
(II yazı)
Dorik adlı bir idman müəllimi vardı, erməni idi. Şəhərdə az-çox hörməti də vardı, həm də ovçuydu. Biz iki əmioğlu çəpər üstə dava edirik, amma ermənilər yeddi arxa dönənlərini tapıb bir-birilərinə dayaq dururlar. Şarl Aznavurun altıncımı-yeddincimi babası erməni idi, qazandığını tökürdü Ermənistana, Qarabağa. Amma Rober Osseyn bizə müharibə vaxtı və ya müharibədən sonra qaçqınlarımıza bir şirniquş göndərməməsi cəhənnəm, heç bir dəfə də xeyirimizə bir söz söyləmədi.
Nə isə… Bu Dorikin İtaliyada yeddi arxa dönənindən bir qohumu vardı. Tez-tez Dorikə müxtəlif hədiyyələr göndərirdi. Bir dəfə də bir ov tulası göndərmişdi. O da fors eləmək üçün Qədiri qonaq çağırır və tulasını nümayiş etdirir. O tulanı mən də görmüşdüm. Doğrudan da qeyri-adi bir cins idi.
İtin pasportunu da Qədirə göstərir. Deməli, pasportda itin də yeddi arxa dönəninin adı, nə bilim cinsi, deyəsən, hətta doğum tarixi də vardı.
Qədir pərt olur, amma özünü o yerə qoymur. Deyir ki, Dorik bir öz pasportunu da götür görüm. Təbii ki, Dorikin pasportunda adıdı, atasının adıdı, bir də doğum tarixidi. Pasportları yanaşı qoyub deyir:
- Dorik, itiyin nəsli sənin nəslindən nə qədər qədimiymiş?!
Amma Qədir heç vaxt Doriklə ova getmirdi. Dorik yalvarırdı ki, Qədir, bir dəfə mən də sənlə gedim ova, Qədir də deyirdi:
- İtin sənin kimi döyül, nəsilli-köklü itdi, istiyirsən ver onu aparım.
Qədirinki heç kimlə tutmurdu, bircə Tahir abidən başqa. O dövrlər «abi» sözü yox idi. Mən indi yazanda «abi» yazıram, çünki Ağdamda hamı ona böyük qardaş kimi baxırdı. O da Qədir kimi çox danışmağı sevməzdi. Ona görə də Qədirlə onunku tuturdu, çünki iki-üç saat oturub balıq tutardılar, dinməz-söyləməz. Xallı Şahinlə dostuydu, amma həmişə onu sancardı. Çox cavan öldü, Ağdamsızlığa dözmədi.
Ağdam işğal olunandan sonra Qədir day toylara getmirdi, daha dəqiq desək, toy aparmırdı. Yaxın dostları öz toylarına qonaq kimi dəvət edəndə xahiş-minnətdən sonra bir ağız oxuyardı, amma könlü istəsə. Deyəsən, day heç ova da getmirdi.
Bir gün Xallı Şahin dedi ki, gedək Qədiri tapaq, aparaq bir ova, könlünü açaq. Getdik Oğuza, Qədiri tapdıq. Qayıdanda Zərdab yoluyla qayıtdıq. Körpünü keçəndən sonra Yastı yol adlı bir kənd var. Əsas küçəsi kəndi iki yerə bölür. Kür tərəfi Zərdabındı, alt tərəfi Ağcabədinin. Deməli, qardaşlardan biri zərdablıdı, biri də ağcabədili. O vaxt bu kəndi hansı axmaq bölüb, amma sonra da heç bir ağıllı buna bir əncam çəkməyib.
Xallı Şahinin həmin kənddə Paşa adlı bir dostu var, elə hamımız onun xətrinə çox istəyirik. Xətirli-hörmətli kişidi. Elə olub ki, iki maşın adam gecə evinə qonaq getmişik durub qoyun kəsib, yemək-içmək, sonra da hamı yıxılıb yatıb orda. Kəndin Ağcabədi tərəfində yolun qırağında bir yeməkxanası var. Maşınları orda saxladıq. Bizi elə qarışladı ki, elə bil yüz ildi görmür. Səhər-səhər idi, bir çay içdik, nə qədər elədi oturmadıq. Şahin dedi ki, sən axşama hazırlıq gör, həm balığımız olacaq, həm də sənə bu dəfə qaz vurub gətirəcəm.
Paşa kişi:
- Ə, Tulaya samovar aparmazlar. Kürün qırağında yaşayan mənəm, amma vura bilsəniz qaz demirəm, üç-dörd dənə turac gətirsəniz sizə yaxşı bir plov dəmlədərəm. Özü də yeməkxanada yox, evdə. Qədir yeməkxana qonağı deyil.
Qədir həmişəki kimi dinib-danışmırdı, çox fikirli idi. Hardan ağlına gəldisə birdən qəfil soruşdu:
- Məllim, görən Dorikin iti durur?
Çaşdım qaldım.
- Nə bilim, vallah, Qədir. Yəqin ki, durmuş olar.
Köpəyoğludan zəhləm getsə də, amma itindən yox idi.
Bir kəndin içindən keçəndə yolumuzun üstünə bir qara pişik çıxdı. Hamımız dilxor olduq. Dedik ki, bu gün bəxtimiz gətirməyəcək.
Qədir gülüb özündən getdi və dedi:
- Ə, o pişiyin bəxti gətirmiyəjey ey, qabağına biz çıxmışıq. Evi-eşiyi dağılmış, yurdu-yuvası boş qalmış, çöllərə səpələnmiş adamlarıq, çıxmışıq yazığ pişiyin qabağına.
Getdik Ağgölə. Ya Qədirin ov həvəsi yox idi, ya da qara pişikdən arxaç keçdi, heç nə vura bilmədik. Kor-peşman qayıdırıq. Bir kəndin içindən keçəndə gördük yolun kənarında iyirmi-otuz ev qazı otlayır. Qədirlə də Tahir abi öndəki maşındadı, keçib gediblər.
Xallı Şahin çığırdı:
- Ə, saxla, saxla!
Maşını saxladıq. Xallı Şahin tez maşından düşdü, güllə ilə iki qazı vurdu. Kənd camaatı güllə səsinə axışdılar yola və başladılar Xallı Şahini qovalamağa.
Balaqanov ki (bilməyənlər üçün: İlf-Petrovun «Qızıl dana» əsərindəki qəhrəmanlardan biri) necə oğurladığı qazı qoltuğuna vurub qaçır və camaat tökülür arxasınca, Xallı Şahin də qazları vurub qoltuğuna maşına tərəf qaçır, kənd camaatı da arxasınca. Balaqanovdan fərqli olaraq, Şahinin qoltuğunda iki qaz vardı. Balaqanov son anda qazı tullasa da, Xallı Şahin qazları tullamadı, özünü birtəhər maşına saldı:
- Çıxdıq aradan!
Camaat arxamızca beş-altı daş atsa da, gec idi.
Bir az gedəndən sonra gördük ki, Qədirgili maşını saxlayıb bizi gözləyir.
- Harda qalmışdınız?
Xallı Şahin əllərində iki qaz maşından düşdü:
- Qaz vurmuşam.
Qədir:
- Ə, bunnarkı ev qazıdı.
- Noolsun. O boyda kişiyə söz vermişəm ki, qaz vurub gətirəjəm. Deyirsiniz indi onun yanında yalançı çıxeydim?
Tahir abi Xallı Şahinlə dost olsa da, o qədər də xoşu gəlməzdi, tez-tez sancardı, bəlkə də çox danışdığına görə. Hətta özündən kiçik qardaşı Rizvana deyirdi:
- Şahinlə çox oturub-durduğuna görə səndən də xoşum gəlmir.
Tahir abi Xallı Şahini təpədən-dırnağa süzüb dedi:
- Şahin, sənin ömründə heç düz danışdığın olub ki?!
Ən maraqlısını indi oxuyacaqsınız. Geri qayıdanda gördük ki, yolumuzun üstünə çıxan qara pişiyi həmin yerdəcə maşın vurub.
Qədiri yenə gülmək tutdu:
- Gördünüz, pişiyin bizə görə bəxti gətirmədi…
Gəldik Paşa kişigilə. Yaxşı bir süfrə hazırlamışdı. Plov da dəmlətmişdi. Xallı Şahinin vurduğu qazları görəndə gülməkdən öldü. Dedi ki, ə, Şahin gərək bunu yolub iki gün açıq havada saxlayasan ki, iyisi-qoxusu getsin.
Sonra da məlum oldu ki, heç bizə arxayın olmayıb, özü çıxıb kəndin aşağısından dörd dənə turac vurub və turac plovu dəmlədib.
Ən pisi o oldu ki, həmin ovdan bir qədər sonra Tahir abini, yəni Axundov Tahiri (ağdamlılar onu «Axundov Tahir» deyə çağırırdılar) itirdik.
Qədir Rüstəmov Tahir abidən sonra, ümumiyyətlə, ova getmədi. Söhbət vaxtı səbəbini soruşanda dedi:
- Məni ova Tahir dadandırmışdı. Tahirsiz nə ov ey…
P.S. Xoşunuza gəlsə, üçüncünü də yazacam.