AZƏRBAYCAN POLİSİNƏ LƏKƏ ATMAYIN - Aqil ABBAS yazır

AQİL ABBAS
232 | 2025-05-19 18:04

Yenə polisi hədəfə götürüblər. Şayiələri, dedi-qoduları ictimailəşdirərək polisin nüfuzuna kölgə salmağa çalışırlar. 

Azərbaycan polisi dövlətin bel sütunlarından biri, daha dəqiq desək, elə  birincisidi. Ölkənin və millətin  əmin-amanlığı, ictimai-asayişin qorunması polisin fəaliyyətindən asılıdır ki, polis də bu işin öhdəsindən  ləyaqətlə gəlir. Postsovet ölkələrində ən əmin-amanlığı olan respublika  Azərbaycandır.

Polis gecəli-gündüzlü xalqın keşiyindədir. Özü də polis  yeganə  təşkilatdır ki, iş günü digər təşkilatlarda olduğu kimi, 8 saatlıq deyil, 24 saatdır. 

Bu gün biz rahat yatırıqsa, şəhərdə qorxusuz-hürküsüz gəziriksə polisə borcluyuq. 

Cinayətkarlığa, kibercinayətkarlığa, narkomaniyaya qarşı apardığı mübarizə də göz qabağındadır. Amma bu, dövlətçiliyimizi sevməyən həm xaricdən maliyyələşən, həm də daxildəki bəzi müxalif qüvvələri narahat edir. Ona görə də var gücləriylə polisi nüfuzdan salmaq üçün təbliğat aparırlar. 

Gəncədəki 17 yaşlı oğlanın qətli təbii ki, ictimaiyyəti narahat edir. Qətlin üstünün  açılması üçün  istintaq qrupu yaradılıb və yəqin ki, tezliklə də istintaqın nəticələri ictimaiyyətə çatdırılacaq. Amma şayiə gəzdirənlər, dırnaqarası jurnalistlər bu qətli polisin  üstünə atmağa çalışırlar. Özü də Gəncə polisinin. O Gəncə polisinin ki ölkədəki vəziyyəti gərginləşdirmək istəyənlər həmin idarənin iki polkovnikini günün-günorta çağı qətlə yetirdilər.  Hər iki polkovnik ölkənin əmin-amanlığı uğrunda şəhid oldu. 

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun uğurlu fəaliyyətini gözü götürməyən həm xarici qüvvələr, həm də daxildəki müəyyən qruplar bu şayiələrə rəvac verir, xalqı çaşdırmağa çalışır. 

Azərbaycan Polisi öz vəzifə borcunu həmişə şərəflə yerinə yetirib və belə şayiələrə baxmayaraq, həmişə də yerinə yetirəcəkdir.

Polis bizi qoruduğu kimi, biz də polisimizi qorumağa borcluyuq. 

Milçək bir şey olmasa da ürək bulandırır bu şayiələr kimi. 
 

TƏQVİM / ARXİV