31 Oktyabr 2023 11:56
936
ƏDƏBİYYAT

“Cavidin əsərləri tamaşaya hazırlanan vaxt hər gün...”- Mişkinaz xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib. Növbəti yazını təqdim edirik:

Əvvəli ötən sayımızda...

“Abbas Mirzə Şərifzadə Cavidlə çox yaxın dost idi. Bizə tez-tez gələrdi. Oturub saatlarnan söhbət edərdilər. Bizim evindən içindən dama çıxmaq üçün pilləkən vardı. Damda xalça salıb balaca samovarı yanlarına qoyub oturardılar. 

Bir dəfə Mərziyə xanımla gəldi. Nahardan sonra Cavid üzünü Abbas Mirzəyə tutub dedi: 

- Abbas, səncə çayı harda içmək yaxşıdı?

O da üzünü pəncərəyə tutub gülə-gülə:

- Göy çadırın altında, parlaq ulduzların işığında. 

Mərziyə xanım gülüb dedi:

- Abbas, deyəsən, şairliyə keçirsən?

- Dayan, bir azdan sən də şairə olacaqsan. 

Xalçanı salıb samovarı qoydum. Doğrudan da Mərziyə xanımın çox xoşuna gəldi. 

Saat doqquzda Mərziyə xanım dedi:

- Abbas, Firəngizin yatan vaxtıdı. 

Abbas Mirzə əlini qaldırıb sayrışan ulduzları, al-əlvan elektrik lampalarını göstərdi: 

- Bir bax, yatanları oyatmaq lazımdı, nəinki sən oyaqları yatızdırırsan. 

Mərziyə xanım:

- Doğrudur, belə mənzərələrdən, işıqlı dünyadan minəsib qalan günlərimiz olacaq. 

Cavid dedi:

- Heç hənanın yeridi?

Gülüşdülər.

Abbas Mirzə Mərziyə xanıma:

- Dedim axı, sən də şairə olacaqsan. 

Saat on birə qədər oturdular. 

... Cavid sənəti və sənətkarı çox sevərdi. 

Cavidin əsərləri tamaşaya hazırlanan vaxt hər gün məşqlərə gedərdi. Abba Mirzə məşq zamanı bizə tez-tez gələrdi. Bəzi qeydlər götürər, məsləhətlər alardı. 

İsmayıl Hidayətzadə “Səyavuş”u hazırlayan vaxtdı. Bir gün Cavid evdə oturub işləyirdi. Bu zaman Abbas Mirzənin səsi eşidildi. İsmayıl Hidayətzadə ilə gəlmişdilər. Qapıdan daxil olan kimi salamdan əvvəl İsmayıl dedi: 

-Cavid əfəndi, sənin bu Səyavuşunu Kərşivəzdən əvvəl mən öldürəcəm. 

Abbas Mirzə: 

- Mən hazır, Qoy məni  dost öldürsün. 

Cavid:

- Unutma ki, dost yarası sağalmaz olur. 

- İsmayıl dedi: 

- Hə, atalar düz deyib: “Allah, sən məni dostlardan qoru, düşmənlə özüm bacararam”. 

Oturub xeyli söhbət etdilər”. 

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn