13 Iyun 2025 09:00
149
LAYİHƏ

AZƏRBAYCANIN DÜNYA İQTİSADİYYATINDA YERİ

Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, bu bir həqiqətdir ki, müstəqillik dövründən sonra həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən çox sürətlə inkişaf edib. Təbii ki, bu inkişaf da istər-istəməz ölkəmizin dünya iqtisadiyyatına  inteqrasiyasına böyük  təkan verib. Bir vaxtlar  ölkəmizə  yuxarıdan aşağı baxan və onu  bu və ya digər dərəcədə  siyasi və iqtisadi cəhətdən  sıxmaq istəyən ölkələrin  özləri Azərbaycana  çox böyük  maraq göstəriblər. Çünki hər bir dövlətin  öz maraqları  olur və o maraqları da  həyata  keçirmək üçün  müxtəlif  yollar axtarır. Bu yol isə Azərbaycana sərmayə qoymaq və bu sərmayədən külli miqdarda  vəsait qazanmaq idi. 

Elə bu günün  özündə də  dünya siyasətini   müəyyənləşdirən və hegemonluq edən iqtisadi cəhətdən güclü olan  dövlətlərdir. O dövlətlər ki, onların  iqtisadiyyatı güclü olduğu kimi, hərbi sənaye  kompleksi də çox möhtəşəmdir. Təbii ki,  dövlətin  büdcəsi çox olanda  həmin büdcədən  istənilən  sahəyə  istənilən qədər  vəsait ayrılır. Bunu heç də  asanlıqla  əldə etmək mümkün deyildir. Xüsusən də  yenicə inkişaf edən ölkələrin  iqtisadiyyatının  əsaslı  surətdə qurulması üçün  çox böyük  layihələr həyata  keçirilməli, islahatlar aparılmalı, ağır və yüngül  sənaye  sahələri  inkişaf etdirilməlidir. Əgər bir ölkənin  ağır və  yüngül sənayesi  inkişaf etməyibsə, yaxud da zəifdirsə, heç  şübhəsiz  həmin məmləkət dünya  iqtisadiyyatına inteqrasiya olunmaqda bir çox  çətinliklərlə üzləşəcək.  Bunun üçün isə ilk növbədə  bayaq dediyimiz kimi, hər bir ölkənin  iqtisadi  inkişafı  dayanaqlı xətlə  yüksəlməli və bu sahədə  dünya  standartlarına  cavab verən  islahatlar aparılmalıdır.

Birmənalı  olaraq deyə  bilərik ki, Azərbaycan da bu gün Avropa və  dünya  iqtisadiyyatında öz yeri  görünən bir  ölkədir. Buna da  heç də asanlıqla  nail olunmayıb. Ən azından  ona görə ki,  ölkəmiz  müstəqillik  dövrünə  qədəm qoyandan sonra özünün  azad və suveren  iqtisadiyyatını  qurmağa başlayıb. Ölkəmizin demək olar ki,  yeraltı və yerüstü  sərvətlərlə zənginliyi  onun  inkişafına və iqtisadiyyatının tərəqqisinə çox böyük  təkan verir. Belə ki, məmləkətimiz  başqa  ölkələrdən, eləcə də  keçmiş SSRİ-dən asılı  olarkən heç vaxt müstəqil iqtisadi siyasət həyata  keçirə bilməyib. Yəni onun  var-dövləti  digər ölkənin  nəzarətində olub və  onların razılığı  əsasında  hansısa bir  iqtisadi addımlar atmaq , beynəlxalq müqavilələr  imzalamaq mümkün idi. Amma Azərbaycan öz müstəqilliyini  qazanandan  sonra  siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də  müstəqil mövqe tutdu. Başqa  sözlə demiş olsaq,  ölkəmizin var-dövləti, sərvəti, bütün qiymətli nəyi vardısa  hamısı  özünə məxsus oldu. Əlbəttə, keçmiş SSRİ respublikaları  içərisində iki ölkənin müstəqil dövlət olduqdan  sonra böyük  inkişaf yoluna   qədəm qoyacağına SSRİ dövründə bir çox tanınmış siyasətçilər və iqtisadçılar proqnozlar vermişdilər.  Həmin proqnozlara  əsasən Ukrayna və Azərbaycan  müstəqil dövlət olandan  sonra  çox  böyük  inkişaf yolu keçməli idi.

 Zaman gəldi və həmin  proqnozlar  özünü təsdiq etməyə başladı. İlk növbədə  Azərbaycana  dünyanın ən iri  və böyük  dövlətləri  böyük maraq  göstərdilər. ABŞ, İngiltərə, Fransa, Türkiyə , Macarıstan, Bolqarıstan, Rusiya, İtaliya və eləcə də digər çoxlu saydı  inkişaf etmiş ölkələr  Azərbaycanla  iqtisadi  əlaqələr qurmağa çalışdılar. Onlar görürdülər ki, Azərbaycana  qoyacaqları  sərmayələr  çox yox, uzaqbaşı  iki-üç ildən sonra  gəlir  gətirəcək. Buna görə də adını  çəkdiyimiz  ölkələrin  çoxlu  sayda  şirkətləri Azərbaycanın  iqtisadiyyatının  müxtəlif  sahələrinə sərmayələr  qoydular. İstər neft, istər qaz və istərsə də  digər faydalı qazıntılardan  əldə edilən  məhsullar böyük  dövlətlərin marağında oldu.  Və bu məqsədlə  Azərbaycanla həmin dövlətlər arasında  müqavilələr  imzalandı.  Təkcə bir faktı  deyək ki,  "Əsrin müqaviləsi"nin, yəni  Bakı-Ceyhan kəmərinin  işə  düşməsi Azərbaycanın  beynəlxalq aləmdə  nüfuzunu  yüksəltdi və onun  gəlirlərini  artırdı.  Dünyaca  məşhur olan  İngiltərənin BP şirkəti  bütün  beynəlxalq aləmə sübut etdi ki,  Azərbaycanda hər hansı  bir  sahəyə qoyulmuş sərmayə  bir  neçə ildən  sonra  maya dəyərini çıxarmaqla böyük  izafi dəyər də qazandırır. Heç  şübhəsiz, BP şirkətinin  neft və qaz sahəsindəki Azərbaycana yatırdığı sərmayələr istər-istəməz böyük gəlirlərin  və sərvətin əldə edilməsinə  münbit  şərait yaratdı. Bundan sonra  dünyanın digər ölkələrinin, xüsusən də İtaliyanın, Bolqarıstanın, Rusiyanın Azərbaycana  maraqları birə-beş artdı. 
Ulu Öndər Heydər  Əliyev  dünyaya sübut etdi ki, Azərbaycan  balaca ölkə  olmasına  baxmayaraq, dünya  iqtisadiyyatına  inteqrasiya olunmağı  bacardı və Avropanı neft-qazla təmin etdi. Avropa da gördü ki, Azərbaycan  heç də Cənubi Qafqazda  zəif dövlət deyil, Ermənistan  və Gürcüstandan iqtisadiyyatı  qat-qat güclü olan və  Avropaya arxa duran,  iqtisadi  cəhətdən  qüdrətli və güclü  dövlətdir. Əlbəttə, ölkəmizin  gündən-günə iqtisadi göstəricilərin artması  və  dünya  iqtisadiyyatına töhfələr verməsi onu deməyə  əsas verirdi ki, bu ölkəyə istənilən qədən sərmayə qoymaq  olar və bunun da  xeyirini görmək mümkündür. 

Bu gün heç kimə sirr deyil ki, dünyanın ən böyük  dövlətlərinin, özü də  hegemon ölkələrin Azərbaycanla siyasi-iqtisadi  əlaqələrin qurulması  onu deməyə əsas verir ki, ölkəmiz  dünyaya  inteqrasiya  olunmaqla  böyük dövlətlərin  diqqət  mərkəzindədir. Son vaxtlar dünyanın ən nəhəng dövləti olan Çin Xalq Respublikası ilə iqtisadi əlaqələrin  möhkəmlənməsi Azərbaycana Çinin müxtəlif  şirkətlərinin marağı onu deməyə əsas verir ki, yaxın gələcəkdə bizim bu nəhəng dövlətlə  böyük iqtisadi əlaqələrimiz olacaq və bu da hər iki ölkənin  inkişafına, insanların rifah halının  yüksəlməsinə müsbət təsir edəcəkdir. Heç şübhəsiz, Azərbaycanın beynəlxalq aləmdəki  nüfuzu ölkəmizə bundan sonra da böyük maraq yaradacaq və məmləkətimizdə həmin dövlətlər sərmayə yatıracaqlar. 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.