adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2021 12:11
1832
ƏDƏBİYYAT
A- A+

AZƏR ƏRZİ OSMANLI: AĞLAMIR BİR NƏFƏR DİRİ DALIMCA

AĞLAMIR BİR NƏFƏR DİRİ DALIMCA

Bu dünya təzadlar dünyasıdır da,
Ağla mən gələndə, kiri dalımca.
Ya da sən bu dəfə tək qoyma məni,
Əlimdən tut, gedək, yeri dalımca.

Gərək Əzrayılla bu gün görüşüm,
Təxirə salmışam mən o görüşü,
Əcəldən, ölümdən qaçıram, düşüb
Bir kəfən, bir qəbir yeri dalımca.

Dizim heydən düşdü, atdım qaçmağı,
Eh... Yaxalandım bu ölümə axır,
İlahi, mən necə ölüyəm axı?!
Ağlamır bir nəfər diri dalımca. 

GÖZ YAŞINLA YU DÜNYANI

Məndən elə get gedəndə,
Qayıtmağa yer saxlama.
Nə etmişəm, vur üzümə,
Səbəbini sirr saxlama.

Qənimiyəm öz-özümün,
Asaram, qırpmam gözümü,
İki tel saç qoy özümü 
asmağa,
Kəndir saxlama.

Ağla, bassın su dünyanı,
Sel götürsün bu dünyanı,
Göz yaşınla yu dünyanı,
Bir zərrə də kir saxlama.


YAMANCA ƏCƏLİN GƏLİB

Yamanca əcəlin gəlib,
Çək torpağı başına, yat.
Torpağın altında səni
Eləməz heç kim narahat.

Qarışma heç nəyə, baxma
Bu səs-küy, bu qovğa nədir.
Durma daha məzarından,
Oyanma, dincəl əbədi.

Qorxma, soyuq dəyməz sənə,
Arxayın yat bütün günü,
Başdaşın başında durub 
Arada örtər üstünü.

DÖYÜR

Yenə də bir ümid öldü,
Arzular dizini döyür.
Qatil kimdir? Hamı baxıb
Üzümə gözünü döyür.

Sən də getmək istəmirsən,
Gedilmək istəmir yol da;
Yolu döyür ayaqların,
Yol ayaq izini döyür.

Necə çarəsizlikdir bu?
Biri çıxıb gedir,
Biri 
"Qal" deyə bilmir gedənə,
Qalıb hey özünü döyür.

KAĞIZ

Uzaqlaşın yanımdan, nəyə gərəksiz axı?!
Məni yalqız buraxın bu bir parça kağızla.
O qədər uzaqlaşın, daha heç rastlaşmayaq,
Nə qədər ki, arası var baharın payızla.

Bu bir parça kağızdır mənim ən yaxın dostum,
Vaxt olub ki, onunla küsmüşəm, barışmışam.
Mənim bir dərdimi də dinləməmisiniz siz,
Hər nə dərdim olubsa, tək ona danışmışam.

Rahatlıqla tək ona hər sözümü demişəm,
Tək odur agah olan ürəyimin sirrinə.
O mənim ən yaxınım, o mənim ən doğmamdır,
Necə qoyum özgəni axı onun yerinə!

İlahi, nə güclüymüş bu bircə parça kağız,
Nə qəm yüklədim ona, daşıdı heç dinmədən.
Hələ də heyrətdəyəm, bu dağ boyda adamlar
Əl boyda kağız qədər dözümlü olmur, nədən?!

***
Məsum uşaqların
Bunca göz yaşına rəğmən
Çıxmadı dünyanın kiri.
Deməli, dünyanın kirliliyi 
Daha çoxmuş
Uşaqların saflığından.

***
Bu gecə də
Dərdlərimi qoydum başımın altına
Yastıq əvəzi,
Yatmadım...

***
Elə bilmə, heç nəyim yoxdur,
Tutmağa əlçatmaz arzularım,
Arzularıma çatmağa da
Bir qədər ümidim var —
Belə də yaşamaq olur.

***
Məni narahat etməyin!
Vaxtım yoxdur;
Yenə dünya qədər darıxmağım var
bu gecə...

***
Nə dumandır, nə də qaranlıq,
Günün günorta çağı
Günəş adam yandırır.
Amma göz gözü görmür:
Mənim gözüm sənin gözünü,
Sənin gözünsə mənim gözümü.

***
Bu dünya yekə bir məzardır,
Dünyaya gəldiyimiz gün
bizi bükdükləri ağ parça
Bələk yox, kəfən idi əslində.

HAYKU

Görmədi heç kim,
Gecədə gizlətmişəm
Göz yaşlarımı.