Azərbaycanın məhəbbət simvolu, fədakarlıq mücəssəməsi Fərizə : Nə yaxşı doğuldun!

Bu gün Azərbaycanın sevgi mücəssəməsi, məhəbbət simvolu hesab edilən Fərizənin doğum günüdür. Bildiyiniz kimi 20 yanvar şəhidi Ağdamda anadan olmuş İlham Allahverdiyevin həyat yoldaşı idi Fərizə..
Adalet.az xəbər verir ki, Fərizə Çoban qızı Nəbiyeva 1970-ci il avqustun 11-də Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olub. Erməni məkrinin nəticəsində yurd-yuvalarından perik düşən ailə Bakıya pənah gətirir. Fərizə təhsilini davam etdirir və 1 nömrəli tibb məktəbinə daxil olur.
Toy, toy, toydu bu gün
Bu yerdə sizə kimdən deyim-danışım bizim qəhrəmandan – yaraşıqlı, ləyaqətli gənc oğlan İlhamdan. 1989-cu il, subay İlham və onu evləndirmək üçün evdə məsələ qaldırılıb. Allahverdiyevlər ailəsinin gündəmində İlhamı mütləq “kəndirləmək”di. Ailə siyahıdakı qızların adını çəkir, İlham başı ilə “yox” deyir, Ana bir qız təklif edir, bacı birini, qardaş birini.. Amma İlham başını ancaq “yox” istiqamətində silkələyir. İlham baxır ki, ailə iclası bunun qəlbindəki qıza “hec yaxın da düşmür” , məcbur olub, söz alıb, çıxışına başlayır:”Bacımla bir sinifdə oxuyan Fərizə var eyyy”.
Vəssalam! Ailə elçi gedir, xonçalar bağlayıb, 1989-cu ilin martın 19-da nişanı aparır. Elə həmin ilin 30 iyununda yaxınlar, doğmalar, Bakıda təzə açılmış "Leyla" şadlıq evinə axışırlar. Fərizə ilə İlham toy mərasiminə Hamı bir ağızdan gənclərə ”Allah sizi ayırmasın”deyib xeyir-dua edir.
Şimaldan gələn ölüm kabusu
Bu o vaxtlara təsadüf edirdi ki, Qarabağda böyük bir alov xalqı qarsıb qovururdu. Bakıda isə erməni özbaşnalığına sovet işğalına qarşı mübarizə başlamışdı. Oda atılmış Qarabağın balası İlhamla, odun içərisindən çıxıb gəlmiş Fərizə bu mübarizə meydanında əvvəldən vardı.
Ailə üzvlərinin təsdiq edir, İham və Fərizə də vətənpərvərlik hissi qeyri-adi dərəcədə yüksək idi. Azərbaycan Xalq Cəbhəsinin mitinqlərinə də ikisi birlikdə gedirdilər.
O məşum gecə, qan qoxulu yollar
1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Lakin yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasının yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra, İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır. Axşama yaxın İlham qardaşı Elxanla "Şamaxinka" deyilən ərazidə görüşürlər. İşdən qara fəhlə paltarı ilə gəlmişdi. İlham və onun dostları yardım üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşırlar. İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxır.
Sovet ordusunun əsgərləri İlhamı güllələyirlər. İlhamla Fuad Babayevı bir yerdə telefon budkasının yanında vurmuşdular.Güllə ona qabaqdan dəymişdi. O, xəstəxanaya 00:10-da qəbul edildi. İlham çoxlu qan itirdiyindən ona qan vurmaq lazım idi. Onun üzərində əməliyyat edən həkimin sözlərinə görə, İlhamı əməliyyat edəndə işıqlar sönür. Həkimlər qəzet yandırıb onun işığında əməliyyatı həyata keçirirlər. Əməliyyat vaxtı aydın olur ki, onun qaraciyəri parçalanıb, qarın boşluğu qanla dolub. Həkimlər qaraciyəri imkan daxilində hemostatik tədbirlər görməklə, tamponada etməklə reanimasiyaya verdilər. Amma 5-6 saatdan sonra o, keçindi.
Bəd xəbər Fərizəyə çatır
İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olur, güllələr atılanda İlhamı vurduqlarını deyir. Evdəkilərin hamısı təəccüblə Fərizəyə baxır. Anası isə “iraq olsun” deyir. Amma narahat qaldığına görə, oğlu Elxanı götürüb İlhamı axtarmağa gedir.
Qardaşı Elxan xatirələrindən: “Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki "20 Yanvar" dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş…Onlar İlhamı həmin günü Respublika Klinik Xəstəxanasında tapdılar.
Xəbər Fərizəyə yetişir və onun ağzından çıxan ilk kəlmə bu olur: "Hey, İlham, sənə özümü çatdıracağam" deyib, intihar etmək istəyirdi. O, birinci dəfə özünü yandırmaq istəsə də, qarşısını aldılar. Amma kimsə onu yolundan döndərə bilmədi. İlhamsız bu dünyada qalmağı, yaşamağı özünə haram hesab edən Fərizə toy şəkillərini stolun üstünə töküb - baxıb, yarımçıq məktub yazır:
“Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da…”
Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içirək, intihar edir. Həmin vaxt hamilə idi. Onun bətnində 2 aylıq körpəsi vardı. Fərizə həkimə çatmamış, təcili maşında vəfat etdi. Tələbəsi olduğu tibb texnikumundakı təhsili də həyatı, arzuları, sevgisi kimi yarımşıq qaldı. Əvvəlcə İlhamı Xırdalandakı qəbiristanlıqda dəfn etsələr də, sonradan onu oradan çıxarıb, yanvarın 22-də hər ikisini Bakının Şəhidlər Xiyabanında dəfn etdilər.
2004-cü ildən onların toy günü olan 30 iyun tarixi hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur.
Allah sizi ayırmadı
Bir sevgidən, fədakarlıqdan bəhs edən gerçək bir nağılın sonuna gəldik.
Bilmirəm , bəlkədə səhv düşünürəm, amma bu fikrimə inanıram. 4 tərəfdən ən güclü düşmənlərlə əhatə olunmuş məmləkətimiz hər zaman o düşmənlər tərəfindən parçalamağa, didik –didik edilməyə fürsət gözləyib. Bu fürsəti isə məhz İlham kimi, Fərizə kimi ölümü heçə sayan oğul-qızların sayəsində əldə edə bilməyiblər. Edə bilməyəcəklər də!
Əntiqə Rəşid
Digər Xəbərlər

Sabah çimərliklərdə neçə dərəcə isti olacaq?

Yeni Günəşlinin bərbad yolları...

Qarabağımın azadlığa çıxmış gozəllikləri: Vəngli - I yazı

Böyük Qayıdış zəhmət aşılayır - VİDEO

Yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırıldı - VİDEO

Sərsəng su anbarının ətrafında turizm infrastrukturu yaradılacaq

Naxçıvanda fermerlərə müasir suvarma avadanlıqları güzəştli şərtlərlə təqdim olunacaq
