adalet.az header logo
  • Bakı 18°C
23 Iyun 2022 15:35
1177
MƏMLƏKƏT

“Ağıllı kənd” Ağalıya köç başlayır: 1400 sakindən yalnız 428 nəfəri...

Azərbaycan işğaldan azad etdiyi torpaqlarda ilk məskunlaşma prosesinə start verilir.

Adalet.az xəbər verir ki, Zəngilan rayonunun Ağalı kəndində inşa edilən ilk ‘’Ağıllı kənd’’ə əhalinin köçürülməsi üçün hər şey hazırdır.

Böyük, Orta, Kiçik Ağalının tarixi

44 günlük müharibədən sonra azad edilən bu kənd haqqında sizi bilgiləndirim, sonra keçək 28 oktyabr 2020-ci ildə azad olunan Ağalıda gedən yenidənqurma işlərinin nəticəsinə.

Deməli, Ağalı kəndi Zəngilanın ən böyük kəndlərindədir və hazırda kəndin siyahısında 1400-dən çox sakin qeydiyatdadır. Məlumatalara görə, kənd 3 yerə bölünür: Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı.

Birinci Ağalı kəndi füsünkar və ruzili Həkəri çayının sol sahilində, dağətəyi düzənlikdədir. Ağalı adlı nəsil ilk dəfə bu ərazidə məskunlaşdığı üçün elə bu adla qeydiyyata düşüb. Birinci Ağalıya yerli əhali arasında Böyük Ağalı, yaxud Aşağı Ağalı deyilib. Çünki, həm ilk dəfə Ağalı nəsli bura təməl qoyub ev tikib, kənd salıb, həm də günü gündən böyüyən, genişlənən kənd olub. Bilirsiniz də "birinci" sözü "əvvəlinci", "ilkin", "baş", "Aşağı və ya yuxarı" sözlərini özündə ehtiva edir. Məhz bu prosesdən sonra Ağalının 2-ci və 3-cüsü də yaranıb..

İkinci Ağalı da Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Hüseynxanlı olub. Eyni zamanda yerli əhali arasında Orta Ağalı kimi tanınır..
 

Üçüncü Ağalı da 2-ci və 1-ci kimi eyni ərazidədir. Keçmiş adı Alirzah olub. Yerli əhali arasında Kiçik Ağalı, Yuxarı Ağalı kimi də tanınır.


Yeri gəlmişkən, Ağalı kəndinin igidləri Qarabağ müharibəsinin bütün dövrlərində yaxından iştirak edib, canlarını qurban verməkdənçəkinməyib.

Ağalının ziyalıları da nəinki Qarabağda, eləcə də respublikada tanınıblar.

Ağıllı kənddə nələr var?


Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Əkbər Abbasov bir neçə gün əvvəl ATV kanalında yayımlanan “İqtisadi zona” proqramında kəndin infrastrukturu, sakinlər üçün yaradılmış şəraitlə bağlı maraqlı açıqlamalar edib.Deyib ki, mayın 27-də layihənin birinci mərhələsinin açılışı oldu:”Orada artıq yaşayış üçün lazım olan bütün infrastruktur layihələri, demək olar ki, sona çatıb. Kənddə yüksək “ağıllı texnologiyalar”la təchiz olunan məktəb, həmçinin tibb müəssisəsi, inzibati idarəetmə üçün bina, situasiya idarəetmə mərkəzi və “aıllı kənd”in elementlərini özündə ehtiva edən digər infrastruktur obyektləri artıq istifadəyə tam hazırdır.


Ağalı kəndində 200 fərdi evin tikintisi yekunlaşıb

Növbəti mərhələdə isə daha 150 evin tikintisi nəzərdə tutulub. Bu layihə ortaya çıxmamışdan öncə də konsepsiya hazırlandığı dövrdə əvvəllər I, II və III Ağalı kəndlərində yaşamış 1400-dən çox sakinin hamısı ilə təmas qurulub, onların ehtiyacları müəyyən olunub, qayıdışla bağlı fikirləri dinlənilib. Nəzərə alsaq ki, orada 40 ikimərtəbəli, 160 birmərtəbəli ev tikilib, otaqların sayı və mənzillərin yaşayış sahəsi də dəyişir. Ona görə də tam arxayın demək olar ki, hansı ailələrin qayıdacağı, onların ailə tərkibi, I mərhələdə neçə nəfərin kəndə dönəcəyi artıq məlumdur. Amma nəzərə alaq ki, sakinlərin sayı kifayət qədər çoxdur. Geri dönmək istəyənlərin də böyük əksəriyyəti bu barədə planlarını artıq təsdiq ediblər. Buna görə də işlərin mərhələli şəkildə aparılması bu ərəfədə daha doğru olardı. Sizə deyə bilərəm ki, yaxın vaxtlarda köçürülmə prosesi başlayacaq. İndidən bu xoş xəbəri vermək olar ki, artıq sentyabrın 15-də 30 ildən sonra ilk Ağalı şagirdləri öz məktəblərində tədris ilinə başlayacaqlar”.
Mərkəzinin direktoru daha sonra qeyd edib ki, “ağıllı kənd”də istehsal prosesi, yaşayış bildiyimiz digər kəndlərdəki kimi olacaq: “Ağıllı kənd” olsa da, kənddə birinci məşğuliyyət təbii ki, kənd təsərrüfatı, fermer fəaliyyətidir.

“Ağıllı kənd”də həm bitkiçiliklə, həm də heyvandarlıqla, ağıllı kənd təsərrüfatı ilə məşğul olan fermer icma qrupu olacaq.

Eyni zamanda, sadaladığım dövlət qurumlarının – məktəbin, tibb müəssisəsinin, idarəetmə müəssisəsinin, hidroenergetika stansiyasının işində yerli sakinlər çalışacaqlar. Həmçinin, orada bir sıra istehsal sahələrinin, məsələn, pendir istehsalı, beton istehsalı müəssisələrinin qurulması nəzərdə tutulur. Biz daha çox növbəti aylardan danışırıq.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də bildirili ki, kəndin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyini ifadə edib. Yəni, lkin olaraq 41 ailənin ora köçürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən "Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu" mövzusunda konfransda bildiribki, hazırda Füzuli rayonunun Dövlətyarlı kəndində 2-ci "Ağıllı kənd"in inşasına hazırlıq görülür.

Əntiqə Rəşid