11 Iyul 2024 16:00
533
ƏDƏBİYYAT

BOZQURD TƏFƏKKÜR FENOMENİDİR - Elman Cıvıroğlu yazır

Uzun yolçuluqdan sonra çinlililər Orta Asiya torpaqlarına ayaq basdılar. Cəmisi on iki nəfər idilər. Çin olkəsi çox çox uzaqlarda qalmış, yollar onları yormuşdu, yükləri də xeyli çoxdu. Gətirdikləri qiymətli malları Orta Asya bozqırlarının – steplərinin qorxubilməz sakinlərinә satacaqdılar, böyüklәrә – başçılara isə bәxşişlər verəcəkdilər və eyni zamanda da һәr şeјә diqqət kəsiləcək, gözdә, qulaqda olacaq, bu savaşqan adamlar haqqında məlumatlar toplayaçaqdılar. Bu Göyün oğlu Çin imperatorunun tapşırığı, həm də gizli əmri idi. 

Havalar isinməyə doğru gedirdi. Yayın ilkin gəlişi duyulurdu... Birdən dəstə yerində donub qaldı. Yaxınlıqdakı kiçik dərənin içində yırtıcı heyvan nəriltisi ətrafı  qoynuna aldı. Çinlilərin donuqluğu uzun sürmədi. Onlar ehtiyatla dayaz dərəyə yaxınlaşarkən gözlərinin qarşısında beş yırtıcının çarpışdığı bir mənzərə açıldı. Daha doğrusu, bir qurdla iri və heybətli görünüşü olan  dörd vəhşi heyvan boğuşurdular. Dörd yırtıcı birdən qurdun üzərinə cumurdu, ancaq qurd inanılmaz çevikliklə mühasirədən çıxır, fürsət düşdükcə özü hücuma keçirdi. Qurd al qana boyanmışdı, ancaq arxasını yerə vermir, çarpışmanı davam etdirirdi. Qurdun bu inatkarlığı dörd vəhşini daha da azğınlaşdırır, həm də karıxdırırdı: onlar hücum zamanı birbirinə mane olurdular. Birdən qurd irəli şığıyıb qaçmağa başladı. Dörd yırtıcı onun dalınca düşdü. Dördü də eyni anda irəli atılsa da, çox keçmədi ki, aralarındakı məsafə artmağa başladı, ikisi isə xeyli arxada qaldı. Qurd qəfildən arxaya döndü, ona yaxınlaşmaqda olan yırtıcının üzərinə atılıb yerə sərdi. Bir qədər sonra ikinci yırtıcı da eyni aqibətlə üzləşdi. Qud öldürdüyü yırtıcıların yanındaca çöməldi – sanki dincəlirdi, bütün diqqəti isə xeyli geridə qalmış  iki yırtıcıda idi. Budur, üçüncü ilə məsafə əməllibaşlı daraldı. Qurd yerindən sıçrayıb bir anın içində bu yırtıcının da işini bitirdi, ən sonda gələn yırtıcı bu mənzərəni görüb dayandı və arxaya götürüldü. Ancaq qurd onu təqib etmədi, deyəsən bu təqib üçün heyi də qalmamışdı: ölü yerişlə, alqan içində qarşı tərəfə üz tutdu...

... Üzlərinə qorxu qarışıq həyəcan çökmüş Çinlilər bayaqkı çarpışmanın təsiri altında yollarını davam etdirdilər və bir neçə gündən sonra mənzil başına çatdılar. Bura Türklərin ölkəsi idi.

Çinlilər yaxşı bilirdilər ki, dağlar aşıb sular keçən, yolları yorub arxada qoyan hər bir yabançı-yadelli yaxşı vəya pis niyyətlə gəlməyindən asılı olmayaraq özünü Türk ölkəsində tam əmin-amanlıqda hiss edə bilərdi. Hər bir yadelliyə bu ölkədə o qədər mehribançılıq, istiqanlılıq göstərilirdi ki... Çinli tacirlər gətirdikləri malların qızğın alışverişi ilə məşğul olur, fürsət düşdükcə kəşfiyyat tapşırıqlarını da yerinə yetirirdilər.
Bir gün Şərqdən düşmən ordusu gözlənilmədən Türklərin üzərinə hücuma keçdi. Türklər Qərbdəki qüvvələrinə xəbər yetirə bilmədilər. Bununla belə ildırım sürətiylə nizamlanıb düşmənin qabağını kəsdilər. Təhlükəli də olsa bu durum Çinlilər üçün göydəndüşmə oldu. Çünkü Türklərin savaş hazırlığının nə yerdə olduğunu gözləriylə görəcək və bu məlumatı vətənlərinə aparacaqdılar. Düşmən ordusu sayca çox, Turklər isə az idilər. Buna baxmayaraq, onlar böyük coşqunluqla döyüşür, hayqırışları yeri göyü bürüyürdü; Çinlilər bir mətərisə sığınıb döyüşün gedişini izləyirdilər. Qüvvələr isə bərabər deyildi. Sayca çox olan düşmən qoşunları türkləri yavaş yavaş dövrələməyə, sıxışdırmağa başlamışdı.  Bu durum Çinliləri gizli gizli sevindirirdi... Birdən Türklər amansız hayqırışla mühasirəni yarıb qaçmağa başladılar. Qaçarkən atın üstündə arxaya çevrilib düşməni oxa tuturdular. Türklәrin atdığı һәr bir ox düşmənin köksünә sancılırdı. Düşmәn ordusu isә һeç bir itki ilә һesablaşmayaraq böyük sevinclə Türklərin arxasına düşdü. Türklәrin yenilmәsinә Çinlilər artıq tam әmin idilәr, Şәrqdən gəlib qәfil basqın edәn bu ordunun Türklәrin axırına necә çıxacağını gözlәyirdilәr. Onlar bu sonu gözlәyә gözlәyə çox keçmәdi ki, təәccüblәnməyə başladılar: nizamsız qaçan Türklәr getdikcə yarımay şəklini alırdılar. Tam yarımay şəklindә düzüldükdən sonra qәfildәn arxaya dönüb onları tәqib edәn düşmәnin üzәrinə şığıdılar, sağ vә şol qanadlardan düşmәn ordusunu dövrәyә aldılar. Bu qәribə  һücumu gözləmәyәn  düşmәn pәrən pərən oldu. Türklәr bir göz qırpımında yağının axırına çıxdılar, xeyli әsir әlә keçirdilәr.

Türklərin bu qorxunc igidlikləri Çinliləri ikiqat һeyrәtә salmışdı, Bu döyüşün, bu çarpışmanın onlar Türk ölkәsinә ayaq basarkәn dә şaһidi olmuşdular. Çinli dәstәbaşçısının sinəsindən dərin bir inilti qopdu: Bu Türklәr insan biçiminә girmiş qurdlardır!

Çinlilәr Türklәrin qurddan – bozqurddan törәdiklәrini çoxdan bilirdilər. Orta Asyanın bu qәһrəman sakinləri deyirdilәr ki, onların әcdadlarından biri qurd olmuşdur. Türklər buna inanırdılar və Qərbdә, Şәrqdə, Güneydә olan qonşularını, müxtəlif dildə danışan xalqları da buna inandırmışdılar.

... Çinli səyahətçilər artıq dünyanın ortasına – Çin ölkəsinə, vətənlərinə, qayıtmışdılar. Göyün oğlu Çin imperatorunun buyruğu ilə onlar Türk ölkəsində gördüklərini, eşitdiklərini böyük Çin dövlətinin tarixçisinə tələsmədən, yerli-yataqlı danışırdılar. Bu təcrübəli, hiyləgər tarixçi kəşfiyyatçıları dinlədikcə qulaqlarında çox əski çağların, yüzillərin soraqları səslənir, Çinin şimalında yaşayan bu amansız, qorxubilməz, üzüdönməz Türklər gözlərinin önündə canlanırdı... Hələ İn sülaləsinin dövründə – tarixin ən əski çağlarında tərtib edilmiş fal yazılarında (çağdaş dünyamızın bu günündən 35 yüzil öncə) bu barbarlar haqqında xəbərlər verilirdi. Tarixçi onu da bilirdi ki, bu barbarların bir hissəsi sonralar Çini ələ keçirib Çjoular adıyla bir imperatorluq qurmuşlar (miladdan öncə 1050-256-cı illər).

Türk əsilli Çjoular özləriylə Çinə yeni mədəniyyət gətirdilər: Çinə Göy dinini, hərbi təşkilatçılığı, at saxlamağı, orijinal və yüksək səviyyəli bir sənət – heyvan üslubunu öyrətdilər. Çin imperatorları o zamandan özlərini Göyün oğlu sandılar. Məhz Çjoular dövründə Çin mədəniyyətinin yüksəlişi başladı, yeni yeni fəlsəfi məktəblər yarandı. Bütün bunlarda lovğa Çin Çjoulara – sonralar Çinliləşən Türklərə borclu idi.

Dünyagörmüş tarixçi də Türklərin qurddan törədiklərinə inanırdı. Ancaq bircə onu yaxşı başa düşə bilmirdi ki, Türklər niyə məhz qurddan törəmişlər: bozqırlarda başqa, güclü yırtıcılar da yaşayır, Türklər onlardan törəyə bilməzdilərmi? Tarixçi bütün zəngin biliyini, yaddaşını ələk vələk eləyir, bu məsələlnin bir ipucunu tapa bilmirdi.

Lovğa Çin şimal qonşularına qərəzlə yanaşır, onu zəif salmağa çalışırdı. Bu isə Orta Asyanın igid sakinlərini bəzən coşdurur və onlar cavab olaraq sel kimi Çinin üzərinə axışırdılar. Çin imperatoru axın zamanı heç bir maneə tanımayan Türklərə qarşı Çinin şimal sınırları boyunca uzunluğu 21.196 kilometr olan azman bir sədd çəkdirdi. O zamankı dünyanın gözü belə bir azman qurğu görməmişdi. Bununla belə, şimaldan axan selin qarşısında bu maneə də gücsüz oldu...

Ancaq Çin özünün şimal qonşularını – Türkləri miladdan öncə 209-cu ildən – bugünümüzdən 2202 il öncə daha ətraflı tanıdı. Miladdan öncə 209-cu ildə Mərkəzi Asyada böyük Hun dövləti meydana çıxdı. Bu dövlət lovğa Çini diz çökdürdü. Çin qorxduğu üçün hunları daha yaxından öyrənməyə başladı və ürkək, ehtiyatlı baxışlarını daim Türk ölkəsinə yönəltdi... Türk ölkəsində baş verənlər Çin illiklərində daha geniş əksini tapdı.

Türklərin qurddan törəmələri dastanlaşmış və bu dastan Şərqdəki, Güneydəki və Qərbdəki uzaq uzaq ölkələrə gedib çıxmışdı. Bir sıra xalqlara bu dastan elə şirin göründü ki, Türklərin digər mədəni dəyərləri ilə birgə onu da mənimsədilər.

Görəsən, əski Türklər niyə məhz qurddan törədiklərinə inanırdılar? Bunun sirri, səbəbi nədə idi? Axı Türklər Orta Asyanın güclü yırtıcısı olan barsdan törəyə bilməzdilərmi? Bu sual nəinki təcrübəli Çin tarixçisini düşündürmüş, yüzillər doyu fikir dünyasını çaxnaşmaya salmışdır.

Hər şeyin üstündə uca Tanrıdır! Yerüzü onun kölgəsindədir. Fərd, millət isə həm də qoynunda yaşadığı təbiətin, şəraitin yetişdirməsidir. Bir milləti tanımaq, onun əxlaqını, düşüncəsini, milli xarakterini, istedad səviyyəsini bilmək üçün o millətin yaşadığı coğrafi çevrəni, sosial-iqtisadi həyatı, keçdiyi tarix yolunu, bütün bunların onun psixikasında hansı səviyyədə əks olunduğunu öyrənmək gərəkdir.

Orta Asya ən əski çağlardan Türklərin ölkəsi olmuşdur. Ancaq bu çox geniş sahədə Türklərlə qonşu olaraq digər xalqlar da yaşamışdır. Orta Asya şimalda Sayan dağları və Baykal gölü çevrəsi, qərbdə Xəzər dənizi, güneydə Himalay dağları və şərqdə isə Böyük Kinqan dağları ilə dövrələnmişdir. Bu sahənin şərqi daha çox yüksək dağlar, qərbi isə geniş ovalar və alçaq yaylalar ilə səciyyələnir. 

Orta Asyada isə Altay-Ural dağlarının arası, Xəzər dənizinin şimal-şərq bozqırları, yəni Altaylar – Sayan dağlarının cənub-qərb bölgəsi türklərin ana yurdu olmuşdur. Bu ana yurd indiki Minisunsk-Tuva-Abakan bozqırlarını dövrələyirdi. Bozqırlara dəniz səviyyəsindən beş yüz metrdən çox yüksəklikdə yerləşən yaylalar da demək olar. Avropa dillərində isə “bozqır” sözünün qarşılığı slavyan mənşəli “step” ifadəsidir. Türklərin ana yurdları otlaqlar ilə zəngin olub, heyvandarlıq üçün çox əlverişli idi. Hətta əkinçiliyə də yarayırdı. Bununla belə, bozqırların iqlim şəraiti sərt idi.

Əski Türklər (daha doğrusu, Türklərin ataları) miladdan öncə 1700-1500-cü illərdə, yəni günümüzdən 3693-3493 il öncə Altay və Sayan dağlarının cənub-qərb bölgəsində çox orijinal və yüksək bir mədəniyyət yaratdılar. Onlar bir neçə yüzildən sonra şərqə və qərbə doğru köç etdikdə bu mədəniyyəti özləri ilə həmin yerlərə daşıdılar, öz mədəni dəyərləri ilə başqa xalaqlara aid mədəniyyətlərə zinət verdilər, yeni yeni mədəni yüksəlişlərə səbəb oldular.
Birbirinə bənzəməyən iqlimlərdə, coğrafi şəraitdə, birbirinin eyni olmayan düşüncə tərzində yaşayan insan qruplarının qurduqları cəmiyyətlər arasında da bənzərsizliklər, fərqlər olmuşdur. Bu səbəbdən də yer üzündə müxtəlif mədəniyyətlər yaranmışdır. Müxtəlif iqlimlər – coğrafi mühitlər, birbirinə bənzəməyən düşüncə sistemləri və cəmiyyətlər özlərinə uyğun mədəniyyətlər ortaya qoymuşlar.

İnsanlar ən əski çağlarda başlıca olaraq meşə çevrəsində, əkin-səpinə yararlı yerlərdə və bir də bozqırlarda – steplərdə yaşamışlar. Meşə çevrəsində yaşayanlar o qədər də əmək və düşüncə tələb olunmayan ovçuluq və yığıcılıqla dolanmış – hazır nemətə yiyələnmiş və bu həyat tərzinə uyğun bəsit mədəniyyət yaratmışlar. Əkin üçün əlverişli yerlərdə yaşayanlar əkinçilik – oturaq, heyvandarlıqla məşğul olan bozqırdakılar isə dəqiq deyim olmasa da, “köçəri” əski Türk cəmiyyəti bizdə və bəzi elm dairələrində formalaşmış “köçərilik” anlayışında yad olmuşdur), “çoban” mədəniyyətini ortaya qoymuşlar. Əkinçilik və “çoban” mədəniyyətləri daha mürəkkəb həyat tərzinə, düşüncə sisteminə söykənirdi.

Əkinçilik mədəniyyətini quranlar oturaq həyat keçirirdilər. Əkinçi – kəndli insan öz həyatını bir parça torpaq sahəsi ilə təmin etdiyi üçün bu torpaq parçasına bağlanmışdı. Bu səbəbdən ədalət, mütilik onun üçün xarakterik idi. Ailədən kənar qayğını – cəmiyyət qayğısını çəkmək düşüncəsi onda kök salmamışdı. Bozqırlarda isə həyat daha mürəkkəb olub, mübarizələr ilə dolu idi. Heyvandarlıq əkinçiliyə nisbətən daha mürəkkəb əməliyyatları tələb edirdi. Burada meydana çıxan mədəniyyət də çox yüksək səviyyədə idi. Bu mədəniyyətin qurucuları isə Türklərin atalarıydı.

Minlərlə heyvanları saxlamaq üçün Türk otlaqlardan otlaqlara, sulardan sulara köçür, böyük məsafələr başa vurur, sərt iqlim şəraiti ilə əlbəyaxa olurdu. Bəzən də otlaqlar üstündə çarpışmalar baş verirdi. Oturaq həyat tərzinə nisbətən bu “köçəri” Türkün həyatı daha dinamik idi. Yaşadığı dinamik həyat və düşüncə tərzi nəticəsində əski Türk cəmiyyətində təşkilatçılıq, “hüquq”, “dövlət” anlayışları erkən ortaya çıxdı və dünya bu “kəşflər”dən qidalandı.

Əski Türklər ömürlərini at üstündə yaşayırdılar. Əslində atı insan həyatının ayrılmaz bir hissəsinə çevirən Türklərin ataları olmuşdur. At üstündə keçən həyat Türkün ruhunu coşdurur, onda üstünlük duyğusu yaradırdı. Atın sürəti nəticəsində qısa zamanda çox böyük məsafələr başa vurduqca, yaylaqdan yaylağa, sulardan sulara keçdikcə Türkdə uzaq uzaq yerlərə (ünyetməz yerlərə) çatmaq, qovuşmaq arzusu oyanırdı. 

Türk özünü üstün hiss edirdi, böyük görürdü, çox qısa zaman müddətində ağlasığmaz məsafələr başa vururdu. Düşüncəsi xəyala deyil, gerçəkliyə söykənən Türkün qüdrətinin artıq üzə çıxması, həyata keçməsi gərək idi. Bu təbii bir təkamül, məntiqdən doğan bir nəticə idi. Bu qüdrətin gerçəkləşməsi üçün nəhayət, bir vasitə ortaya çıxdı: Dəmir.

Yer üzündə dəmirdən ilkin istifadə edən bir sıra xalqlar, ölkələr olmuşdur. Ancaq bu istifadə epizodik şəkildə idi. Əsl dəmir çağı ondan ilkin olaraq saysız-hesabsız silah və alət hazırlayan Türklərlə başladı. Dəmirçilik görünməmiş inkişaf, üfüqlərə sığmayan imkanların açılması demək idi. Dəmirdən istifadə ilə Türkün qüdrəti daha da artdı. Bəşər mədəniyyətinin ən böyük kəşflərindən olan at və dəmirdən sonralar başqa xalqlar da geniş ölçüdə faydalandılar. Ancaq bənzərsiz düşüncə tərzi Türkləri həmin xalqlardan fərqləndirdi.

Bütün bunlar Türkə “dünyaya sığışmamaq” ruhunu, mübarizliyi, savaşqanlığı aşılayırdı. Bu coşğun ruhun ən mühüm əlamətlərindən biri Türkün azadlığa vurğunluğu idi. Siyasi azadlığını, müstəqilliyini Türk yer üzündə hər şeydən uca tuturdu. Türk haraya köçsə də, öz sürüsü, iqtisadi təminatı ilə bərabər idi. Bu isə onda başqalarından asılı olmamaq ruhunu gücləndirirdi.

Türk öz sürüsünü xəstəliklərdən, isti-soyuqdan, çovğundan, qasırğadan və bir də gözlənilməz basqınlardan qorumağın daim qayğısını çəkirdi. Yüksək sayıqlıq, itigözlülük bu işin öhdəsindən gəlməyə ona imkan verirdi. Basqınlar isə müxtəlif idi. İnsan basqını, yırtıcı heyvan basqını...

Bozqırın bir də yırtıcı heyvan sakinləri vardı: Bəbir, pələng, aslan, qurd və s. Bunların içində ən inadkarı qurd idi. Qurd sayca da çoxluğu təşkil edirdi. Qurdların basqını Türkün heyvan sürüsünün, at ilxılarının daimi izləyicisi idi.

Bu izləmə isə Türkün bu inadkar yırtıcı hücumları ilə tez-tez üzləşməsiylə nəticələnirdi. Və hər dəfə qarşılaşdıqca, çarpışdıqca onu heyrət bürüyürdü: onunla qurd arasında nə qədər oxşarlıq vardı... Qurd nizamlı şəkildə dəstə ilə hücuma keçir, ciddi müqavimətə rast gəlincə bir göz qırpımında geri çəkilir, yoxa çıxırdı. Ancaq qənimətlə dönmək üçün şiddətli mübarizə aparırdı. Qurd bəzən tələyə düşsə də, əlini-qolunu qurban verməklə olsa da qurtulurdu, əsarətə boyun əymirdi. Çeviklik, gözlənilməz ani hücum qurdun dəyişməz xasiyyəti idi. Türk qurdla çarpışa çarpışa ondan bəzən öyrəndikləri də olurdu. 

Nəhayət, zaman keçdi, Türkün içində bir fikir işığı doğdu: Onun – Türkün damarlarında coşan qan bəlkə qurdun qanıdır, bəlkə ulu atası – əcdadı qurd südüylə bəslənmiş, boya-başa çatmış, qurd südüylə yoğrulmuşdur. Yoğrulduğu südün istiliyini, qoxusunu isə insan məzara qədər qanında, nəfəsində daşıyır... Yenə də zaman keçdi, Türkün içi daha da işıqlandı: Onun ulu atası bir qurd südüylə sadəcə bəslənməmiş, həm də bir dişi qurddan doğulmuşdur.

Türk isə anaya müqəddəs gözlə baxırdı. Ana müqəddəsdi. “Dünyaya sığışmayan”, özünü böyük görən, başqalarını sevməyi bacaran Türk (özünü böyük görəgörə) öz millətini Tanrının yaratdığı müqəddəs bir varlıq sayırdı və inanırdı ki, bu millət başqa xalqları idarə etməli, onlara xoşbəxtlik gətirməlidir. Harada Türk törəsi – qanunu hökm sürürsə, orada xoşbəxtlik hökmran olmalıdır. Çünkü uca Tanrının özü belə buyurmuşdur. Deməli, Türk özündə Tanrının bir əlamətini, ilahi bir qüvvədən nəyisə bir şeyi daşıyır. Belə bir ilahi qüvvədən bir əlamət daşıyan millət isə Tanrının rəmzi olan, onu təcəssüm etdirən ilahi bir varlıqdan törəməli, doğmalı idi. Bu səbəbdən Türk öz ulu əcdadına ilk öncə “Kök Börü” (və ya Böri), sonralar isə “Boz qurd” dedi. Türk hər şeyin qaynağı və yaradıcısı olan öz Tanrısına “Göy Tanrı” (Tenqri) deyirdi. “Göy” isə Tanrı ilə bağlı idi və buna görə də müqəddəsliyi bildirirdi – müqəddəs rəngdi. Tanrının əlaməti olan Qurd isə “Kök Börü” və ya “Bozqurd” olmalıydı.

Türk “Göy” ilə “Boz”u eyni anlamı daşıyan sinonim sözlər kimi işlətmişdir. Zaman keçdikcə Türk müqəddəsliyi rənglə ifadə etmək, bildirmək istədikdə “Boz” sözünə üz tutmuşdur.

Deməli, Türkün “Əcdad qurd – Ata qurd” anlayışı maddilikdən mənəviliyə doğru inkişaf etmişdir (qarşılaşdır: Göy qübbəsi inkişaf nəticəsində Tanrı olmuşdur). Türk bozqırın – stepin daim hücumda olan, olduqca çevik, inadkar və qarşıdakı təhlükənin öhdəsindən gələ bilməyəcəyini duyduqda ildırım sürətiylə qaçıb qurtulmağı bacaran, “ələ yovuşmaz” yırtıcısı ilə özü arasında bənzərlik olduğunu görmüş və getdikcə qurd onun gözündə Tanrı ilə bağlantısı olan müqəddəs bir varlığa çevrilmişdir.

Türk “Qurddan törəmə”ni dastana çevirdi. Yüz illər bir birini arxada qoyduqca bu dastan daha da zənginləşdi, ona yeni yeni zinət verildi: Bir gün qarı düşmən Türklərin yurduna hücum edərək hamını öldürür. Düşmən əsgərləri yalnız bir oğlan uşağını öldürmürlər. Onun da ayaqlarını kəsib bir bataqlığa atırlar. Haradansa bir dişi qurd gəlir, bu uşağı tapıb onu bəsləməyə başlayır. Düşmən uşağın sağ qaldığını bildikdə qurd ilahi bir qüvvə ilə uşağı qaçırıb bir mağaraya gətirir. Bura hər tərəfi dəmir dağlar ilə dövrələnmiş, bol otu, çəməni olan bir ova idi. Bu uşaq böyüdükdə qurd ondan bir neçə övlad dünyaya gətirir. Türklər bu yeni doğulan uşaqlardan törəyirlər. Türklərin ataları uzun zaman burada yaşayır və xeyli çoxalırlar. Nəhayət, onlar dəmir dağı əridib mağaradan çıxırlar. Onlar öz atalarının qisasını düşməndən aldıqdan sonra böyük bir dövlət qururlar. 

Ancaq Türk bu müqəddəs varlığa – Bozqurda tapınmadı, ona sonsuz sayqı, ehtiram göstərdi. Bozqurd bütün Türklərin idi, Türklərin hamısı – dünyanın harasında olurlarsa olsunlar – bu Bozqurdda birləşirdilər. Orta Asiyanın bu yorulmaz sakinləri qəbilə qəbilə, boy boy birbirinə söykənmişdilər. Bu boylar qurdun doğurduğu uşaqlardan törəmişdilər. Və ulu əcdad-qurdun birləşdirici keyfiyyəti buradan da aşkar görünür. Görəsən, Bozqurd Türkün totemiydimi?! Yuxarıda da dediyimiz kimi, Türk Bozqurda tapınmamışdı. Əski Türk tarixi, mədəniyyəti daha dərindən öyrənildikcə, bir çox qaranlıqlar aydınlaşdıqca və elmi araşdırmalarda gerçəyə sədaqət gücləndikcə totemçiliyin tanıdığımız əski Türk cəmiyyətinə yad olduğu üzə çıxır.

Türklər əcdadlarının – atalarının vaxtilə yaşadığı yer kimi mağaranı da müqəddəs bilmişlər. 6-8-ci yüzillərdə – Göy Türklər dövründə “Bozqurd” inamı Türklər arasında çox geniş yayılmışdı. Türk xaqanı ildə bir dəfə dövlətin vəzifəli adamları ilə birlikdə müqəddəs mağaraya baş çəkər, orada əcdadlarının şərəfinə qurban mərasimini keçirərdi.

Qurd Türk inancında əcdad ulu ata vəzifəsini icra etməkdən başqa, həm də çətinliyə düşənin köməyinə gələr, qurtuluş yolunu göstərər, bələdçilik edərdi. “Qutlu dağ” əfsanəsində əvvəlki yurdları uğursuzluğa uğradığı üçün Uyğurlar qurdun bələdçiliyi ilə yeni yurd axtarırlar. Oğuz xan göy yalmanlı bir erkək qurdun öncülüyü ilə dünyanın fəthinə çıxır. Oğuz xan bir gün xalqına ziyafət (şölən) verir və bu şöləndə xalqına deyir: “Bozqurdun səsi işarəmiz olsun!”

Göz Türk xaqanının çadırı önündə daim qızıl qurd başlı bayraq (sancaq, tuğ) ucalırdı. Qızıl qurd başlı sancaq xaqanlıq əlaməti sayılırdı.

Çin bir Türk hökmdarını rəsmən tanıdığını bildirmək üçün ona qurd başlı bayraq göndərərdi.

*  *  *

Türklər Bozqurd haqqında dastanlar, əfsanələr yaratdılar, demişdik. Yüzillər keçdikcə bu dastan və əfsanələr əski Çin, İslam, Suriya, Avropa və s. qaynaqlarını bəzədi, ölümsüzləşdirdi. Ən əski məlumat miladdan öncə 119-cu il tarixli bir Çin qaynağında verilir. Böyük ipək yolu ilə Orta Asiyaya keçərək Türk ölkəsini gəzib dolaşan, tanınmış Çin diplomatı Çjan-ken (və ya Çjan-tsyan) öz ölkəsinə qayıtdıqdan sonra Çin imperatoruna verdiyi hesabatda (M.Ö. 119-cu il) bir sıra məsələlər ilə bərabər, Türk əsilli Vu – sunlardan (Usunlardan), onların Qunmo rütbəsini daşıyan hökmdarının uşaqkən bir qurd tərəfindən əmizdirilməsindən danışır.

Bozqurddan törəmə mövzusu “Bozqurd dastanı”, “Ərgənəkon dastanı” və Uyqur törəyiş-yaradılış dastanında verilir. Qurddan törəmə dastanı özünün daha mükəmməl, klassik şəklini 6-8-ci yüzillərdə – Göy Türklər çağında almışdır. Buna görə də Bozqurd dastanına Göy Türk dastanı da deyilir. Bu dövrdə qurd motivi o zamankı Türk sənətinin başlıca mövzusuna çevrilmişdi. Göy Türklərin dastanında qurd “ulu ana – dişi qurd, Uyqurların dastanında isə “ulu ata” – erkək qurd kimi çıxış edir. Ancaq Türklər “dişi qurd” motivində birləşmişlər.
6-7-ci yüzillər Mərkəzi Asyada Göy Türk qüdrətinin aşıb-daşdığı bir dövr idi. Çin bu əzəmətli dövlətə – Türkə yenidən heyran qalmışdı. Çin hökmdarlarının əmriylə Çinli tarixçilər Türk ölkəsində baş verənləri, Türk gələnəklərini – ənənələrini böyük həvəslə, diqqətlə qələmə alırdılar. Bozqurd dastanının əsasını Çin qaynaqlarında yazıya alınmış üç əfsanə təşkil edir. Birinci və üçüncü əfsanələr Çindəki Cou sülaləsinin (557-581 və ya 579) Cou-shu adlı rəsmi tarixində, ikinci əfsanə isə Sui sülaləsinin (581-618) Sui-shu adlı illiyində yazılmışdır. Birinci və ikinci əfsanələr arasında demək olar ki, fərq yoxdur, ancaq üçüncü əfsanə bir qədər fərqlənir. Bununla belə, başlıca motiv hər üç əfsanədə eynidir. Bu dövrdə Çinlilər Orta Asyanı Türk əsilli olmayan xalqlarını qurddan törəməyənlər kimi səciyyələndirdilər.

Ərkənəkon dastanı Bozqurd dastanının monqollaşdırılmış şəklidir. Ərkənəkon dastanına da Göy Türklərin mənşə əfsanəsi kimi baxılmalıdır. Bu dastanın ən əski mətni Elxanlı (Hulakilər) Qazan xanın vəziri Rəşidüddin Fəzlullahın (1247-1318) “Cami-üt Təvarix” adlı əsərində verilmişdir. Ərkənəkon dastanının ikinci qaynağı 17-ci yüzildə Xivə hökmdarı olmuş Əbulqazi Bahadır xanın “Şəcərə-i Türk” adlı əsəridir.

“Ərkənəkon” sözü 12-13-cü yüzillərdən işlədilməyə başlamışdır. Rəşidüddinin yazdığına görə, “ərkənə” – “sarp”, “kon” isə “dağ beli” deməkdir. “Ərkənə”nin monqol sözü olduğu çox sonralar sübut edildi.

“Ərkənəkon” da Bozqurd dastanının dəmir dağ və mağara motivləri xeyli genişləndirilmiş, qurd ana, yay və qış Tanrıları (3-cü Göy Türk əfsanəsinin motivləri) isə dastandan çıxarılmışdır. Ərkənəkon dastanında qurd motivi Türklərin bu mağaradan çıxdıqları vaxtda onların hökmdarı olan monqol “Bərtə Çinə” və ya “Bərtə Çino”nun adı ilə bağlıdır. Monqolca ad olan “Bərtə Çinə” “Boz qurd” deməkdir. (“Bərtə” – boz, “çinə” – qurd). Göy türklərin Bozqurd dastanında qurdun doğurduğu uşaqlardan birinin – gələcək Göy Türk xaqanının adı “Aşina”dır. Aşina da “qurd” (Aşino – çino (çina) anlamını verir.

Monqollar qurduqları dövlətə qanuni əsas vermək üçün Türklərin mənşə əfsanəsini mənimsəmiş və özlərini Türklərə bağlamışdılar. Rəşidüddin Monqollara xidmət etdiyi üçün dastanı Monqollara aid etmişdir. Bundan başqa, həmin dövrdə Monqollar yanlış olaraq (bu yanlışlıq uzun müddətli oldu) Türklərin bir qolu sayılırdı. Xivə xanı Əbülqazi Bahadır xan da Monqol mənşəli idi. O, Rəşidüddinin yazdığını demək olar ki, təkrarlamışdır.

Uyqurca “Oğuz xaqan” dastanında (14-cü yüzil), “Kitabi Dədə Qorqud”da, hətta Şaman dualarında qurd motivlərinə rast gəlirik. Ancaq bunlar bilavasitə” törəyiş” ilə bağlı deyildir. Bugün bütün Türk dünyasının dastan, əfsanə, nağıl və hekayələrində, deyimlərində qurd motivi yaşamaqdadır. 

Qurd motivi, qurd inancı sırf Türk təfəkkürünün, təməllərindən biri gerçəklik olan Türk düşüncəsinin, milli xarakterinin məhsulu və kəşfidir. Bu motiv tarixin ən əski çağlarında dünyanın müxtəlif xalqları tərəfindən Türk milli mədəniyyətinin digər sərvətləri ilə birgə mənimsənilmişdir. Bu mənimsəmə və Türk təsiri Hind-Avropa xalqları və başqa xalqlar ilə Türklərin ünsiyyəti, əlaqəsi nəticəsində mümkün olmuşdur. Yunan, İtalyan, Alman, Fin və digər Avropa xalqlarına aid əfsanələrdə, Amerika, Hind əfsanələrində qurd motivi vardır. Bu motiv Avropaya latınlardan öncə tarix səhnəsinə çıxan Etrusklar vasitəsilə keçmişdir. Latın-Roma mədəniyyəti isə Etrusk mədəniyyəti üzərində ucalmışdır. Dünya xalqlarının əfsanə və nağıllarındakı qurd motivinin Türk mənşəli olması gerçəyində dünyanın ən görkəmli, sözükeçər alimləri birləşirlər. 

Bozqurd dastanı, qurdla bağlı inanc bizim ölümsüz mədəni dəyərimiz, qürur və ilham qaynağımızdır. Bu qaynaq bizi bu gün də üfüqlərə, gözəl gələcəyə, yeni-yeni arzulara qanadlandırır. Türkün digər mədəni dəyərləri kimi həm də bəşəri anlam daşıyır. 

Bir şeyi də unutmamalıyıq: Əgər istəyiriksə milli dəyərlərimiz ləkələnməsin və oğurlanmasın, mənəviyyatımıza xain əllər uzanmasın, yeni haqsızlıqların qurbanı olmayaq, onda Türk tarixini, Türk mənəviyyatını ilk öncə Türkün Özü öyrənməli və yazmalıdır.

Not: “Azərbaycan” qəzetinin 1993-cü il 16, 17 fevral tarixli sayılarında dərc edilmiş və bir qədər esse xarakterli bu yazı ciddi elm adamlarının araşdırmaları əsasında hazırlanmışdır. Mövzunun güncəlliyini göz önündə tutaraq (hər bir xalqın yaradılış dastanı özünə görə güncəldir) bu yazının yazılarımın üzünə qapısını hər zaman açıq tutan “Ədalət”in səhifəsində yerləşdirilməsini istədim. 

Müəllif

Elman Cıvıroğlu