adalet.az header logo
  • Bakı -°C
21 Avqust 2026 16:48
62
ELM VƏ TƏHSİL
A- A+

AzTU tələbələri ABŞ-də 6 medal və xüsusi mükafat qazandı 

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri 14–16 avqust tarixlərində ABŞ-nin Kaliforniya ştatında keçirilən “Silicon Valley International Invention Festival – SVIIF 2026” beynəlxalq innovasiya müsabiqəsində 6 medal və “Semi-Grand Prix” xüsusi mükafatını qazanıblar. 

Adalet.az xəbər verir ki, Azərbaycanı festivalda təmsil edən 8 layihədən 6-sı məhz AzTU tələbələrinə məxsus olub.

Müsabiqədə AzTU-nu layihələrin müəllifi, magistratura səviyyəsində 2-ci kursda təhsil alan tələbə Səfərəli Səfərli və komandanın əsas mühəndisi, Maşınqayırma və metallurgiya fakültəsinin tələbəsi Anar Məmmədov təmsil ediblər. Səfərəli Səfərli eyni zamanda Azərbaycan milli komandasının rəhbəri qismində çıxış edib.

Komandanın təqdim etdiyi altı layihənin hər biri beynəlxalq münsiflər heyəti tərəfindən mükafata layiq görülüb:

- “M.R.S. (Mercy Rescue Snake)” — qızıl medal və “Semi-Grand Prix”. Qapalı dövrəli mikro-atmosfer həyat təminatı sistemi ilə təchiz olunmuş, fiber-optik idarəolunan axtarış-xilasetmə robotu;

- “S.O.N.I.A.” — qızıl medal. Axtarış-xilasetmə və elmi tədqiqatlar üçün nəzərdə tutulmuş modul quruluşlu avtonom dron dəsti;

- “Cyclowareness” — qızıl medal. İnsan amilindən yaranan riskləri ölçən qapalı dövrəli mexanizm əsasında qurulmuş korporativ kibertəhlükəsizlik platforması;

- “A.I.N.O.S” — gümüş medal. 360 dərəcə robotik izləmə platforması və onun rəqəmsal əkizi üzərində qurulan astronomiya-mexatronika təhsil sistemi;

- “Safe Environment Application” — gümüş medal. Fövqəladə hallar zamanı təhlükəsiz təxliyəni və nəzarəti təmin edən, potensial təhlükələri əvvəlcədən aşkarlayaraq qısa müddətdə aradan qaldırmağa imkan verən tətbiq;

- “Network Drone Complex” — bürünc medal. Fövqəladə hallarda rabitənin bərpası üçün treslə təchiz olunmuş rabitə dronu və kartoqrafiya dronundan ibarət kompleks.

Festivalın Azərbaycan üçün daha bir mühüm nəticəsi ilk dəfə olaraq dronlar üçün uçuş kartının milli məhsul kimi təqdim edilməsi olub. Komandanın əsas mühəndisi AzTU tələbəsi Anar Məmmədov tərəfindən təqdim edilən uçuş kartı festivalda nümayiş olunan layihələrdə praktiki olaraq tətbiq edilib.

30-dan çox ölkədən 500-dən artıq ixtiraçının qatıldığı müsabiqədə AzTU tələbələrinin layihələri 3 qızıl, 2 gümüş və 1 bürünc medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin festivalda iştirakı Gənclər və İdman Nazirliyinin maddi dəstəyi ilə həyata keçirilib