafına böyük töhfələr vermiş, Azərbaycantərcüməməktəbinin əsasını qoymuşdu. Nizami Gəncəvi,Füzuli,Abbasqulu ağa Bakıxanov,Mirzə Kazım bəy,Mirzə Fətəli Axundov,Həsən bəy Zərdabihaqqında ciddi tədqiqat işi aparmışdı. Onun "XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında" fundamental əsəri 1950-ci ildə Stalin mükafatı almışdı.Aldığı yüksək dövlət mükafatı da bu böyük alimi xilas edə bilmədi. Təkcə Azərbaycanda deyil, bütün SSRİ-də eyni proseslər gedirdi. Məhz bu total nəzarətin nəticəsiydi ki, sayı-hesabı bilinməyən kolxoz-sovxoz romanları yağışdan sonrakı göbələklər kimi artıb-çoxaldı. Yazıçını "həyatı öyrənmək” üçün istehsalata yollamaq kimi əcaib məzhəkə yalnız sovet məkanında baş verə bilərdi. Nəhəng bir makulatura yaranmışdı, rəflərdə, anbarlarda toz basan bu kitablar nə üçün, kimin üçün yazılmışdı?! Ədəbi tənqidin bu "bezdarnik”lərlə işi olmazdı, ədəbi tənqid hakim partiyanın ədəbiyyatımız qarşısında qoyduğu vəzifələri yazıçılara xatırlatmaqla məşğul idi, partiyanın ədəbiyyat üzərində nəzarətini təmin edən ideoloji bir rıçaq idi. İstehsalat ədəbiyyatında hər şey var idi, insandan başqa. Ədəbiyyat da bir növ, istehsalat müəssisəsinə, fabrikə, zavoda çevrilmişdi, haqq-hesab çəkilirdi; kim nə qədər məhsul verib...

Sovet epoxasında, bir-iki əsəri çıxmaq şərtilə (məsələn, M. Bulqakovun "Master və Marqarita”sı, B. Pasternakın "Doktor Jivaqo”su) heç bir ezoterik, dekonstruktiv, intertekstual mətnlər yaranmadı.Yevgeni Zamyatin dünyaca məşhur "Biz” antiutopik romanını yazdı, əsərdə totalitar rejimin qurbanı olan insanların faciəsi qələmə alınmışdı. Təbii ki, roman qadağan olundu və yazıçı sovetlər ölkəsindən mühacirət etmək məcburiyyətində qaldı. Bulqakov sovet hakimiyyətinin təzyiqlərinə tab gətirməmişdi, əsərin ilkin variantını yandırmışdı. Amma onun romanda peyğəmbərcəsinə yazdığı fikir çox sonra özünü doğrultdu: Əlyazmaları yanmır. Nə yaxşı ki, yanmır, əks halda biz nə qədər yüksək sənətkarlıqla yazılmış ədəbi mətnlərdən xəbərsiz qalardıq.Sovet tənqidi onları ideologiyanın düşməni elan etmişdi. Mayasına sosialimz realizmi virusu yeridilmiş qısır bir ədəbiyyat mövcud idi.

Bu gün sovet imperiyasını anlamaq üçün siyasi dərslikləri bir kənara atıb Bulqakovun, Zamyatinin, Pasternakın, Soljenitsının əsərlərini vərəqləmək lazım gəlir. Sovet ədəbi tənqidi isə sadəcə, rəzalət nümunələri ilə zəngindir. Azərbaycanda da konyuktur ədəbi tənqid formalaşmışdı, seçilmiş insanların mifini məhz bu ədəbi tənqid yaradırdı, cızığından çıxanlara da ölüm hökmünü onlar kəsirdi.

"Xruşşov mülayimləşməsi”ndən sonra isə Azərbaycan ədəbiyyatında da iqlim dəyişməsi müşahidə olundu. Ədəbiyyat konyukturaçılıqdan, süni, qurama obrazlardan, inkubator kimi artıb çoxalan istehsalat romanlarından xilas oldu. İsa Hüseynov fenomeni həmin dövrdə meydana çıxdı. Onun povestləri ilə nəyayət ki, ədəbiyyata insan obrazı gəldi, İsa Hüseynovun "Doğma və yad adamlar”ı, "KolluKoxa”sı, "Şəppəli”si, "Saz”ı o kəsif, boğucu havanı təmizlədi. Tənqid isə bu əsərlərə obyektiv qiymət vermək cəsarətində deyildi. Sovet dövrü ədəbi tənqidi azad sözün qarşısında Berlin divarı kimi ucalırdı. Sovet ədəbi tənqidi hətta ölüm ayağında da öz səhvlərini etiraf etmək istəmirdi. İmperiya dağılandan sonra tənqid sanki birdən-birə gərəksizliyini anladı, bu ideoloji silaha daha ehtiyac qalmamışdı. Tənqidçilər dağılmış bir zavodun qapısında dayanmış qarovulçuya bənzəyirdilər. Bir qədər kobud müqayisə olsa da, bundan uğurlu bənzətmə tapa bilmədim. Çökmüş ideologiyanın keşiyində dayanmağa ehtiyac qalmamışdı artıq. Çox istedadların başını yeyən əliqılınclı tənqidçilər dəstəsinin çıxardığı hökmlər yox, yeni ədəbiyyatı yaradan imzalar və onların əsərləri qaldı. Tarix onları bu cür cəzalandırdı. Hər halda bu gün o tənqidçilərin yazdıqları yox, "Tütək səsi”, "Kollu Koxa” oxunur.

Bu günlərdə dəyərli qələm adamı Mehman Qaraxanoğlunun bir yazısını oxudum. Həmin yazıda bir məqam diqqətimi çəkdi. Müəllif yazır: "Azərbaycan tənqidi Kamal Abdulla mətnlərinə uduzub”. Mehman bəy əslində ədəbi tənqidin ən böyük probleminə toxunub. Azərbaycan tənqidi Kamal Abdulla mətnlərinə ona görə uduzur ki, o hələ də sovet tənqidi təfəkküründən xilas ola bilməyib. Tənqid sanki dəyərli ədəbi mətnlərin ağırlığı altında qalıb əzilir. Xatırlayırsınızsa, hələ 1997-ci ildə Azərbaycan yazıçılarının qurultayında ədəbi tənqid haqqında məruzə edən Kamal Abdulla bu çıxışını bu sözlərlə tamamlamışdı: "Tənqid yavaş-yavaş ədəbiyyatda öz funкsiyasını yerinə yetirib meydanı tərк etməкdədir. Arzum budur кi, gələcəк qurultaylarda tənqid üzrə ayrıca məruzə bir daha səslənməsin. Bu məruzə sonuncu olsun”.

Müasir dövrümüzün yazarlarının əksəriyyəti ədəbi tənqiddən narazı görünürlər. Onların yazılarında, verdiyi müsahibələrdə bu məqam qabarıq görünür. Belə demək olar: yazıçılar tənqidi qəbul etmir, onunla hesablaşmır. Çox təəssüf ki, bəzən bədii mətnlərə əsasən sovet dövründən qalma meyarlarla yanaşır, çürük tezislərlə yanaşırlar. Bəzən də yanlış olaraq deyilir ki, tənqid oxucu üçündür. Xeyir, oxucu üçün olan bədii mətndir, tənqid professional sahədir və məhz yazıçılar üçündür. Oxucu şeiri, romanı oxuyub ondan estetik zövq alır, ideyanı əxz edir, tənqidçi isə bədii mətnin qüsurlarını, onun hansı izmə aid olduğunu, strukturunu və özəlliklərini və s. müəyyən edir. Belə də formulə etmək olar: tənqid sənət üçündür. Günümüzün mənzərəsi budur ki, tənqid tədricən funksionallığını itirir. Yazıçıların əksəriyyəti maraqlı ədəbi araşdırmalar yazırlar. Qismətin, Qan Turalının, Şərif Ağaların, Ülvi Babasoyun, Cəlil Cavanşirin dəyərli ədəbi araşdırmalarını oxumuşam ki, ədəbi prosesə tənqiddən daha çox təsir göstərir, ədəbi prosesin canlı qalmasını təmin edir.

Zatən, ölkədə barmaqla sayılası tənqidçimiz var. Vaqif Yusifli, Cavanşir Yusifli, Əsəd Cahangir, Elnarə Akimova, İradə Musayeva, Tehran Əlişanoğlu... Söhbət ardıcıl olaraq ədəbi tənqidlə məşğul olan tənqidçilərdən gedir.

Dünya ədəbiyyatında böyük yazıçıların həm də esseistika, araşdırma ilə ardıcıl məşğul olduğunu görürük. Məsələn, çex yazıçısı Milan Kunderanın "Roman sənəti”, Amerika yazıçısı Stiven Kinqin "Yazı sənəti”, türk yazıçısı Orxan Pamukun "Saf və düşüncəli romançı”, İtaliya yazıçısı Umberto Ekonun "Gənc romançının etirafları”, fransız yazıçısı Mişel Byutorun "Roman haqqında esselər” kitabları bütün dünyada oxunur və yazı sənətilə məşğul olanlar üçün dərs vəsaiti kimi istifadə olunur. Stiven Kinqin, Orxan Pamukun və Umberto Ekonun adlarını çəkdiyim əsərləri bizim dilə tərcümə olunub. Təbii ki, bu əsərlər kütləvi oxucu üçün deyil, amma yazıçılığı tərcih etmiş gənclər üçün əvəzsiz bir mənbədir, onların mütləq oxumalı olduğu kitablardır. Türklər "deneme”, "eleştiri” deyirlər. Bu sahənin Türkiyədə tanınmış simalarından biri Semih Gümüşdür ki, onun "Yazarın yalnızlıq bürcü”, "Roman kitabı” kitabları bədii mətnin peşəkar təhlili baxımından, dünya romançılığının bu gün hansı dəyərləri təqib etdiyini öyrənmək baxımından əvəzsizdir. Adlarını sadaladığım kitabların hamısı mənim kitabxanamda var və zaman-zaman oxuyub faydalanmağa çalışıram. Əsla və əsla ədəbi tənqidlə məşğul olmaq fikrində deyiləm. Hərçənd ki, bir neçə dəfə məni tənqidçi kimi də təqdim ediblər. Mən zamanım olduqca ədəbi araşdırma yazıları yazıram və bundan da sonsuz zövq alıram.

Dünya dəyişdiyi kimi, hər dövrün öz tələbi olduğu kimi tənqidin meyarları, yanaşma prinsipləri, parametrləri də dəyişir. Biz niyə dəyişməyək?


TƏQVİM / ARXİV