Nəsimi deyir:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam!
Cəfər Cabbarlı da Nəsimi kimi bu cahana sığmaz bir şəxsdir. Sabir demiş, bənzər bir qocaman dağə ki, dəryada durar.
İldə bir neçə dəfə yolumu Xızıya salıram. Məni Xızıya nə onun meşələri, nə də «Cənnət bağı» cəlb edir. İlahi, balaca bir kasıb kənddən xalqımızı sabaha, gələcəyə, ucalığa daşıyan nə qədər böyük şəxsiyyət çıxıb. Budu məni Xızıya cəlb edən.
Nəvələrimi də götürürəm, əvvəl Müfiqin muzeyini ziyarət edirik, bir stəkan çay da içirik, sağ olsun muzeyin işçiləri, sonra da ordan qalxırıq Xızıya – Cəfər Cabbarlının doğulduğu evi ziyarət etməyə. Hər dəfə də diz çöküb o daxmanın kandarını öpürəm. Cəfər bu daxmada doğulub, bu daxmada iməkləyib, bu həyətdə addım atıb , bu daxmada böyüyüb və Ulu Öndər Heydər Əliyevin təbirincə desək, Cəfər Cabbarlı bu palçıq daxmada bir günəş kimi doğub. Günəş gecələr sönür, amma Cəfər Cabbarlı elə bir günəşdi ki, o, heç gecələr də sönmür.
Bu muzeyi Ulu Öndər yaradıb. İstəsəydi orda möhtəşəm bir muzey tikdirərdi. Amma Cəfər Cabbarlının o daxmanın divarlarına hopmuş , içindəki havaya hopmuş ruhunun xatirinə qoymadı ona əl vursunlar. Təbii ki, sərt havası olan Xızıda bu daxma bu günə gəlib çatmazdı.

Ulu Öndər (özünün də memarlıq istedadı vardı) başqa bir üsula əl atdı. Həmin daxmanın həmişə yaşaması üçün şüşənin içərisinə aldırdı. Bununla həm də dünyaya sübut elədi ki, Azərbaycan xalqı elə böyük xalqdı ki, adi, kasıb, palçıq bir daxmadan da GÜNƏŞ doğur, GÜNƏŞLƏR doğur.
Gərək günəş dağları aşıb sönməyəydi,
Gərək mənim dönmüş taleyim dönməyəydi.
Gərək mənim istədiyim, ey gidi fələk,
Açılmamış qara torpağa kömməyəydi.
Göydəki Ayə deyin, dərdimi Tanrıya desin,
Əlimlə tikdiyim evimi sökürlər,
qoy mənə bir çarə yetirsin!


Bakı -°C
