Baş Prokuror İranın ölkəmizdəki səfirini qəbul etdi
Aprelin 24-də Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.
Adalet.az xəbər verir ki, Baş prokuror ilk növbədə, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xomeyninin vəfatı, həmçinin son hadisələr nəticəsində xeyli sayda mülki vətəndaşın ölməsi ilə əlaqədar qarşı tərəfə başsağlığı verib, tezliklə regionda sülhün bərqərar olmasına inamını bildirib.
Həmçinin qeyd edib ki, Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır və ölkələrimiz arasında qədim tarixi, mədəni və dini bağlar mövcuddur. Xüsusilə vurğuladı ki, hər iki ölkənin dövlət başçıları arasında mövcud səmimi və dost münasibətlər bütün istiqamətlərdə, o cümlədən hüquqi sferada da əməkdaşlığın dərinləşməsinə rəvac verir.
Bundan başqa, Baş prokuror 2022-ci ildə İranlı həmkarının dəvəti ilə həmin ölkəyə etdiyi işgüzar səfəri xatırladıb, eləcə də müxtəlif platformalarda İranın hüquq mühafizə orqanlarının rəhbərləri ilə keçirilən məhsuldar görüşlərini qeyd edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Müctəba Dəmirçilu iki ölkə arasındakı əlaqələrin əhəmiyyətindən danışıb, son hadisələr fonunda cənab Prezident İlham Əliyevin İran səfirliyini ziyarət edərək şəxsən başsağlığı verməsinə və Azərbaycan Respublikası tərəfindən İran xalqına göstərilən hərtərəfli dəstəyə görə dərin minnətdarlığını qeyd edib. O bildirib ki, Azərbaycan Respublikası İrana ilk humanitar yardım göstərən ölkə olub və bu qarşı tərəf üçün xüsusi məna daşıyır. Eyni zamanda ölkəmizin öz ərazisi vasitəsilə digər ölkələr tərəfindən göndərilən humanitar yardımların keçidinə şərait yaratması da dostluq addımıdır və yüksək qiymətləndirilir.
Səfir, həmçinin Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında mövcud əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüş çərçivəsində tərəflər cinayətkarlığın müxtəlif formalarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, məhkumların təhvil verilməsi və bu sahələrdə fəaliyyətin səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər. Bununla yanaşı, münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili barədə fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
24 Aprel 2026 16:01
Baş nazir Gürcüstanın səfiri ilə görüşdü
24 Aprel 2026 13:00
XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pislədi
24 Aprel 2026 12:10
Dövlətimizin yazdığı tarixi tarixçilərimiz niyə dövlətə çevirə bilmir?
24 Aprel 2026 11:39
MSK-nın tərkibi yenidən formalaşdırılır - Qərar layihəsi Milli Məclisə daxil olub
24 Aprel 2026 11:13
Milli Məclisin növbəti iclasının vaxtı və tarixi
24 Aprel 2026 11:09
“Fransa regionda formalaşmış yeni siyasi vəziyyətlə hesablaşmağa məcbur qalıb”
24 Aprel 2026 10:43
"Azərbaycan türkünün ən etibarlı qardaşı..."
23 Aprel 2026 13:59


Bakı -°C

