adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2025 20:46
57
SİYASƏT
A- A+

Bu müharibə onların deyil... - Səxavət Məmməd yazır

Rusiya Ukrayna müharibəsinin birbaşa Azərbaycana aidiyyatı olmasa da, dolayı yolla aidiyyatının olduğunu görürük. Necə?

70 illik SSRİ keçmişimiz var. Hər iki ölkədə də çoxlu sayda azərbaycanlı yaşayır. Hazırda davam edən müharibədə həm Ukrayna tərəfdən, həm də Rusiya tərəfdən döyüşən azərbaycanlılar var. Hər iki ölkənin ordusunda da kökü azərbaycanlı olan zabitlər mövcutdur. Hər iki ölkənin ordusunda rəsmi qaydada xidmət edən azərbaycanlılara rast gəlinir. Ancaq hər iki ölkənin ordusunda qeyri-rəsmi, daha dəqiq desək muzdlu azərbaycanlılar döyüşürlər. Hər iki tərəfdə də ölənlər, itkin düşənlər, xəbər alınmayanlar var.

Elə azərbaycanlılar var ki, onlar pul qarşılığında gedib döyüşür. Tərəflər kifayət qədər yaxşı məvacib verir. Ancaq Rusiya bu məsələdə bir qədər fərqli davranır. Araşdırmalar göstərir ki, qeyri-qanuni Rusiyada yaşayanların bəzilərini zorla, bəzilərini hansısa vəddlərlə, bəzilərinin isə qarşısına şərt qoyaraq cəbhəyə aparırlar. Şərt nədir? Misal üçün ya 10 il deportasiya olunursan, ya da müharibəyə gedirsən. Bəziləri Azərbaycana qayıtmaqdansa müharibəyə getəyə üstünlük verir. Niyə? Bunun səbəbini tapmalıyıq.

Son zamanlar öz ailə üzvlərini, qohum-əqrabasını axtaranların sayı ciddi artıb. Azərbaycan dövlətinə də bu yöndə əminəm ki, müraciətlər olunur. Məsələ ondadır ki, Azərbaycan dövləti bu müharibədə tərəf olmadığı üçün nə Rusiyadan, nə də Ukraynadan hansısa vətəndaşı ilə bağlı hesabat tələb edə bilməz. Maksimum sorğu göndərə bilər. Əslində Azərbaycan vətəndaşının da Azərbaycan dövlətindən hesabat tələb etməsi məntiqli deyil. Misal üçün Şimali Koreya vətəndaşı öz yaxını, itkin düşən, xəbər alınmayan ailə üzvü barədə öz dövlətindən hesabat tələb edə bilər. Niyə? Çünki o dövlət rəsmi olaraq Kursk əməliyyatlarında iştirak edib. Ancaq digər ölkələrlə bağlı məsələ anlaşılmazdır. Anlaşılmaz olması da doğrudur. Bu məsələdə hüquq da, dövlətlər də çarəsizdir. Rusiya, yaxud Ukrayna vətəndaşı olan azərbaycanlının müharibədə iştirakı qətiyyən məni maraqlandırmır. Nə olsun soydaşımdır, xarici ölkənin vətəndaşıdır.

Azərbaycan dövləti, QHT-lər, mətbuat, diaspora təşkilatları, politloqlar, ekspertlər bu yöndə yalnız maarifləndirici işlər apara bilər. Təbliğat apara bilərdi ki, müharibəyə getməyin, iştirak etməyin. Azərbaycanda baxıram bəziləri deyir ki, Rusiya tərəfdən döyüşməyə getməyin hamınızı Ukrayna qıracaq. Ukrayna güllə atır, Rusiya gül atır? Hər iki tərəfdən döyüşlərdə ölən xeyli sayda azərbaycanlı var. Bu günə qədər bir mətuat orqanından, bir diasporadan, bir politloqdan, ekspertdən müharibəyə getməkdən çəkindirməklə bağlı bir açıqlama, bir maarifləndirici yanaşma görmədim. O gün baxıram biri deyir, Ukrayna haqlıdır, biz haqqın yanında olmalıyıq, gedib Rusiya ordusuna qoşlub it kimi gəbərməyin. Yaxud, əksinə. Gedib Ukrayna tərəfində vuruşmayın, qırılacaqsınız, atom bombası ilə qoyub cırıq-cırıq edəcəklər sizi. Biri də bu tiplərin qulağından tutu demir ki, ay insan, ay danabaş sən nəyin təbliğatın aparırsan, nəyin qarşılığında bu təbliğatla məşğulsan? Bu adamlar həqiqətən elə bilir ki, camaat çörəyi qulağına yeyir? Birtərəfli təbliğat olmur. Şəxsən mənə həm Ukraynada döyüşən, həm də Rusiyada döyüşənlərin yaxınları zəng edib, ən azından nə etməli olduqlarını soruşublar.

Bəzilərinin ağlı 44 günlük müharibəyə gedib. O müharibədə sağ qalmaq ehtimalı böyük idi. Rusiya Ukrayna müharibəsində isə o ehtimal çox-çox aşağıdır. O gün bir video qarşıma çıxıb. Havada 10-15 dron var. Hansı dron, hansı ölkənindir heç orada döyüşənlər belə bilmir. Belə şəraitdə sağ qalmaq ehtimalı olar?

Ukrayna, yaxud Rusiya vətəndaşı olan azərbaycanlılara deyə biləcək bir sözüm yoxdur. Ancaq Azərbaycan vətəndaşı olanlar birdəfəlik anlamalıdır ki, bu müharibə onların deyil. Suriyadakı müharibədə də eyni hal yaşandı. Adam gedir cihada, sonra valideyinləri uşaq axtarır. İraq türmələrində nə qədər azərbaycanlı qadınlar, uşaqlar qalmışdı. İndi də eyni vəziyyət yaranıb. Əvvəl say az idi, o qədər gözə batmırdı, indi artıq itkin düşənlərin, xəbər-ətər bilinməyənlərin sayı artdığı üçün ölkədə yaxınını, doğmasını itirənlərin müraciətləri çoxalıb. Ona görə də, bu məsələdə maarifləndirici işə ciddi ehtiyac var idi. Hesab edirəm, xeyli gecikmişik. Yenə gec deyil, heç olmasa insanlara başa salmaq lazımdır ki, o müharibənin sənə heç bir aidiyyatı yoxdur. Sabah o adamların yaxınları gəlib dövlət qurumlarının qapısında yatacaq. Heç olmasa, bunun üçün edin.

Bir neçə dəfə yazmışam, mənim üçün Azərbaycanın olmadığı bütün müharibələr yazmaq, araşdırmaq, izləmək, danışmaq üçün obyektdir.