15 Sentyabr 2023 20:58
1224
ƏDƏBİYYAT

Ağrılarını və sevincini sözlə bölüşən şair Zemfira Məhərrəmli yazır

Adilə Nəzərin Qarabağ şeirləri üzərinə

Adilə Nəzərin şeirlərini həmişə həvəslə oxuyuram və yəqinlik hasil edirəm ki, bu gün poeziyamızın tanınmış isimlərindən olan bu yazar xanımın əsərləri bədii-estetik zövqümüzü oxşayır, duyğularımızı cilalayır. Yaradıcılığındakı təbiilik, hadisələrə həssas yanaşma məni qane edib, razı salıb. Adilənin poetik istedadına, çoxqatlı fikir dünyasına bələd olduqca ədəbi qənaətimdə yanılmadığımı düşünürəm. Orijinal, maraqlı şeirləri onun sözə haqqı çatan qələm adamlarından olduğunu bir daha təsdiqləyir.

Söz-söz, misra-misra cücərən şeirlər sənətkar ömrünün bəhrələri, arzu və ümidləridir. Şeirlər həm də şairlərin sevinci, kədəridir. Məşhur ispan şairi, qısa, lakin keşməkeşli həyat yaşamış Federiko Qarsia Lorkanın belə bir deyimi var: “Ən kədərli sevinc şair olmaq, şair ömrü yaşamaqdır.” Doğrudan da, söz adamları, şairlər el-obanın xoş gününə sevinir, dar günündən qüssələnir, qələmə sarılıb yurda dayaq olmağa, müşkülü asan etməyə can atırlar. Yazdıqları şeir şairlərin düşüncələrini bölüşmək, hisslərini ifadə etmək, həm də baş verən olaylara münasibət bildirmək üçün bir vasitədir.

Adilə Nəzər filologiya üzrə fəlsəfə doktorudur, neçə elmi əsərin, monoqrafiyanın, o cümlədən doqquz şeir kitabının müəllifidir. Şeirləri rus, ingilis, fransız, fars, qazax və özbək dillərinə tərcümə olunub, Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Poeziya nümunələri və publisistik yazıları mətbuatda, ədəbi dərgilərdə çap edilir.

Şeirlərinin obraz düzümü, müəllifin dilin bədii imkanlarından məharətlə bəhrələnməsi, bənzətmələrdəki uyarlıq, bənzərsiz etik detallar, düşüncələrini yeni biçimdə çatdırmaq onun şair kimi mükəmməlliyindən xəbər verir. Bütün bunlar o deməkdir ki, Adilənin poeziyaya gəlişi mənəvi zərurətdən doğub. İstedadlı və məhsuldar şairin içdən gələn şeirləri, poetik yaşantıları səmimidir, inandırıcıdır. Sadaladığım bu məziyyətlər, yəqin ki, söz adamının düşüncə tərzindən, həyata baxışından, yanımcıllığından, ən əsası isə qəlbini alovlandıran yurd sevgisindən qaynaqlanır. Adilə Nəzərin yaradıcılığında bənzərsiz sevgi şeirləri ilə yanaşı, bu gün də ürək döyüntümüz olan Qarabağ mövzusu əhəmiyyətli yer tutur.

Vətən dərdi, erməni qəsbkarların böyük güclərin yardımı ilə əzəli torpaqlarımızı işğal etməsi və qanlı müharibənin doğurduğu nisgil, ağrı-acı Adilə Nəzərin müxtəlif illərdə qələmə aldığı Qarabağ şeirlərinin canına-qanına sirayət edib. Qarabağ şəhidlərinə və itkinlərinə həsr etdiyi və amansız savaşa “yox!” deyən “Rekviyem” söylədiklərimin birbaşa izharıdır:

 

Gəlsəm bir gün,

Ayaqlarına qapansam, ətəyindən öpsəm,

Qaytararsanmı aldıqlarını?..

Uğruna gedənləri geri versən –

üzü gülsə xalqın...

Silinsə ataların alnından qırışlar,

qurusa anaların gözlərində yaşlar...

Açılsa qızların bağlı qapıları,

Sevinsə bəy otaqları..

Gəlsəm bir gün, ağlasam,

hər şey dəyişərmi, Qarabağ?

 

Adilə Nəzərin Qarabağ mövzusunda şeirləri vətənpərvərliklə, yurd məhəbbəti ilə yoğrulub. Şair yurd müdafiəçilərini, igid ərənləri dara düşən Vətənin dadına yetməyə, harayına qalxmağa səsləyir:

 

Çağır oğul-qızını,

Haydan alsın xıncını..

Qolu haqq qılıncını

Vurana salam olsun!

 

Yaxud:

 

Ölməz min il də keçsə,

Torpaq üçün ölənlər.

Unudulmaz heç zaman

Bayraq üçün ölənlər.

Bir az geci-tezi var,

Ölüm cana minnətdir.

Vətənə can verənin

Ölümü də nemətdir.

 

Doğma torpaqlarımızın itkisini zaman-zaman ürəyində gəzdirən şair əsarətdə olan yurd yerlərimizin düşməndən təmizlənməsi, Qarabağ üzüntülərimizə son qoyulması üçün yağılardan tezliklə qisas almağa çağırır:

 

Gün gələcək səbrim qalxıb coşacaq,

Nifrətin sel olub, aşıb-daşacaq.

Bağlı olan bütün sədlər aşacaq,

Mübarizə qürur verər millətə!

 

Səbri tükənən söz adamının bu şeiri yazarkən keçirdiyi halları kükrəyib daşan təbiət hadisəsinə bənzətmək olar. Bu misralarda əksini tapan yaşantıları müəllifin keçirdiyi ağrılı hisslər diktə edib. Digər şeirində isə şair:

 

Qürurunuz, bayrağınız,

əbədi yatdığınız torpağınız olacaq.

Qoruyun bu torpağı,

Qoruyun Qarabağı, – deyir.

 

Ağrılarını və sevincini sözlə bölüşən şairdir Adilə Nəzər. Vətən həsrəti, yurd sevgisi neçə-neçə şairin poeziya nümunəsinin canıdır, cövhəridir. Sözlə ovqat yaratmaq isə hər qələm adamının hünəri deyil. Şairin “Əsgərə məktub” şeirində olduğu kimi:

 

Hələ ki, yurd-yuvam, el-obam dardadı,

Hardadır qələbən, zəfərin hardadı?!

Yolunu gözləyən qız intizardadı,

Adına dualar oxuyur, oxuyur...

 

“Naxçıvan şəhidlərinin xatirəsinə” şeiri də fikrimizə sübutudur:

 

Şəhid analarını görüb dondum bu gecə,

Ayrılığın əzabı orada da ağırmı?

Bir xəbər ver, can bacı, orda havalar necə?

Şəhid məzarlarına yenə yağış yağırmı?

 

Şairin adlı-ünvanlı şeirləri də diqqəti çəkir. Milli Qəhrəmanımız Albert Aqarunovun, habelə Vətən Müharibəsi qəhrəmanlarımızın, şəhidlərin və qazilərin hünərinə həsr etdiyi şeirlər onun Zəfər nəğmələrinin toplandığı poetik yaddaş kitabının gözəl nümunələridir.

Dünya hərb tarixinə yazılan Zəfər savaşımıza ithaf etdiyi şeirlərində Adilə qəhrəman oğullarımızın bizə qalibiyyət gününün sevincini yaşatdığını, erməni canilərin və onların simsarlarının burnunun ovulduğunu var gücü ilə hayqırır:

 

Gözləyirdi hamı yürüş zəngini,

Dan boyadı qaranlığın rəngini.

Olmayıbdır tayı Şuşa cənginin...

Bu zəfər bizimdir, bu zəfər bizim.

Xain düşmənlərin beli büküldü,

Bizi yandıranlar “yanıb-töküldü”...

Vətənin bağrından yara söküldü,

Bu zəfər bizimdir, bu zəfər bizim.

 

Qəlbi qürurla döyünən şair “adlı-adsız qəhrəmanların qarşısında mənfur düşmənin diz çökdüyünü,” “əsrlik yolları qət edən əsgərlərimizin yeni tarix yazıb zəfər qazandığını” sevinc, fərəh hissi ilə dilə gətirir:

 

Döşünə qəlpəni qızılgül kimi,

Taxan Qaziləri salamlayıram.

Düşmən üzərinə çoşğun sel kimi,

Axan Qaziləri salamlayıram.

 

Üz-üzə dayanıb mənfur yağıyla,

Keçib imtahandan can sınağıyla,

Girdiyi meydandan tək ayağıyla

Çıxan Qaziləri salamlayıram.

 

“Başın uca olsun” şeiri də illər boyu intizarında olduğumuz möhtəşəm Qələbənin hər birimizdə doğurduğu qürur, fəxr-fəxarət hissi ilə həmahəngdir:

 

Gözünü yummadın soyuq səngərdə,

Gecələr bizim də yuxumuz azdı.

Sən ey fateh oğul, sən ey Sərkərdə,

Şəninə min dastan yazılsa azdı.

 

Başın uca olsun, ay gözüm, canım,

Vüsala yetişdi könül sevdası.

Sayəndə güləcək Azərbaycanım,

Gəldi Qarabağın o xoş sədası.

 

 

Zemfira Məhərrəmli

yazıçı-publisist