adalet.az header logo
  • Bakı -°C

Aqil ABBAS: «SEVİLƏNLƏR»DƏN MÖHTƏŞƏM TAMAŞA

AQİL ABBAS
68664 | 2018-01-11 10:19
A- A+

Az.TV-nin ən maraqlı layihələrindən biri olan «Sevilənlər» verilişi hər bazar günü öz sevənlərini yığır ekran başına və xalqın sevilən şəxsiyyətlərinin görünən və görünməyən tərəflərini çox ustalıqla tamaşaçılara təqdim edir.

Bazar günü «Sevilənlər» verilişi möhtəşəm bir tamaşa qoydu ortalığa: Vaqif Səmədoğlunun «Yaşıl eynəkli adam» tamaşası ilə bağlı tamaşa.

Amma bu dəfə bu tamaşanın rejissoru Azərbaycan televiziyasında öz qeyri-adi rejissorluğu ilə fərqlənən Ramiz Həsənoğlu iştirakçı rolundaydı. Veriliş «Yaşıl eynəkli adam» tamaşasının 30 illiyinə həsr olunmuşdu. Amma əslində buna veriliş demək olmazdı, yuxarıda qeyd etdiyim kimi, tamaşa haqqında tamaşaydı.

Bu məşhur tamaşanın aktyorları, operatorları, ümumiyyətlə, bütün yaradıcı heyətin hər bir üzvü bu tamaşada rol oynayırdı. Bu gun aramızda olmayanlar da unudulmamışdı. Özü də sevilən olan aparıcı Nərgiz Cəlilova çox ustalıqla bu tamaşada baş rolun ifaçısı idi. Görkəmli rejissorumuz Ramiz Həsənoğlunu isə bu dəfə Teymur Quliyev əvəzləmişdi. Elə Ramiz məktəbinin yetişdirməsi olan Teymur müəlliminə layiq bir tamaşa səhnələşdirmişdi. Bəlkə də tamaşa haqqında tamaşa hazırlamaq bir əsəri səhnələşdirməkdən daha çətindi.

Proqramın redaktoru Afaq Vasifqızının redaktorluğu da qibtə olunasıydı.

«Yaşıl eynəkli adam» tamaşasını hazırlayarkən Ramiz Həsənoğlu, aktyorlar və bütün yaradıcı heyət necə böyük bir zəhmətə qatlaşıb, yuxusuz gecələr keçirdikləri kimi «Sevilənlər»in aparıcısı da, rejissoru da, redaktoru da və ümumiyyətlə, yaradıcı heyəti də həmin əziyyətə qatlaşmışdılar.

Bu proqramı araya-ərsəyə gətirənlərə təşəkkür edirik və daha böyük uğurlar arzulayırıq.

Baxmayanlar üçün! Beşinci gün «Mədəniyyət» kanalında saat 19.45-də təkrarını izləyə bilərsiz.

TƏQVİM / ARXİV