Azərbaycanla Çin arasında münasibətlər yeni səviyyəyə yüksəlir

Prezident İlham Əliyev: “Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir”
Bu gün Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətləri dərinləşməkdədir. Hər iki ölkə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı inkişaf etdirir və milli maraqlara aid məsələlərdə bir-birini dəstəkləyir. Çin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edir, Azərbaycan isə "Bir Kəmər, Bir Yol" təşəbbüsünə fəal şəkildə qoşularaq Çinlə iqtisadi-ticarət əlaqələrini möhkəmləndirir. Bu əməkdaşlıq həm də beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət və qarşılıqlı dəstəklə müşayiət olunur. İki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsi regional sabitlik və inkişaf baxımından da əhəmiyyətlidir. Prezident İlham Əliyev 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibədə Azərbaycan və Çin münasibətlərinə toxunub: “Bu gün Çin rəhbərliyi ilə görüşlərim zamanı qeyd etdim ki, hər dəfə Çinə gələndə inkişaf görürəm. Bir çox yeni infrastruktur layihələrini, binaları və gözəl şəhəri görürəm. Dostlarımı sosial və iqtisadi inkişafda qeyri-adi nailiyyətlərlə, o cümlədən Çinin beynəlxalq aləmdəki fəaliyyəti ilə təbrik etdim. Hər zaman buraya gəlmək olduqca xoşdur. Burada dəfələrlə olmuşam. Çinə ilk səfərim hələ 2005-ci ildə olub. Bir sözlə, ötən 20 il ərzində ölkənin sürətli inkişafının və inanılmaz dəyişikliklərin şahidi olmuşam. Gördüklərim, iqtisadi inkişafla bağlı oxuduqlarım və mənə verilən məlumatlar göstərir ki, ölkəniz həqiqətən düzgün yoldadır. Bu münasibətlə sizi təbrik edirəm.
Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətninə nəzər yetirsəniz, ikitərəfli əlaqələrin geniş gündəliyini görəcəksiniz. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir”. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 22-dən 24-dək Çinə dövlət səfəri çərçivəsində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat” imzalanıb. Bu bəyanat, Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasından sonra 33 il ərzində əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək, hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edir. Tərəflər qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə və hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər.
Bəyanatda həmçinin, Azərbaycan tərəfinin dünyada yalnız vahid bir Çinin mövcudluğunu tanıdığı və Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu vurğuladığı qeyd olunur. Çin tərəfi isə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Həmçinin Çin Xalq Respublikası Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyini dəstəkləyərək, regionda sabitlik və əməkdaşlıq naminə bütün tərəfləri dialoqa çağırır. Çin rəsmiləri vurğulayıblar ki, qarşıdurmaya və gərginliyə səbəb olan geosiyasi oyunlar nə region ölkələrinin, nə də beynəlxalq ictimaiyyətin maraqlarına xidmət etmir və bu cür yanaşmalar qeyri-məhsuldardır. Bu sənəd, iki ölkə arasında qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın qurulduğunu təsdiqləyir. Həmçinin, Azərbaycan "Bir Çin" prinsipini dəstəklədiyini bir daha bəyan edib. Çin isə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini ifadə edib. Bu addım, Azərbaycan və Çin arasında münasibətlərin daha da dərinləşməsinə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına təkan verəcəkdir.
Aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Prezidenti Si Cinpinq arasında imzalanan sənədlər, iki ölkə arasındakı münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Bu razılaşmalar, Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə xidmət edir. Viza müraciətinin sadələşdirilməsi hər iki ölkənin vətəndaşları üçün viza tələblərinin sadələşdirilməsi, turizm və insan əlaqələrinin inkişafına təkan verəcək. İqtisadi və infrastruktur sahələrində əməkdaşlıq isə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə müxtəlif sahələrdə əməkdaşlıq razılaşmaları imzalanıb. Bu sahələrə enerji, nəqliyyat, ticarət və investisiya daxil olmaqla, geniş bir spektr daxildir. Azərbaycanın Çinlə əlaqələrinin gücləndirilməsi, ölkənin beynəlxalq mövqeyini möhkəmləndirir. Çin, Azərbaycanın mühüm ticarət tərəfdaşı olmaqla yanaşı, həm də "Bir Kəmər, Bir Yol" təşəbbüsünün əsas iştirakçılarından biridir. Bu əməkdaşlıq, Azərbaycanın beynəlxalq ticarət və nəqliyyat infrastrukturunun inkişafına müsbət təsir göstərir. Aprelin 23-də Pekində imzalanan sənədlər, Azərbaycanla Çin arasında münasibətlərin yeni bir səviyyəyə yüksəldiyini və iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşəcəyini göstərir. Bu razılaşmalar, həmçinin regional və beynəlxalq səviyyədə sabitlik və inkişafın təmin olunmasına yönəlmiş mühüm addımlardır.
Azərbaycanla Çin arasında münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olmuşdur. Onun rəhbərliyi dövründə Azərbaycan müstəqil xarici siyasət kursunu formalaşdırmağa başlamış və müxtəlif dünya ölkələri, o cümlədən Çin Xalq Respublikası ilə münasibətlər qurmağa və inkişaf etdirməyə böyük önəm vermişdir. Cənab Prezident müsahibəsində qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin inkişafında mərhum Prezident Heydər Əliyevin xüsusi yeri var: “Mərhum atam iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdır. O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı”. Heydər Əliyev 1990-cı illərdə Azərbaycanın xarici əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atmış, Çinlə əməkdaşlığın inkişafına xüsusi diqqət ayırmışdır. 1994-cü ildə Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasından sonra iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq genişlənmişdir. Heydər Əliyev Çinlə münasibətlərin qarşılıqlı hörmət və bərabərlik əsasında inkişafını dəstəkləmiş, bu münasibətlərin strateji əsaslara dayanmasına töhfə vermişdir.
Kamal Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
violonçel ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi