Bəstəkar Azər Hacıəsgərli: “Bəstəkarlar 29 faiz vergi verir, bu nə qədər ədalətlidir?” – MÜSAHİBƏ

Azər Hacıəsgərlini “Səhnə” teatrı ilə birgə əməkdaşlıq etdiyimiz dövrdə tanımışam. O, mənim ilk teatr işimin, yəni tamaşa üçün yazdığım şeirlərin musiqisinin müəllifidir. Haqqında geniş məlumat verməyə ehtiyac duymadan istəyirəm ki, onunla müsahibəmizi sizə təqdim edim.
- Azər, səni sənət cameəsində kifayət qədər tanıyan var. Səni tanımayanlara özünü necə təqdim edərsən?
- Öz sənətini sevmək lazımdır, mən bu işi tanınmaq üçün görmürəm.Sadəcə sevdiyim sənətdir. Öz sənətini sevən ciddi bir bəstəkar kimi tanıdardım. Bu işi davam edirəmsə həm dinləyicinin, müasir zamanın tələbləri, həm də Azərbaycan musiqisinin inkişafı üçün çalışıram.
- Nə üçün bu işlə məşğulsan və bəstəkarlığı özünə sənət seçmisən?
- Mənim əlimdə çox şanslar olub ki, digər ixtisaslarla məşğul olum. Amma seçməmişəm. Bu sənətdə kobud da çıxsa bicliyim onda olub ki, sevdiyim, əyləndiyim bir sahəni, musiqi yazmağı özümə sənət seçmişəm. Musiqi elə bir şeydir ki, onunla tam səmimi olmalısan. Əgər səmimi olsan o da səni sevəcək və istədiyini, qəlbində olanı musiqi kimi göstərə biləcəksən.
- İlk bəstən yadına düşürmü?
- O heç vaxt yaddan çıxmaz. Bir mahnı yazmışdım və onu satmağa çalışmışdım. Çox gənc idim. Sonradan artıq başladım çox kiçik pyeslər, prelyudlar yazmağa. Bir çox müəllimlərə göstərdim. İsmayıl Hacıbəyov, Mobil Babayev və başqa bəstəkarlara. İlkin period çox çətin oldu. Əvvəl elə düşünürsən ki, sən çox bacarıqlısan, amma daha dərinə getdikcə başa düşürsən ki, bilmədiyin məqamlar çoxdur.
- Əksər sənət sahiblərinə xeyir-dua verən, onun addımlarını dəstəkləyən, təsdiqləyən sənətkarlar, müəllimlər olur. Sənin sənət yolunda belə insanlar kimlər olub?
- Ümumiyyətlə bəstəkarlıq məktəbi köklü məktəbdir və uzun bir yol keçib. Mənim müəllimim Aydın Əzimovdur. Aydın Əzimov Qara Qarayevin tələbəsi olub. Azərbaycan dövlət himnini ilk dəfə tapıb orkestrləşdirən Aydın Əzimov olub. Bakı Musiqi Akdameyisanın bəstəkarlıq fakültəsində Xəyyam Mirzəzadənin sinfində oxumuşam, Ceyhun Allahverdiyevin sinfində bitirmişəm. Magistr pilləsini isə Aydın Əzimovun sinfində başa vurmuşam. 2010-2011-ci illərdə Rusiyada Sankt-Peterburq Kino və Televiziya Akademiyasında(ГуКиТ.С.П) ixtisas artırma institutunda səs rejissorluğu fakültəsində təhsil almışam. Nazim Mirişli, Aqşin Əlizadə və bir çox müəllimlərdən dərs almışam. Sevinirəm ki, bizim bəstəkarlıq məktəbi bu cür nəhənglərlə özünü qoruyub saxlayır.
- Azər, bəstəkarlıq məktəbi dedin... Azərbaycan bəstəkarlıq məktəbindən razısanmı?
- Hal-hazırda hələ də Sovet məktəbi , yəni konservatizmlik qalmaqda davam edir. Məsələn, Avropada elektron, rəqəmsal musiqiyə axın, yeni cərəyan axtarışları var. Bu nə dərəcədə bizə lazımdır, ya yox deyə bilmərəm, amma düşünürəm ki, müəyyən dəyişikliklərə ehtiyac var. Söhbət təkcə bəstəkarlıq məktəbindən getmir. Düşünürəm ki, musiqi təhsili biraz dəyişməlidir. Milli musiqimizin dərindən öyrənilməsindən tutmuş elektron musiqiyə qədər olan yol yenilənməlidir. Son vaxtlar kompüterin, proqramların musiqiyə təsirini nəzərə alsaq, düşünürəm ki, ciddi yeniliklərə ehtiyac var.
- Belə olduğu halda məsuliyyətin yarısı Bəstəkarla İttifaqının üzərinə düşmürmü?
- Xeyr, məncə bu doğru deyil. Çünki Bəstəkarlar İttifaqı təhsil müəssisəsi deyil və ittifaq əsasən bəstəkarlara kömək məqsədli qurumdur. Necə işləməsi isə artıq öz işidir.
- Yəni sən razısanmı İttifaqın fəaliyyətindən?
- Təbii ki, müəyyən müsbət cəhətləri var. Bunlardan biri gücləri çatan dərəcədə maksimum bəstəkarlara yardım etməkdir. Bundan əlavə konsertlər, yubileylər keçirtməyə çalışırlar. Bəlkə də daha artığını etmək olardı, bəlkə də başqa hansısa ideyalar ortaya qoymaq olardı, bilmirəm. Amma bu gün Bəstəkarlar İttifaqı güclü bir qurum sayıla bilər. Ən azından ona görə ki, bu dəqiqə hər kəs özünə bəstəkar deyir, lakin ora üzv olmaq elə də asan məsələ deyil. Müəyyə n bir yolun, bioqrafiyan olmalıdır ki, buna layiq olasan.
- Bəstəkarlar İttifaqı Azərbaycan musiqisinə nə verir?
- Bu onun imkanlarından asılıdır. Düşünürəm ki, imkanları daha geniş, maliyyəsi daha çox olsaydı, bəlkə də daha çox işlər görə bilərdi. Böyük konsertlərin, festivalların təşkil olunması, müsabiqələrin keçirilməsi kimi.
- Demək ki, bir çox şeylərin kökü maddiyyatdadır.
- Sovet dövründə professional bəstəkarlardan əsərlər qonorarla alınırdı. Sadəcə bu sistem dağılandan sonra vəziyyət dəyişdi. Həmin dövrün bəstəkarları yeni bazar iqtisadiyyatı dövründə çətinlik çəkməyə başladılar. İndi daha çox mahnı janrı, kino, reklam, televiziya sahəsində bəstəkarlara ehtiyac var. Bunun üçün də müəyyən bir period lazımdır. Düşünürəm ki, gələcəkdə maddiyyat məsələsi həll olunacaq.
- Asəf Zeynallı, Şubert, Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev... Bu dahi bəstəkarlar 30 yaşına kimi ən görkəmli əsərlərini yazıblar. Bəs Azər Hacıəsgərli?
- Bu sual məni də düşündürüb. Amma hələ ki axtarışdayam, ortaya daha da mükəmməl işlər qoymaq üçün çalışıram.
- Azər, özünü niyə reklam etmirsən?
- Bizdə reklam o qədər ucuz və primitivdir ki, istəmirəm özümü bu cür təqdim edim. Bir dönəm bunu düşündüm və qərara gəldim ki, sadəcə yaxşı musiqi yazmaq lazımdı, vəssalam. Bu özü elə reklamdır.
- Yaxşı musiqi yazırsan... Bəs nəticəsi? 2000-lərdən bu yana bayağı musiqilər tüğyan edir. Niyə yaxşı musiqilər üzə çıxa bilmir? Yaxud da bəlkə bəstəkarlarımız yeni dövrün nəbzini tuta bilmirlər?!
- Mən sadəcə musiqi yazıram. Onu üzə çıxartmaq, kiminsə dinləməsi faktoru mənim üçün önəmli deyil. Kütlə nəyi daha çox dinləyirsə, nəbz sayılır. Amma belə bir teoriya da var ki, kütlə nəyi daha çox dinləyirsə, səhv edir. Tarkovskinin “Stalker”i Amerikada kino kassaya çıxanda ona demişdilər ki, sizin kinoya çox insan axın etməyə başlayıb. O isə demişdi ki, görün nə qədər bərbad bir film çəkmişəm ki, ona bu qədər adam baxmaq istəyir. Elə musiqi var ki, siz onu həmin dəqiqə bəyənirsiz, amma iki-üç dəfə dinləyəndən sonra sizi yorur. Elə musiqi var ki, siz onu dinlədikcə daha da sevməyə başlayırsınız. Mən sadəcə musiqi yazıram. Onun nəticəsi gələcəkdə bilinəcək. Əksər bəstəkarlar bu dövrü keçib.
- Azərbaycan dünyaya hansı musiqi ilə çıxmalıdır? Məsələn, musiqişünaslar Sevda Ələkbərzadənin Avropaya çıxardığı musiqini bəyənmirlər. Deyirlər ki, Qərbə qərb meyilli musiqilə yox,etnik, milli musiqilə çıxmaq lazımdır.
- Bu fikirlə razı deyiləm. Bethoven düşünürdümü ki, vaxt gələcək, onu Azərbaycanda da dinləyəcəklər? Üzeyir bəy düşünürdümü ki, onu Avropada kimsə dinləsin? Onun fikri yalnız Azərbaycan musiqisində idi. Necə ki Bethoven alman musiqisi üçün yazırdı. Bizim hansısa musiqimizi dünyaya göstərməyə ehtiyac yoxdur. Sadəcə xalqı düşünüb musiqi yazmaq lazımdır. Məsələn, “Arşın mal alan”a uşaq da baxa bilir, böyük də. Bu, musiqinin gücüdür, gözəlliyidir. Bunu əldə etmək lazımdır. Sərhədlərdən kənara çıxması, bunu bacarması musiqidən asılıdır. “Arşın mal alan” yeganə filmimizdir ki, dünya kassasına çıxıb və milyonları qazana bilib.
- Sifarişlə yazmaq, yoxsa ilhamla?
- Sifarişlə yazmaq daha önəmlidir. İlham biraz mifləşmiş hissiyatdır. Onsuz da əgər musiqi yazırsansa, onunla səmimi olmaq və zəhmət çəkmək ilhamı yaradacaq. Amma hal-hazırda sifarişlər çox vacibdir. Musiqi artıq sintetikləşdirilmiş incəsənət sahələrində - teatrda, kinoda istifadə olunur və bu da mütləq sifarişlə olmalıdır. Düşünsən ki, musiqi yazmaq mənim əlimdə heç nədir, əziyyətsiz edəcəm və sırf rəqabətə görə yazsan, o səndən uzaqlaşacaq. Sanki bir qadın kimi.
- Sənətinin maddiyat tərəfi səni qane edirmi?
- Əslində bu sənətlə qazana bildiyim üçün çox xoşbəxtəm. Sadəcə çəkdiyimiz əziyyətlə ona verilən dəyər arasında böyük uçurum var. Mənim əsas sahəm olan kino musiqisində digər ölkələrlə və musiqi sahələrilə müqayisə edəndə vəziyyət ürəkaçan deyil. Bir bəstəkar kimi vergi sistemindən narazıyam. Çünki 29 faiz vergi verirəm. Bu, ticarətlə məşğul olanların verdiyi vergidən daha çoxdur. Aldığı qonorarın demək olar üçdəbiri vergiyə gedir. Bu nə dərəcədə ədalətlidir? Müğənnilər də eyni vergini verir, amma onlarda qazanc və imkanlar daha genişdir.
Eminquey
Digər Xəbərlər

Alkoqolizm 200-dən çox xəstəliyin səbəbkarıdır - MÜSAHİBƏ

Sağlam qidalanma ürəyin ən yaxşı dərmanıdır

Aqşin Dadaşoğlu: Söz həm də sığınacaq yeridir - MÜSAHİBƏ

“Dislaliya əksər hallarda uğurla korreksiya olunur” - MÜSAHİBƏ

"Sümük iliyi donorluğu həqiqətən də təhlükəsizdir? - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi: Açıq ünsiyyət uşaqların yeni dərs ilinə inamla uyğunlaşmasına kömək edir

Məktəbli çantasının düzgün seçimi uşağın sağlamlığı üçün həyati əhəmiyyət daşıyır - MÜSAHİBƏ
