15 Mart 2023 11:37
848
GÜNDƏM

105 il əvvəl, bu gün:Şaumyan Bakı Sovetinin iclasında nə dedi?

1918-ci il mart ayının 15-də Bakı Sovetinin iclası oldu.


Adalet.az xəbər verir ki, həmin iclasdan əvvəl proses belə başladı: Bolşeviklər hələ 1917-ci il dekabrın 31-də Bakı Sovetinin iclasında hakimiyyəti öz əllərinə aldıqları barədə qətnamə qəbul edib, noyabrın 2-də Bakı Sovetinin konfransını çağırıb Bakıda Sovet hakimiyyətini elan etdilər. Tarixi mənbələrə görə, bolşevik cəlladı Stepan Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi və Cənubi Qafqazın fövqəladə komissarı təyin edildi. Qafqaz ordusunun Tiflisdə çağırılan II Diyar qurultayında milliyyətcə erməni olan Korqanovun başçılığı ilə yaradılmış Hərbi İnqilab Komitəsi Bakıya gəldi. Ərzincan barışığı əsasında yaxın Şərq və Qafqaz cəbhələrindən dönən 6 min rus və 8 min erməni əsgəri də Bakıya toplaşdı. Ümumiyyətlə, həmin vaxtlarda bolşevik-daşnak qrupunun kök saldığı Bakı Sovetinin ixtiyarında - əksəriyyəti ermənilərdən təşkil olunmuş 20 minlik Qırmızı Ordu vardı.

Yanvar ayında Müsəlman Korpusunun komandanı general Talışinskinin Bakıda həbs edilməsi şəhərin azərbaycanlı əhalisinin ciddi narazılığına səbəb oldu. Erməni daşnaklarının şəhərin müsəlman əhalisi ilə bolşıveklər arasında silahlı toqquşmasını törətmək planları o vaxt baş tutmamışdı. Azərbaycanın siyasi xadimləri və ziyalılarının səyi ilə bu toqquşmanın qarşısı alınmışdı. Mart ayının 15-də Şaumyan Bakı Sovetinin iclasında “Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir” -deyərək əslində azərbaycanlıların soyqırımına göstəriş verdi. Milli qırğını başlamaq üçün bəhanə isə martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət “Evelina” gəmisinin tərksilah edilməsi oldu.


Qeyd edək ki, 31 mart Azərbaycanlıların Soyqırımı Gününə- 31 marta gedən yolda qanlı –qadalı bir siyasət aparılırdı. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə bu ərazilərdə mifik “Böyük Ermənistan” dövləti yaratmaq idi.

 Əntiqə Rəşid