adalet.az header logo
  • Bakı -°C
18 Sentyabr 2026 16:31
44
GÜNDƏM
A- A+

AZAL Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib

18 sentyabr Milli Musiqi Günü münasibətilə Azərbaycan Hava Yolları və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Səmanın ritmi” musiqi müsabiqəsi keçirilib. Layihənin əsas məqsədi Azərbaycan Hava Yollarının uçuşdaxili musiqilərinin yenilənməsi və aviaşirkətin brend kimliyini əks etdirən unikal instrumental kompozisiyaların hazırlanması olub.

Bu barədə Adalet.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Müsabiqədə Azərbaycan Milli Konservatoriyasının 7 tələbəsi ümumilikdə 21 kompozisiya təqdim edib. Qiymətləndirmənin nəticələrinə əsasən, ən çox xal toplayan üç tələbə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülərək mükafatlandırılıb.

Təqdim olunan əsərlər bəstəkarlar və Azərbaycan Hava Yollarının rəhbər heyətinin üzvlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Həmçinin münsiflər heyətində Azərbaycan Milli Konservatoriyasının “Dirijorluq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova-Talıblı, “Populyar musiqi və caz ifaçılığı” kafedrasının dosenti, Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadə, həmin kafedranın müəllimi, Xalq artisti, caz bəstəkarı Salman Qənbərov, müstəqil ekspert qismində isə Bəstəkarlar İttifaqının nümayəndəsi, Əməkdar artist, bəstəkar Vüqar Camalzadə yer alıblar.

Müsabiqə nəticəsində seçilmiş üç kompozisiyanın yaxın aylarda Azərbaycan Hava Yollarının uçuşlarında sərnişinlərin qarşılanması və yola salınması zamanı, eləcə də uçuşdaxili əyləncə sistemində fon musiqisi kimi səsləndirilməsi nəzərdə tutulur.

“Səmanın ritmi” layihəsi gənc musiqiçilərə yaradıcılıq potensiallarını nümayiş etdirmək və əsərlərini daha geniş auditoriyaya çatdırmaq imkanı yaradır. Azərbaycan Hava Yolları ilə Azərbaycan Milli Konservatoriyasının əməkdaşlığı çərçivəsində ərsəyə gələn kompozisiyalar sərnişinlərin səyahət təcrübəsinə yeni musiqi çalarları qatacaq.