BİR ƏLİYAR YUSİFLİ VARDI... -  VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
3126 | 2024-02-08 10:16

(«Unutmadığım insanlar» silsiləsindən)

   Baxma xəritədə bu qədim şəhər,
   Kiçik bir nöqtəylə qeyd edilibdir. 
   Bu yurdun qolunda aslan gücü var,
   Bundan cahangirlər peşman gedibdir.

   Qəm yerə quylanıb şiş qayasında,
  O gündən bu günə vüqar qalıbdır.
  Odlar diyarının bu parçasında
  Şadlıq qranitdən qopardılıbdır.

  Bu yerlər qıy vuran qartal yeridir,
  Dostlar qonaq gəlsin qoy dəstə-dəstə.
  Bu qədim Naxçıvan gül buketidir,
  Məğrur  bir vətənin qolları üstə.

Bu şeirin müllifi Əliyar Yusiflidir (1929-1993).Şeir onun əksər şeirllərində dönə-dönə vəsf etdiyi Naxçıvana həsr edilib.   Əliyar Yusifli Naxçıvan ədəbi mühitinin yetirməsi idi və keçən əsrin 70-80-ci illərində o iyarda seçilən ziyalılardan olub.  O, Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdi, Naxçıvan Muxtar Respublikası Dövlət Radio və  və Televiziya  verilişləri komitəsinin  Ədəbiyyat və İncəsənət  şöbəsinin  müdiri kimi  regionda ədəbi qüvvələrin  inkişafında mühüm rol oynamışdr.
Əliyar Yusiflinin bir neçə şeir kitabı çapdan çıxıb: «Dağlar yaraşığı», «Səni xatırlayıram», «Bənövşə ətri» və s.  Mən onunla Naxçıvana ilk səfərim zamanı (1984) tanış oldum.  Çox mehriban insan idi, deyirdi ki, ədəbi aləmdə cəmi iki Yusifli var-biri sənsən. Biri də mən. Əliyar müəllim bir gün məni doğulduğu Şərur rayonunun Püsyan kəndinə apardı. Gözəl bir kənd. Səfalı mənzərələr. 

Onun altı şeir kitabının hər birində Naxçıvana həsr edilən şerlər var. Olsun ki, bu şeirlərin bir çoxu yüksək sənətkarlıqla qələmə alınmayıb, amma  Naxçıvana həsr etdiyi şetirlərdə əbədi sevgi var.
 

Araz üstə dayanmasan mayaqtək,
Gen köksünə yaraşıqdır gül=çiçək.
Minarələr buluddan nəm çəkərək
Ana yurdun vüqarısan, Naxçıvan
Abidələr diyarısan, Naxçıvan.

Naxçıvanın hər bir guşəsiona tanış idi və Əliyar Yusiflinin bu mövzuda yazığı bütün şeirlərini bir yerə toplayanda bir «Naxçıvannamə» yaranar. Həm də bu şeirlərdə onun Naxçıvana öz baxışı var, məsələn, «Əlincə qalası»i şeirində bunun bariz ifadəsini görürük.

Mərdin bağlananda döyüşdə yolu.
Silahı qoluyla  birgə itirib.
Qayalardan qalxan həmərsin kolu,
Ona budağında nizə bitirib.

Amma elə güman eləməyin ki, Əliyar Yusifli ancaq Naxçıvanı mədh edibö, o, Azərbaycanın bir çox guşələrini gəzmişdi, Vətən onun üçün təkcə Naxçıvandan ibarət deyildi.Elə bircə  «Vətəndən uzaqda» şeirini oxumaq kifayətdir.

Muğan ceyranının lal baxışları,
Dayandığım yerdən qoparır məni.
Arayır gözlərim Arazı, Kürü
Bilmir bu hicrandan ürək neyləsin.
Qayada oxuyan kəklikdən ötrü,
Az qalır burnumun ucu göynəsin.
Dindirmə ay qardaş, kövrəlmişəm mən,
Ancaq  bir çay dəmlə, dəmlə sən canın.
O çayın buğlanıb qalxan ətrindən
Qoy duym ətrini Azərbaycanın!

Əliyar Yusiflinin  uşaqlıq və yeniyetməlik övrü İkinci Dünya müharibəsi illərinə düşüb.  Odur ki, onun bir çox şeirləri o müharibənin onda və ümumən bəşəriyyətdə doğurduğu fəlakətlərə həsr edilib. «Buhenvald», «Xatının zəng səsləri» şeirlərini misal göstərmək olar.

Əliyar Yusifli həm də təbiət şairi idi. Təkcə Naxçıvanın qədim abidələrindən, özünəməxsus təbiətindən deyil, həm də küləkdən, dumandan, dağdan yazırdı və çalışırdı ki, şeirlərində canlı bir mənzərə yaratsın. «Duman» şeirindəki təsvirlər DUMAN obrazını yaradır. Yazırdı ki: «Yarandı torpağın alın tərindən, Quşun qanadını belinə taxdı. Duman, nəfəsini dərib dərindən Yerlərdən ayrılıb göylərə qalxdı».Təbiətə sevgisi  dörj misralıq bir şeirdə görün necə səmimiyyətlə ifadə olunub :

Bahar xalısını düzlərə saldı,
Bağlarda hər çiçək min rəngə çaldı,
Qoymadım dərməyə sevdiyim gülü,
Çəməndə bitmişdi, çəməndə qaldı.

Yaxud, onun «Bənövşə ətri» ŞEİRİNƏ DİQQƏT YETİRƏK. Azərbaycan poeziyasında yüzlərlə bənövşə şeiri yazılıb. Onun bu şeirini də bənövşələrə həsr olunan ən yaxşı şeirlərin sırasına qatmaq olar:

Sevən ürəkləri bürüyər oda,
Sevgxisiz qəlblərin yolunu kəsər.
Bəlkə Məcnun qalıb odlu səhrada,
Qarışıb küləyə, üstündə əsər.

Amma onun «Gəlsən Batabata» şeiri deyərdim ki, indiyənəcən Batğabata həsr olunan (İslam Səfərlidən sona) ən sanballı şeirlərdən biridir.

Əliyar Yusifli həssas ürəkli, yeri gələndə kövrələn, göz yaşları axıdan bir şair olub. Məsələn, onun «Sevincim kədərə döndü» şeirində bir balıq ovu təsvir edilir. O, tilova düşən balığı görüncə sevinir, amma balığı qarmaqdan ayıranda ağzında çörək qırığı görür: «Sevincxim kədərə döndü, Sağ əlimdə tilov,Sol əlimdə sazan, Taqətsiz dayandım, Bir tikə çörək üçün Boğazını qarmağa keçirən Balığın halına yandım».

Şeirlərində pislərə, naqislərə qarşı da hiddətini gizlətm »Naqis» şeirndən misal gətirirəm:

Gözündə günəşdtr paslı qurğuşun
Gecə söyləyirsən aydın səhərə.
Əyri danışığın, saxta duruşun,
Qananın alnında çevrilir tərə.

Nəfəsin toxunan çiçəklər solur,
İlan zəhəri var yəqin qanında.
Sənin toyun olur, bayramın olur,
Ürək dostlarını vuruşduranda.

Əməin rişədir insan dərdinə,
Cahana insantək gəlirdin niyə?
Anan daş doğaydı sənin yerinə,
Vətəndə bir naqis azalsın deyə.

2020-ci ildə Əliyar Yusiflinin «Yollarında qaldı gözüm» şeirlər k5itabı çap olundu.  Kitabın tərtibçisi və ön sözün müəllifi Naxçıvan Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigardır.Qeyd edim ki, Əliyar Yusifli Asim Yadigarn əmisi olub və əlbəttə,  Asim təkcə əmisinə görə deyil, Əliyar Yusiflini sevən və onu unutmayan insanların xətrinə bu işi görüb. Asimin ön sözündən öyrənirik ki, Əliyar Yusifli həmdə dramaturq idi Onun «Vicdan əzabı», «Səadət naminə», «Gözüm yollarda qaldı»,»Siz xoşbəxt yaşayın» dramları NaxçıvanDövlət Dram teatrında, «Ürək sevərs dramı isə Gəncə Dövlət Dram teatrında  tamaşaya qoyulub. Onun bir çox şeirləri də olub ki, bəstəkarlar mahnı yazıblar bu şeirlərə.  

Əliyar Yusiflinin yaradıcılığı həm sağlığında, həm də vəfatından sonra bir çox ədəbiyyatşünasların (xüsusilə akademik İsa Həbiibbəylinin) diqqətini cəlb edib və məqalələr yazılıb.

Bu yazının sonunu  Əliyar Yusiflinin  «Sevmişəm» şeiri ilə bitirmək istəyirəm:

Zəmilərdə dalğalanan sünbülü,
Vətən deyib cəh-cəh vuran bülbülü
Ətir saçan hər çiçəyi, hər gülü,
Fəsillərdə ilk baharı sevmişəm.
Təmizqəlbi, saf arzunu, diləyi
Doğru sözü, düz iqarı sevmişəm.        

  
          
  
  
 
   


 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV